Uluxanlının Müqəddəs Novruz Qaranquşları…

Uluxanlı mahalında “Novruz”a fevraldan hazırlaşırdıq…

Bizim söhbətimiz qədim oğuz eli olan İrəvan xanlığı yaxılığında yerləşən Uluxanlı mahalının əzəli sakinlərinin folklorundan – adət-ənənələrindən olacaq. Yaşadığımız dövrün tələbinə uyğun olaraq, ən azından heç olmasa bundan sonra öz maddi, mədəni və mənəvi zənginliklərimizə layiqincə yiyəlk etməli, onları qələmə alıb yaymalı və gələcək nəsillərə ötürməliyik. Bu mədəni zənginliklərin bir qolu da folklor – adət və ənənələrdir. Bunlar əsasən xalqın içində uzun illər boyu yaranmış, yetişmiş və sonradan onun malına çevrilmiş zəndinlikdir ki, o da əsasən ağız ədəbiyyatı vasitəsilə nəsildən-nəsilə ötürülür, yaşayır. Lakin müxtəlif zamanlarda onlar məhz həmin xalqın iradəsindən kənar olaraq, yəni təbii şəkildə arzu olunmadan unudulur, it-bata düşür. Və xalqın ən qədim tarixi köklərə bağlı olması faktını sübut etməyə artıq yardımçı ola bilmir. Çünki folklor bir xalqın qədim köklərə mənsub olduğunu sübut edən ən vacib və dəyərli faktordur. O, həm də xalqın elmi dünyagörüşünün, təfəkkür tərzinin, fantaziya səviyyəsinin, əxlaqının və digər müsbət keyfiyyətlərinin inkişafına xidmət edir. Akademik Budaq Budaqov demişkən: “Folklor cəmiyyətə insani keyfiyyətləri kütləvi şəkildə aşılayır, həyat eşqini və həvəsini yüksəltmək məqsədi güdür. Bu baxımdan, folklor onu yaratmış hər hansı bir xalqın yaradıcı düşünmə qabiliyyətinin inikasıdır…”

Elə bu səbəbdən də fikrimcə, folklorun ağız ədəbiyyatından yazılı ədəbiyyata çevrilməsi üçün ən sadə kənd adamından, qocasından-qarısından tutmuş ziyalılara, tədqiqatçı-alimlərədək hamı zəngin irsi toplamağa, qoruyub saxlamağa borcludur.

“Mütərcüm” nəşriyyatında 2010-cu ildə nəşr olunmuş müəllifi olduğum “Orda bir el vardı…” kitabı da bu məqsədə xidmət edir. Çünki minillər boyu əzəli torpaqlarına yiyəlik etmiş Qərbi Azərbaycandakı Uluxanlı mahalının oğuz türk sakinləri artıq 22 ildir ki, zorla o ərazilərdən, o dədə-baba yurdlarından çıxarılıblar. Onlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb, yerli sakinlərlə qaynayıb-qarışmaqdadırlar. Bu da o deməkdir ki, həmin bölgənin adət-ənənələrinə uyğunlaşdıqca, yüzillər boyu yaşadıqları və yaşatdıqları adətlərdən uzaqlaşırlar. Nəticə etibarilə tarix üçün çox az hesab edilən cəmi 22 illik müddətin keçməsinə baxmayraq, artıq böyük bir mahalın sakinləri böyük bir milli zənginliyi, varidatı itirmək ərəfəsindədirlər.

Ən azından, mən də bir azərbaycanlı kimi, həmin mahalın sakini olaraq, Uluxanlının yaşlı nəsil nümayəndələrindən, gördüklərimdən, eşitdiklərimdən topladığım materialları kitab şəklinə salıb miras qoymağı üzimə borc bilmişəm.

Qeyd edim ki, qədim Uluxanlı mahalındakı 32 kəndin bütün adət-ənənələri bir-birinə oxşar idi. Odur ki, yaşı 1000 ildən yuxarı ehtimal edilən əsasən Aşağı Necili kəndinin folklorundan, adət-ənənələrindən söhbət açacaq və bununla da bütün Uluxanlı mahalının adət-ənənələri barədə sizdə təsəvvür yaratmağa çalışacağam. O adət-ənənələr öz gözəlliyi, qədimiliyi, mütəşəkkilliyi və intizamı baxımından ətraf kəndlərin adətlərindən ciddi şəkildə fərqlənmirdilər. Barəsində danışacağımız bu adətlərin kökləri lap qədimlərdən gəlsə də, söhbətimiz təxminən ötən əsrin əvvəllərindən bu tərəfi əhatə edəcək.

Bu günlərdə evdə oturub pəncərədən bayırı seyr edirdim. Martın ortaları. “Novruz” ərəfəsi. Lakin diqqətimi çəkən bir şey müşahidə edə bilmədim. Ancaq “cır” sərçələr cikkildəşir, bir də bir-birini tanımayan qaşqabaqlı insanlar yoldan keçirdilər. Nə müjdəçi qaranquşlar, nə yumurta döyüşdürən, qozları qatara qoyan uşaqlar, nə də onların mübahisəli, həyəcanlı səsləri eşidilirdi. Heç bayram tonqalı üçün yanacaq, çır-çırpı da tədarük edən uşaqları görmürdüm. Ancaq bəzi məqamlar məni daha dərin düşünməyə vadar etdi. Yazın gəlişi, baharın nəfəsi məni bir anlıq xəyalların qanadına alıb uzaqlara, özü də lap çoxdana – uşaqlıq dövrümə apardı. Doğma dədə-baba yurdum Uluxanlıya, Aşağı Neciliyə… Xəyalən oradakı xoş anları, “Novruz” ərəfəsini yaşadım. Gözəl adətlərimizi, artıq aramızda olmayan əziz insanları xatırladım, xatırladım… Heç bəlkə belə bir məqaləni qəzetə təqdim etmək fikrim də yox idi. Amma nədənsə xatırladıqca, o hissləri yaşadıqca, məndə belə bir qənaət yarandı ki, bu yaxın keçmişdə yaşadığımız xatirələri sizinlə bölüşüm, sizlərin hamısını elə bu vasitə ilə “Novruz bayramı” münasibətilə təbrik edim.

***

“Novruz bayramı”nın yaxınlaşması bizim kəndlərdə xüsusən qabarıq hiss olunurdu. Fevral ayının ortalarından başlayaraq bir qədər yağmursuz və günəşli havada qadınlar evləri təmizləməyə başlayardılar. Evin qapı-pəncərələri açılar, şüşələri yuyular, yorğan-döşək çölə sərilib havaya verilərdi. Divarlar ağardılar, ağacların gövdələri əhənglənər, həyət-baca, ev-eşik səliqəyə salınar, cidi təmizlik işləri aparılardı. Bu bayramqabağı hazırlığa “ev tökmək” deyərdilər. Bu artıq “Novruz” hazırlığının başlanğıcı idi. Yazın gəlməsini müjdələyən qaranquşlar kənddə görünəndə hamı sevinər, bir-birni muştuluqlayardı. Qaranquşun gəldiyini ilk görənlər hətta bir qədər bununla fərəhlənərdilər. O quşlar bir növ müqəddəs qəbul olunurdular bizim camaat tərəfindən. Onlar istədikləri yerdə – əsasən eyvanların, əl damlarının tavanlarında, evlərin damlarına yaxın divar çtlarında özlərinə yuva tikərdilər. Yuva üçün həmişə təmiz yer seçərdilər. Heç vaxt tövlə tavanlarında və yaxud başqa natəmiz yerlərdə yuva qurmazdılar. Evində qaranquş yuvası olan ev sahibi də fərəhlənər və bunu Allahın məsləhəti oluduğuyla əlaqələndirərdi. O yuvanı uçurmaq ən böyük günah sayılırdı. Hətta belə bir səhvə yol vermiş adamın bundan sonra nə qədər işləri bəd gətirsəydi, hamı onları onun günahının əvəzi kimi qiymətləndirərdi.

Yazın nəfəsi duyular-duyulmaz uşaqlar kənd ətrafındakı çöllərə düşüb, bənövşə axtarardılar. Açmış bənövşəni tapıb, dərib evə gətirmək və hətta bir-iki qonşuya da pay vermək uşaqların ən böyük sevincinə səbəb olurdu.

Bayram yaxınlaşdıqca qadınlar cürbəcür bişintilər- paxlava, şəkərbura və irəvan kətəsi bişirərdilər. Çoxlu sayda yumurta boyanardı. Səməni göyərdilərdi. Bayramqabağı qədim adətlərdən olan – yumurta döyüşdürmək, qozları yamacdan ötüşdürmək (qozları qatara qoymaq) uşaqların ən sevimli məşğuliyyəti olurdu. Bir neçə uşaq bir yerə toplaşıb yamac yerdə bir çubuğun arxasına qozları düzərdilər. Hər kəsin qoyduğu qoz tanınardı. Birdən o çubuğu götürərdilər. Çubuq qalxan kimi qozlar diyirlənib üzüaşağı gedərdi. Hansı qoz daha uzağa getsə, onun yiyəsi udmuş hesab olunar və bütün qozları götürərdi. Bundan əlavə, uşaqlar tez-tez toplaşaraq məhəllədə “havalla”, “hosdana”, “kəmərçıxartdı”, “çilik-dəstə” və s. oyunları da oynayardılar. Bunlardan əlavə, “yeddi daş”, “gizlənpaç”, “arada qalma” və s. oyunları da uşaqların sevimli oyunlarıydı ki, bu oyunlara artıq qız uşaqları da qoşula bilərdilər. Oğlan uşaqları iki dəstəyə bölünərək, bir qədər döyüşkən, müharibə xarakterli oyunlar (“kıx-kıx”) oynayardılar. Bunu da çox məharətlə və təbii oynamağa çalışırdılar.

Od çərşənbəsində yandırmaq üçün odun, ağac və s. tədarük edər, “şar”lar düzəldərdilər. “Şar”ları – köhnə əskiləri balaca top şəklində bərk-bərk büküb onu tez açılmasin deyə məftillə dolayıb, bir də göyə atmaq üçün 50-60 sm uzunluğunda məftildən qulp bağlamaqla düzəldərdilər. Onları axır çərşənbə günü neftə batırıb yandıraraq göyə atardılar. Şarlar özlərinə nefti yaxşı çəksin deyə, onları bir neçə gün əvvəl neft çəlləyinə sallayardılar.

Axır çərşənbə günü səhər insanlar ölülərini yad etmək üçün qəbiristanlığa gedər, qəbirləri ziyarət edər, “Yasin” oxutdurardılar. Günortadan başlayaraq hər kəs öz yaxınına “bayram payı” göndərərdi. “Bayram payı” – bir dərin boşqaba və yaxud siniyə yığılmış bayram çərəzindən və üzərinə qoyulmuş bir xələtdən ibarət olurdu. Bayram payı nişanlı qızlara oğlan evindən, gəlin köçmüş qızlara isə ata evindən göndərilərdi. Bu pay artıq bir neçə daha böyük sinilərdə, bəzədilmiş xonça şəklində olardı, buna “bayram xonçası” deyilərdi. Axşam hər məhlədə bir neçə yerdə böyük tonqallar yandırılar, insanlar onun ətrafına toplaşar, tonqalın üzərindən “ağırlığım-uğurluğum burda qalsın” və yaxud “…odda yansın” deyə-deyə atılardılar. Bu inanclara görə insanın bütün dərd-bəlasının, ağırlığının odda yanıb, burda qalıb gələn ilə, yeni ilə keçməməsi arzusunu əks etdirirdi. İnsanlar tonqal ətrafında şənlənər, havaya tüfəng atardılar. Bir qədərdən sonra evlərinə dağılışaraq dadlı-ləzzətli nemətlərlə bəzədilmiş süfrə ətrafına yığışardılar. Həmin gün plov bişirilməsi vacib idi. Artıq yavaş-yavaş qapı döyülər, “papaq atılmağa” başlayardı. Hətta bəzən bir qədər yaşlı insanlar da bu bayram axşamına məzə qatmaq üçün paltarlarını dəyişib, özlərinə bir qədər tanınmaz körkəm verib, evlərə papaq (bizlərdə buna daha çox “torba atmaq” deyilərdi) atar, qonaq gedər, digər məhlələrdəki tonqalların üstündən atılardılar. Əsasən, qız-gəlinlər niyyət edib qonşuluğa xəlvətcə qulaq asmağa gedərdilər. Buna el arasında “qapı pusmaq” da deyərdilər. Qapı və yaxud pəncərə arxasından eşidilən birinci cümlə və yaxud söz qulaq asanın ürəyindəki niyyətin yozulmasına istiqamət verərdi. “Qapı pusma”dan sonra kimisinin bayram əhvalına bir az da yaxşı ovqat qatılar, kimisi isə bir az bikeflənərdi. Bu mərasimlər təxminən gecəyarıyadək davam edərdi.

Baharın ilk günləri – əsasən, martın 21-22-si “görüş günü” adlanırdı. Bu günlərdə insanlar “bayramlaşmaq” üçün bir-birinin evinə gedər, yeni uğurlu il və xoş arzular diləyərdilər. Hörmət əlaməti olaraq ilk növbədə seyidlər, kənd ağsaqqalları və ağbirçəkləri yad edilərdi.

Bundan əlavə, yazın sonlarında nişanlı qızlara təzə çıxan meyvələrdən (çiyələk, gilas, göycə və s.) bir-iki xonça da göndərilərdi ki, bu da “nübar xonçası” adlanırdı. “Qurban bayramı”nda isə buynuzları qırmızı lentlə bağlanmış və bəzədilmiş bir qoç göndərilərdi. Qoçun alnına balaca güzgü də bağlayardılar. Qoçu gətirənlər üçün “stol açılar”, yeyib-içdikdən sonra xələt verib yola salardılar. Gəlin köçən ili isə belə bir qoçu “qurban bayramında” atası evi ona göndərərdi. Qoç kəsildikdən sonra ondan böyük bir pay (əksər hallarda yarı cəmdək) kəsib geri göndərərdilər.

Nişanlı və təzə evlənmiş oğlana isə qayınana “kürəkən qalını” bişirib göndərərdi. “Kürəkən qalını” Azərbaycanın müxtəlif bölgələrində “şirin çörək”, “külçə” və s. adlanır. Yoğrulub girdə şəklinə salındıqdan sonra onun üzərinə xırda, rəngbərəng olan yumru konfetlər (buna “yumru şirni” deyirdilər) və fındıq içi də vurulardı (basdırılardı). Siniyə bir neçə “kürəkən qalını” yığılar, üstünə də bəy üçün bir xələt qoyulub, xonça şəklində göndərilərdi. Görün, nə gözəl adətlərimiz var idi…
Beləliklə, Uluxanlıda fevraldan başlanan “Novruz” əhvali-ruhiyyəsi düz aprelin sonlarınadək davam edərdi… Bəzən el arasında belə bir söz də işlədərdilər:

“Tut çıxana qədər bayramdır”…
İndi o məhəllələr, o evlər çoxdandır ki, “Novruz” ab-havasını yaşamır. Oralarda artıq 22 ildir ki, tonqallarımız qalanmır. Təndirlərdən lavaş iyi, evlərdən plov ətri gəlmir. “Novruz” adətləri yaşanmır. Deyirlər, heç qaranquşlar da daha oraya gəlmir, bənövşələr də küsüb açmır. İndi nisgil dolu Uluxanlı var. Dərdini bölüşməyə doğma bir həmdəm axtarır, axtarır…

Əziz Oxucular! “Novruz bayramı” ərəfəsində hamınızı səmimi qəlbdən təbrik edir, yenidən əzəli torpaqlarımızda bayram tonqalları yandırmağımızı arzulayıram!

Hüseyn Xəzər

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button