Uorlik Fransanın Ermənistanla silah müqaviləsini qınayıb

Yayımlandı: 25 İyun 2024 11:47

“Sülh müqaviləsi imzalamağa yaxın olduğumuz bir vaxtda Fransanın bu addımı qıcıq yaradır”

2013-2016-cı illərdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olmuş Ceyms Uorlik Ermənistanın Fransadan silah almasının Yerevan-Bakı münasibətlərində qıcıq yaratdığını düşünür.

Ermənistanın “News.am” saytına müsahibə verən diplomat deyib ki, Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var:

“Ancaq biz sülh müqaviləsi imzalamağa yaxın olduğumuz bir vaxtda Fransanın bu addımı Ermənistanla Azərbaycan arasında münasibətlərdə qıcıq yaradır”.

Onun fikrincə, Fransa Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi:

“Təəssüf ki, biz sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”.

Ceyms Uorlik. Foto: news.am-dan screenshot

İyunun 18-də Yerevan və Paris “CAESAR” özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıb.

Azərbaycanın Müdafiə Nazirliyi Parisin bu addımını Cənubi Qafqazda təxribatçı fəaliyyət kimi qiymətləndirib.

2023-cü ilin oktyabrın 22-də Ermənistanla Fransa arasında hərbi saziş imzalanıb.

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə iki ölkə arasında müdafiə əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər:

2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi yekunlaşdırılıb, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button