Urmiyanın quruması Naxçıvanı, Bakını da vuracaq!

Mahmud Bilgin

10 milyard duzun altında qalacağıq!

 Mahmud Bilgin: «Biz daxildə də, xaricdə də fars rejiminə qarşı döyüşürük»

 Mahmud BilginGüney Azərbaycan Demokratik Partiyasının sözçüsüdür. 24 ildir ki, mühacirət həyatı yaşayır, bunun 17 ilini Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fəaliyyətə həsr edib.

Bu partiya haqqında demək olar ki, heç bir məlumatımız yoxdur. Bəlkə də «Güneyin dərdlərinə az yer verirsiniz» deyə Quzey mətbuatını qınayanlar haqlıdırlar.

Eləsə, Mahmud Bilgindən bilgi alaq:

 

– Partiyanız xaricdə də fəaliyyət göstərirmi?

– Xeyr, Güney Azərbaycan Demokratik Partiyası əsasən Güneydə fəaliyyət göstərir. Lakin xaricdə, Qərbin ən nüfuzlu şəhərlərində kifayət qədər gücümüz var. Milli mədəniyyət və siyasi fəaliyyətlə məşğuluq.

– Güney Azərbaycan Demokratik Partiyasının sədri kimdir?

– Partiyamız Güneydə fəaliyyət göstərdiyindən, belə razılığa gəlmişik ki, onun kimliyini açıqlamayaq. Özünüz bilirsiniz ki, o cür rejimlərdə partiya sədri hər zaman təhlükə ilə üz-üzə olur. İçərinin ən böyük təşkilatı Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatıdır (GAMOH).

– Çöhrəqanlının başçılıq etdiyi hərəkat?

 

Problemlər Çöhrəqanlı ilə bağlı idi

 

– Bəli. Biz xaricdə GAMOH-u Çöhrəqanlı ilə bir yerdə yaratdıq. İçəridə var idi, amma xaricdə də yaratdıq. 8 il Çöhrəqanlı ilə bir yerdə GAMOH-un üzərində işlədik. 2008-ci ildə onunla ayrıldıq. Qüvvələr dağılmasın deyə, sonra biz Demokratik Partiyanı qurduq. Sonradan GAMOH-un öz içərisində problemlər oldu və  həmin problemlər də birbaşa Çöhrəqanlı ilə bağlı idi. GAMOH Çöhrəqanlı ilə razılaşmadı və o, istefa verdi. Ondan sonra GAMOH-un mərkəziyyəti həbs edildi və Çöhrəqanlı yenidən qayıtdı ki, mərkəziyyət etkisiz və  yetkisiz olduğu üçün mən yenidən onun lideriyəm. Ancaq mərkəziyyətin çoxluğu yenidən azadlığa çıxandan sonra siyasi xəttini ayırdı və Yeni GAMOH yarandı. Biz Yeni GAMOH-la çox səmərəli fəaliyyət göstərdik və gələcəkdə də onunla birləşməyi planlaşdırdıq.

– Yəni Yeni GAMOH-la Güney Azərbaycan Demokratik Partiyasının birləşməsi məsələsi gündəmdədir?

– Bəli.

– Amma Çöhrəqanlı yenə də əvvəlki GAMOH-dadır?

– Bəli.

– GAMOH-un bölünmüş yeni hissəsi sizin yanınızdadır?

– Xeyr, biz onların yanındayıq. Bizim Güneydə olan liderlərimiz əsasən gənclərdən ibarətdir. Mehribəyli, Lətif Həsənli, Əkbər Azad, Pinar, Suna və s. Bizim demək olar ki, Güneydə olan liderlərimiz hərəkatı yürüdür. Mənim üçün də çox iftixarverici haldır ki, bir təşkilat olaraq onlarla birləşməkdə qərarlıyıq və bir yerdə mübarizəmizin də uğurlu olacağına inanıram.

 

Biz Sabir Rüstəmxanlının DAKı ilə işləyirik

 

– DAK-larla münasibətiniz necədir?

– Bu günlərdə Sabir Rüstəmxanlının da iştirak etdiyi DAK İdarə Heyəti ilə iclasımız keçirildi. Orada da dedim ki, mən DAK-ı ictimai təşkilat bilirəm. DAK-ın özəyinin Quzey Azərbaycanda olduğunu nəzərə alsaq, onun siyasi təşkilat olmasını da məqsədəuğun hesab etmirəm. Əgər DAK Güney Azərbaycandan, Urmi gölündən danışırsa, başqa problemləri önə gətirirsə, o baxımdan bu quruma siyasi təşkilat kimi baxmaq düzgündür. Biz rəsmi olaraq Sabir Rüstəmxanlının sədr olduğu DAK-ı qəbul edirik. Onlarla da münasibətlərimiz çox yaxşıdır. İstərdik ki, daha geniş əlaqələr quraq. Lakin ortaya parçalanma məsələsi çıxanda da onun mahiyyətini tapıb, aradan qaldırmaq daha yaxşı olardı. Çünki birlik olan yerdə güc də var. Biz DAK-ın kifayət qədər aktiv fəaliyyət göstərdiyini düşünürük və bir yerdə işbirliyi yaratmaq zərurəti ortaya çıxdığı andan bunu qəbul etməyə hazırıq.

Nə mənada işbirliyini nəzərdə tutursunuz?

– İnsan haqlarının müdafiəsi ilə bağlı, dünya  azərbaycanlılarının pənah gətirə biləcəyi bir təşkilat baxımından ortaya qoyulan problemlərdən çıxış yolu axtarmaq məsələləri və s. Urmi gölü ilə bağlı məsələnin gündəmə gətirilməsində bu təşkitlatın az rolu olmayıb. Xaricdə diaspor məsələsi, KİV-lə işləmək, lobbiçilik və s. kimi məsələlər də gündəlikdə durur. Bizim bu sahədə gördüyümüz müəyyən işlər var və gələcəkdə bunu daha da inkişaf etdirmək niyyətindəyik.

– Belə çıxır ki, Əhməd Obalı ilə qarşı cəbhələrdəsiniz. Yəni Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da vahid birlik yoxdur…

– «Qarşı cəbhə» desək, bir az ağır olar. Çünki hər birimizin içində yeganə hiss var ki, Güney Azərbaycan qurtarmalıdır. Ola bilsin, içimizdə müəyyən düşüncə ayrılıqları, problemlər olsun. Ancaq mənə elə gəlir ki, bütün bunlar qardaş problemləridir. Onların hər biri dost və qardaşdırlar. Dost və qardaşlar ilə də fikir ayrılığı ola bilər. Uzun illər onlarla bir yerdə olmuşuq, xaricdə toplantılar keçirmişik. İnanıram ki, lazım olan məqamda hər birimiz yenidən birləşəcəyik və bu dəfə heç kəsdə fikir ayrılığı olmayacaq. Çünki bizim hər birimiz Güney Azərbaycanın dərdlərinə yanan insanlarıq.

– İranda baş verən hadisələrdən nə gözləyirsiniz? Ciddi dəyişikliklərin olacağına inanırsınızmı?

 

Bu, Hərəkata qarşı İranın məkriydi

 

– Bilirsinimi, Ərəb Baharı yaranandan qabaq Güneydə, 2006-cı ildə böyük bir hərəkat – türkçülük hərəkatı olmuşdu. On milyonluq qiyam olmuşdu və Güneyin tansionunu ortaya qoymuşdu ki, bizim milyonluq gücümüz var. Tək qüvvədir ki, siyasidir və İran rejiminə alternativdir. Yaşıl Hərəkatçılar özlərini göstərdilər, habelə nə sağçı, nə də solçuların Güney Azərbaycanda təsiri yoxdur. Güney Azərbaycan Milli Hərəkatı birbaşa millətçi və Azərbaycanın gələcəkdə böyük bir siyasi qüdrətə çevirə bilən və böyük transferi olan qüvvədir. Ərəb dünyasında baş verən inqilablar müsəlman ölkələrini fəth edərək bizim ölkəyə də yaxınlaşır. Tunis, Misir, Yəmən, Bəhreyn, Livandan sonra yavaş-yavaş Suriyaya çatır. Suriya İranın demək olar ki, tək strateji dayaq ölkəsidir. Suriyanın demokratik ölkələri keçməsi İran üçün bir ölkələrarası zərbədir. Ona görə də İran çoxmilyardlıq pul hesabına çalışır ki, Bəşər Əsəd yerində qalsın və inqilab ona təsir etməsin. Amma bütün dünya bilir ki, Bəşər Əsədin ömrü çox qısadır və proses artıq başlayıb, onun qarşısını almaq qeyri-mümkündür. Bəşər Əsəd  gedəndən sonra növbə İranındır. İran da bunu bilir. Ona görə bu həssasiyyəti göstərir. İranda bu hadisə baş verərkən, o məsələ gündəmə gələcək ki, İranın bütövlüyü qorunsun, ya da qorunmasın. Bu gün dinc qüvvələr İranın sərhədlərinin qorunmasında maraqlı olsalar da, ölkə daxilində baş verən hadisələr onu deməyə əsas verir ki, əgər bizim İran çərçivəsində haqlarımız tanınmasa, biz İranın bütövlüyünə qatlanan qüvvə olmayacağıq. Bizim hərəkatımız milliyyətçi, türkçü hərəkatdır. Əgər Yaşıl Hərəkat, İranın başqa demokratik hərəkatları bizim hərəkatı tanısalar və bizimlə dialoq qurmağa çalışsalar, bizim ortaya qoyduğumuz istəkləri yerinə yetirsələr, bəlkə danışıqlara razılıq verərik. Onlar bizim indiyədək göstərdiyimiz gücümüzü görüblər. Hərəkatımızı da görüblər, boykotumuzu da… Elə Urmi gölü ilə bağlı apardığımız mübarizəni də… Bizim hərəkata qarşı fars rejiminin açıq, çirkin planı idi Urmi məsələsi. Bu planı hakimiyyət, fars rejimi əvvvəlcədən işləyib hazırlamışdı. Bu plan bir çox ərəb ölkələrində də işləmişdi. Əhalinin sıx yaşadığı ərazilərdə həyata keçirilən bu plan əsasında insanları didərgin salır və başqa millətlərlə qarışıq olan ərazilərdə yaşamağa vadar edirdilər. Onların planına əsasən, Urmi gölünə gələn 18 çaya 35 bənd vurmaqla, gölü saxlayan 80 faiz suyu qurutmuş olurdular. Yarım milyon kub metrlik su həcmi həmin çaylardan qaynaqlanır. Bu gölün illik su ehtiyacı 7 milyon kub metrdir. Bir milyon yarımı da yağışla, yeraltı qaynaqlardan qaynaqlanır. 5 milyon yarım kub metr yağış suyundan gölə daxil olmağa imkan vermirlər. Əkinçiliyə yardım göstərmək adı ilə suyu qurudurlar. Biz əvvəlcə düşündük ki, bəlkə məramları həqiqətən də yaxşıdır. Amma sonra gördük ki, yox, bunlar köhnə niyyət və xislətlərini bu yolla həyata keçirməyə çalışırlar. Bizim hərəkat insanları oyatdı və həqiqəti onlara çatdırdı. Üç il bundan qabaq – 2008-ci ildə Mahmud Əhmədinejat Urmiyaya gələndə dedi ki, 2,5 milyard dollar Urmi gölündən əkinçilik məqsədləri üçün istifadə edilməsinə pul ayırırıq. 2008-2011-ci ilə qədər bunlar bir sent də xərcləmədilər. Təbii ki, bunlar bənd vurub gölə gələn suyun qarşısını alırlarsa, hansı əkinçilikdən söhbət gedə bilər? Sonra da öz içlərində olanlar ortaya bir layihə çıxardılar ki, bu göl qurudulur, iki-üç ildən sonra artıq baş verəcək milli faciənin qarşısını almaq mümkün olmayacaq. Bu parlamentdə dedilər ki, bu layihəyə baxmağa vaxtımız yoxdur. Bu necə dövlətdir ki, bu cür məsələlərə həssasiyyət göstərmir?

– Sonra nə ola bilər?

 

Hamınızdan yardım gözləyirik

 

– Bu göl şordur. Dünyanın ikinci şor dənizidir. İsraillə İordaniyanın arasında bir Ölü dəniz var. Həmin dənizdən İsraillə İordaniya hər il milyardlarla dollarlıq gəlir götürürlər. Orada şərait yaradıblar, dəniz heyvanları saxlayırlar və s. Bizim göldən də yaxşı mənfəət götürmək olar. Amma o gölü bizim başımızın bəlasına çevirmək istəyirlər. Göl də quruyan kimi ilk növbədə orada 10 milyard tonluq duz yığılacaq. Bir yel, tufan əssə, bütün ərazi torpaqlarını şoranlığa çevirəcək. Hətta Naxçıvan tərəfə də gəlmə ehtimalı var, bütün Van bölgələrinə də təsir göstərəcək. İnsanlar çörəyini torpaqdan çıxarırlar. Təbii ki, o ərazilərdə insanlar yaşamaq istəməyəcəklər və didərgin düşəcəklər. Bu bəladan hətta Bakı da yan keçə bilməyəcək. Ona görə istəyimiz odur ki, həm Quzey Azərbaycanın hakimiyyətindən, həm KİV-indən, həm siyasətçilərindən, ekoloqlarından, digər mütəxəssislərindən bu plana qarşı bir etiraz dalğası olsun. Onlar da bizim kimi bu hadisəyə bir milli faciə kimi baxarlarsa, heç bir rejim onu həyata keçirə bilməz. Bu nə İranın, nə də ayrılıqda bizim məsələmizdir. Bu ümumbəşəri bir məsələdir. 1967-ci ildə Urmiya gölü YUNİSEF-in kitabına düşüb və milli qoruq statusu daşıyır. Dünya buna etiraz etməlidir. Təəssüflər olsun ki, bu gün İran öz məkrli niyyətlərini planlı şəkildə həyata keçirərək, onu qurutmağa çalışır. 10 min illik yazılı tariximizdə bir dəfə də olsun Urmiya gölü təbii olaraq qurumayıb.

Həm də Urmiya gölü bizim mədəniyyətimiz və varlığımızdır. Onun silinməsinə biz necə imkan verə bilərik?! Bizim yüzlərlə insanımız zindanlarda çürüyürlər, amma buna etiraz əlaməti olaraq aclıq aksiyası keçirib, ölüm-dirim savaşına qalxırlar. Ona görə Azərbaycan hakimiyytəindən açıq xahişimiz budur ki, İran dövlətinə açıq ultimatum versin. XİN bəyanat versin. Ekologiya Nazirliyi tərəfindən bir komissiya yaradılsın və onlar da gündəlik olaraq Urmiya gölü ilə bağlı təhqiqat aparsınlar. Bu İranın daxili məsələsi deyil. Birbaşa qonşu dövlətlərin də məsələsidir.

– Sizin çağırışlarınıza Azərbaycan hakimiyyəti tərəfindən hər hans bir reaksiya verilibmi?

– Son günlər parlamentdə 4-5 millət vəkili bu məsələyə çox müsbət yanaşdılar və biz buna çox sevindik. İlk dəfədir Azərbaycan parlamentində Quzey Azərbaycan məsələsi qaldırıldı. Bir şey də var ki, İran hakimiyyəti hər zaman Azərbaycan hakimiyyətinə qarşı çox məkrli və planlı siyasət aparır. Burada müxtəlif təxribatlara gedir, Azərbaycanın güclənməsinə imkan vermir, daim təzyiq göstərir. Ona görə də Azərbaycan da rəsmi olaraq öz sözünü deməlidir.  Burada hamı, hər kəs ayağa qalxmalıdır.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button