USAİD Azərbaycanda vətəndaş cəmiyyətinin ciddi tənəzzülə uğradını bildirir

Son üç ildə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti bütün göstəricilər üzrə pisləşməkdə davam edib.

Hökumət özbaşına olaraq QHT-lərin fəaliyyətinə müdaxiləni, hüquq müdafıəçilərinin və siyasi fəalların təqib olunmasını, fəalların xaricə səfərlərinə qadağaların qoyulmasını və onların bank hesablarının dondurulmasını davam etdirir. Bu barədə USAİD-in dünyada vətəndaş cəmiyyəti strukturlarının davamlılıq indeksi barədə hesabatında deyilir.

Hökumətin vətəndaş cəmiyyətinə belə yanaşması Azərbaycanın beynəlxalq qurumlarda iştirakına problemler yaratmaqda davam edib. 2017-ci ilin martında Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərindən (MSŞT) çıxdığını bəyan edib. Bundan öncə isə 2016-cı ilin oktyabrında vətəndaş cəmiyyətinə normal şərait yaratmağa qadir olmadığına görə MSŞT İdarə Heyətindən xaric edilib.

Vətəndaş sektoruna əngəl törədən faktorlar arasında mənfi hüquqi mühit göstərilir. Son ildə bu mühit daha da sərtləşdirilib, maliyyə əməliyyatlarına və hüquqi xidmətlərə məhdudiyyətlər tətbiq edilib.

2014-cü ildə bir neçə yerli və xarici QHT-yə qarşı qaldırılan “QHT işi” indiyədək bağlanmayıb, halbuki, qanun cinayət işlərinin on iki aydan çox açıq qalmasını qadağan edir.

Hökumət öz tənqidçilərini təqib etmək və dindirmək üçün bu işdən istifadəni davam etdirib.

Demək olar ki, bütün müstəqil QHT-lər daim izləndiklərini bildirirlər. Bəzi QHT və KİV nümayəndələri xarici səfərlərə qadağalarla üzləşir, onların çoxu (20-yə yaxın adam) hər dəfə sərhəddi keçərkən alçaldıcı axtarışa məruz qalır.

Xarici qrantların alınmasına qadağa faktiki olaraq qüvvədə qalır. Çünki Ədliyyə Nazirliyi onları qeydiyyata almaqdan imtina edir.

Üç il öncə Azərbaycanda xarici QHT-lərin qeydiyyatı qaydaları sərtləşdirilib. Bundan sonra çoxları Azərbaycanı tərk ediblər və qeydiyyatdan imtina səbəbilə geri qayıda bilmirlər.

Son bir neçə ildə 50-dən çox beynəlxalq təşkilat öz ofislərini bağlayıb və USAİD və Avropa İttifaqının maliyyələşdirdiyi layihələri dayandırıb. Ona görə də Azərbaycanda QHT-lərin üçdə iki hissəsi öz fəaliyyətini dayandırıb, qalanları isə ancaq kağız üzərində mövcuddur.

Dövlət maliyyələşməsi mahiyyətcə yerli QHT-lər üçün yeganə qrant mənbəyi sayılır. Lakin müstəqil QHT-lər dövlətdən maliyyə vəsaiti almır.

Ölkədə söz azadlığının sərt məhdudlaşdırılması fonunda KİV də analoji durumdadır. KİV bir çox hallarda dövlət dəstəyindən asılıdır. Hökumət mükafatları, qrantları, medalları, hətta mənzillər də loyal KİV nümayəndələrinə verir ki, bu da mətbuat üzərində nəzarətin olduğunu göstərir.

Tənqidçi KİV və ayrı-ayrı jurnalistlər təqiblərə məruz qalır, Qərb və ermənilərlə iş birliyində ittiham olunur, dövlətə xəyanətdə ittiham olunur, “beşinci kolon” adlandırılır.

Bəzi hökumətynlü media, məsələn, haqqin.az “xoşagəlməz xəbərlər carçısı” reputasiyasını qazanıb. Çünki bir qayda olaraq, barəsində yazdığı fəallar sonradan bir neçə gün ərzində dindirməyə və məhkəmə təqiblərinə məruz qalır.

Hökumət hüquq müdafiəçilərinə və fəallara, jurnalistlərə, əsasən də beynəlxalq birliklə əməkdaşlığı davam etdirənlərə təzyiq aləti kimi sosial mediada istifadə edir. Hakimiyyət onların akkauntlarını “sındıraraq” onlara qarşı trol ordusundan istifadə edir.

Hesabat müəllifləri təhlilə yekun vuraraq Azərbaycanı vətəndaş cəmiyyətinin vəziyyətinə görə MDB ölkələri arasında sonuncu yerə qoyublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button