USAID rəhbəri Yerevandan sülh çağırışı edib

Yayımlandı: 11 İyul 2024 14:14

“Ermənistan çoxillik münaqişə fonunda sülh müqaviləsinə yaxındır”

İyulun 9-da Yerevanda səfərdə olan USAİD-in (United States Agency for International Development) administratoru Samanta Pauer deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi astanasındadır.

Mətbuat konfransında çıxış edən Pauer deyib ki, on illərlə davam edən gərginliyə və zorakılığa məruz qalmış iki ölkə arasında cari danışıqlarda irəliləyiş var:

“Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışığa yönələn danışıqlar aparmağa davam edirlər”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistanın bu tarixi məqamdan istifadə etməsinə kömək etmək üçün əlindən gələni edəcək.

Samanta Pauer onu da qeyd edib ki, Vaşinqton dinc nizamlanmaya kömək etməyə sadiqdir.

USAID rəhbərinin açıqlamaları diplomatik səylərin canlandığı vaxtda səslənib.

Hazırda hər iki ölkənin 1990-cı illərin əvvəllərindən davam edən problemləri həll etməyə çalışdığı bildirilir. Amma bəzi problemlər də qalır. Belə ki, Azərbaycan hökuməti istənilən sülh sazişi üçün vacib ilkin şərtini belə açıqlayır: Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilərə iddiaları özündə əks etdirən bəndi Konstitusiyasından çıxarmalıdır. Əks halda heç bir sülh müqaviləsi imzalanmayacaq.

Pauer  öz iradlarında bu şərtə birbaşa toxunmayıb, bunun əvəzinə daha geniş barışıq mövzusuna və  sülh müqaviləsi potensialına diqqət yetirib.

“Bu, tarixi məqamdır”, – deyə o təkrar edib və hazırkı diplomatik impulsun münaqişə tsiklini pozmaq üçün nadir imkan yaratdığını ehtimal edib.

ABŞ uzun müddətdir ki, Cənubi Qafqazda vasitəçilik rolunu oynayır.

 Rəsmi Vaşinqton strateji baxımdan əhəmiyyətli, lakin geosiyasi rəqabətlə dolu regionda sabitliyə yardım etmək üçün öz nüfuzundan istifadə etdiyini açıqlayıb.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilir.

Bu danışıqlarda həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button