ÜST-nin Rusiya ofisinin rəhbəri yeni virus təhlükəsinin gözlənildiyini deyir

Yayımlandı: 12 İyun 2024 13:55

Azərbaycanlı həkim real təhlükə görmür, bunları “baş qatan” fikirlər sayır

Bəşəriyyətin yeni naməlum bir xəstəliklə üz-üzə olduğu iddia edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib ki, “Covid” pandemiyasından sonra yeni bir  “X xəstəliyi” gözlənilir və dünya buna hazırlaşmalıdır.

Onun sözlərinə görə, dünya alimləri, epidemioloqlar, səhiyyə ekspertləri təhlükənin real olması fikri ilə razılaşırlar.

“Bəşəriyyət kifayət qədər dəhşətli, çox sayda insanın həyatına son qoymuş ağır COVID-19 pandemiyasından yeni qurtulub. Pandemiya ölkələrin iqtisadiyyatının və bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərib. Məhz buna görə də “X xəstəliyi” narahatlıq və geniş müzakirələrə səbəb olub”, – Batır Berdıklıçev deyib.

Azərbaycan Həkimləri Birliyinin sədr müavini, radioloq-həkim Aydın Əliyev Meydan TV-yə deyir ki, Batır Berdıklıçevin açıqlamasında hazırda real təhlükə törədəcək xəstəlik və ya vəziyyət mövcud deyil:

Bilirik ki, bəşəriyyət pandemiyadan, epidemiyadan heç vaxt sığortalanmayıb. Xüsusən də virusları məhv edəcək dəqiq bir dərman preparatı yoxdur. İnsan virusa yoluxanda, müalicənin məqsədi orqanizmin immunitetini gücləndirib, viruslara qalib gəlməsini təmin etməkdir. Bu baxımdan belə bir təhlükələr hər zaman var. Ancaq Batır Berdıklıçevin söylədiklərindən real təhlükə olmadığını əminliklə deyə bilərəm. Onun söylədikləri daha çox baş qatmaq üçün söylənilən fikirlərdir”.

“X xəstəliyi” epidemiyaya və ya pandemiyaya səbəb ola bilən nəzəri naməlum patogenin adıdır.

ÜST tərəfindən 2018-ci ilin fevralında dərman və ya müalicə vasitələrinin təcili işlənib hazırlanmasını tələb edən patogenlər və xəstəliklərin siyahısı üçün qəbul edilib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan milyonlarla insan həyatını itirib.

2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı dünyada COVID-19 pandemiyasının sona çatdığını elan edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button