Üsyan dalğası

Bəydadaş Cəfərli

Azadlığın qatarı yaxın Şərq səfərinə,
Çıxıb qətiyyət ilə ərəblərin xeyrinə.

Sədası yayılıbdı dərələrə, düzlərə,
Bu qatar keçən yerdə sevinc qonur üzlərə.

Padişahlar çevirib ölkəsini virana,
Bu qatarın məqsədi yox deməkdi tirana.

Yoxsullar çəksələr də hər cürə əziyyəti,
Tiranlara yetişir məmləkətin sərvəti.

Etiraz edən olsa təhqirlərə, hədyana,
Gülünc bəhanə ilə atacaqlar zindana.

Vay o günə, bir nəfər haqqı üçün dillənə,
Onu məcbur edərlər küçələrdə dilənə.

Qumara qoyulubdu ölkə müqəddəratı,
Rəzalətə bürünüb milyonların həyatı.

Saya salan tapılmır qanun adlı kitabı,
Millətin əziyyətə daha tükənib tabı.

Əhali həsrət qalıb bir parça duz-çörəyə,
Padişahlar dönüblər tərs fırlanan fələyə.

Bərbad hala qoyublar məmləkətdə təhsili,
Alimlərin təşvişi itiribdi təsiri.

İşdən kənar edirlər ədalətli hakimi,
Ömürlük həbs edirlər istəsələr hər kimi.

Sağalası deyildi səhiyyənin mərəzi,
Məhv etməkdi ölkəni tiranların qərəzi.

Milyonları silirlər ordunun hesabına,
Nəzarət edən yoxdur haqq-hesab kitabına.

Neft-qaz ölkəsində neftin, qazın qiyməti,
Gətirir eşidənə təəccübü, heyrəti.

Gülüş hədəfi olub seçki adlı məzhəkə,
Cinayət edənlərə yox qanundan təhlükə.

Beləsinin əliylə ölkə olur tarı-mar,
Əyriyə düz deyənlər düzü edir nahamar.

Dözümlü Allahın da səbr kasası daşdı,
Haqdan gələn bu səda seltək məcralar aşdı.

Azadlığı uğrunda millət doldu meydana,
Azadlıq düşmənləri əl atırlar böhtana.

Toplaşanda bir yerə bir məqamda el gücü,
Əlbəttə ki, olacaq dağlar yıxan sel gücü.

Xalqın içindən çıxan öndə olsa bir nəfər,
Azadlıq qatarının hər vağzalı haqq, zəfər.

Müəmmər Qəddafiyə son məktub!

Rüşvətxorluq möhürdü ləkəli şərəfinə,
Pullar çıxıb əlindən öz hayında qalmısan.
Müxalifət hər yanı çəkibdi tərəfinə,
Ölkə əlindən çıxıb sarayında qalmısan.

Fransada bir dəfə seçirlər prezidenti,
O da layiqli edir ölkəsinə xidməti,
ABŞ-da iki dəfə prezidentlik müddəti,
Sonra çıxıb gedirlər, sən payında qalmısan.

Ən böyük mədəniyyət istefanın özüdür,
Get deyirlər, getginən, bu, dünyanın sözüdür,
Çıxarılan gözə bax, qardaşının gözüdür,
Seçimin tükənibdir, pis tayında qalmısan.

Haqdan icazəsi var xalq başlayan tədbirin,
Sonun dar ağacıdır, çatacaqmı səbirin,
İndi göydə fırlanır əldən çıxan xəlbirin,
Ələyin ələnibdi, hayhayında qalmısan.

Ölkənin sərvətidir – nefti, qazı satmısan,
Karrupsiya zibildi, xitdəyəcən batmısan,
Dövran dəyişməkdədir, sən nə yaman yatmısan,
Atlan od çərşənbəsin, mart ayında qalmısan,

Bir-bir taxtından düşür bütün saqqaldaşların,
Halvasın bişiriblər səntək ağlı çaşların,
Əyilib dodaqların, çatılıbdı qaşların,
Bu hava sənlik deyil, bəd oyunda qalmısan.

Get deyirlər, getginən, ölkəni tərk etginən,
Gedənləri ötginən, sözümü dərk etginən,
Ayıbını örtginən, Səddamı görk etginən,
Bəd niyyətin, inadın girovunda qalmısan.

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button