Üsyankar iş adamı «Xural»da yazılanlara reaksiya verdi

Nurəddin Zülfüqarlı

“Mən Azərbaycanı sümürməyə gəlmiş Paolo Pərvizi iş adamı saymıram»

 Nurəddin Zülfüqarlı: “Türkiyədə azərbaycanlı iş adamlarının toplantısından xəbərsizəm”

 Zavodları əlindən alındıqdan sonra Türkiyəyə sığınan iş adamı Nurəddin Zülfüqarlı mətbuatda haqqında gedən bir məlumatla bağlı açıqlama verib: “Azərbaycan mətbuatının hərtərəfli informasiya yaymaq cəhdlərinə, müxtəlif mövzulara toxunmasına hörmətlə yanaşıram. Amma bu günlərdə “Yeni Müsavat” qəzetində «Azərbaycanlı milyonçuları Türkiyədən qovun»  adlı yazıda qeyd edilən azərbaycanlı iş adamlarının qardaş ölkədə toplantısının keçirilməsi və mənim də ora qatılmağım barədə məlumatın yanlış olduğunu deməyə məcburam. Həmin yazıda deyilir ki, azərbaycanlı iş adamları İstanbuldakı «Doubletree by Hilton İstanbul» hotelində görüşüblər. Yazıda o da var ki, toplantıya əslən Cənubi Azərbaycandan olan ABŞ vətəndaşı Paolo Pərviz, rusiyalı iş adamı Sakit Allahverdiyev, zavodları əlindən alınan və Azərbaycandan didərgin salınan iş adamı Nurəddin Zülfüqarlı, hətta Telman İsmayılov da qatılıb. Yazıdan bilinir ki, bu məlumatı daha əvvəl “Xural” qəzeti yayıb. Hər iki qəzetin Oxucularına tam səmimiyyətlə və məsuliyyətlə söyləyirəm ki, heç vaxt həmin hoteldə olmamışam, deyilən bir toplantıdan xəbərsizəm, ora dəvət almamışam və iştirak etməmişəm. Həmin adamlarla da hər hansı bir əlaqəm yoxdur. Mən bildiyimə görə, belə toplantı ümumiyyətlə olmayıb, olubsa da mən ondan xəbərsizəm və orada iştirak etməmişəm. Yoxsa hər hansı bir toplantıda iştirakımı danmaram və bunu mətbuata açıqlamadan çəkinmərəm. Bundan öncə “Azadlıq” qəzetinə verdiyim müsahibədə mənə sual etmişdilər ki, Türkiyədəki iş adamları ilə əlaqələrim varmı və onlar ölkəmiz barədə nə düşünür? Həmin suala cavabda da demişdim ki, buradakı iş adamları ilə təmaslarım demək olar ki, yoxdur. Bir neçə dəfə bizə burada məmurların çirkli pullarını idarə edənlər yaxınlaşıb və biz belə adamlardan uzaq dururuq.

Mən Azərbaycana iş qurmağa yox, onu sümürməyə gəlmiş Paolo Pərvizi də iş adamı saymıram və onunla hər hansı əməkdaşlıq da qurmaram. Yazıda adı keçən Heydər Babayevi də digər həmkarları kimi bürokrat saymışam və belələrini iş adamı kimi qəbul edə bilmərəm. Kimin bizə hansı adı qoşmağından asılı olmayaraq biz təmiz sərmayə ilə iş qurmuşuq, yüksək istehsal sahələri və çox sayda iş yerləri yaratmışıq. Yeni-yeni istehsal sahələri və yeni iş yeri açmağa hazır olduğumuz hər zaman bəyan edirdik. Hətta qazancımızın bir hissəsini şəffaf şəkildə ölkəmizin inkişafına, xeyriyyəçiliyə xərcləməyə hazır olmuşuq, lakin onu məmurlara yedirtməyə razı olmamışıq. Odur ki, işgüzar adamlara qarşı soyğunçu münasibətə qarşı çıxmışıq. Bu etirazlar hələ Azərbaycanda işlədiyimiz vaxtlardan olub. Nəhayət, quldurluq yolu ilə əmlaklarımız əlimizdən alınıb. Bunu yüksək vəzifəli adamlar edib və çox maraqlıdır ki, ölkə başçısına, prokurorluğa, nazirliklərə şikayətlərimizə hələ də cavab ala bilmirik.

Bizim durumumuz belədir: zaman-zaman bizə qarşı böyük bir cinayət baş verib. Qurduğumuz müəssisələr əlimizdən təzyiqlə, həbs və hədələrlə, silahlı basqınla alınıb, qəsb edilib. Biz isə onları heç kimə bağışlamaq istəmirik. Haqqımızı bərpa etmək üçün mübarizə aparırıq və aparacağıq».

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button