Üzərimizə Ramiz Mehdiyev gəlir!

Xədicə Ismayilova

Xədicə İsmayılova: “Belə anladım ki, «Xural» qəzetinə qarşı olan şikayətlərin hamısı dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərindən gəlib»

 Əvəz Zeynallı:«Ramiz Mehdiyev «Xural» qəzetinin üzərinə 10 min manatlıq sanksiya

Əvəz Zeynallıtətbiq edir, onun xeyir-dua verdiyi və birbaşa kurasiyasında olan Mətbuat Şurası «Xural»ın gündəliyə keçdiyini eşidən kimi ona qarşı səlib yürüşünə keçir» Rəşad Məcid

Rəşad Məcid: ««Xural» qəzeti daha səviyyəli, daha təkmil, Əvəz Zeynallının sözü ilə desək, daha ciddi nəşr kimi tanınıb»

Emin Hüseynov:«Əgər Mətbuat Şurası deyirsə ki, qəzet

Emin Hüseynov

kimisə təhqir edib və buna görə də onu cəzalandırıb, «reket»  dlandırırsa, faktiki olaraq özləri də təhqirə yol vermiş olurlar»

 Dünən «Azadlıq» radiosunun «İşdən sonra» proqramının canlı efirində Xədicə İsmayılovanın aparıcılığı ilə «Xural» qəzetinin
Mətbuat Şurasının «qara siyahısı»na salınması və ondan sonra media aləmində baş verən təlatümlər müzakirə edilib. Radionun qonağı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və RATİ-nin rəhbəri Emin Hüseynov olub. MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidin qarşı tərəf kimi telefonla müzakirələrə qatılması bir sıra həqiqətləri ortaya çıxarıb. Oxucu marağını nəzərə alaraq, həmin debatı olduğu kimi təqdim edirik.

Xədicə İsmayılova: Bu gün biz «reket qəzetlər» adını almış qəzetlər haqqında danışacağıq. Mətbuat Şurasının «reket qəzetlər» siyahısına «Xural» qəzeti də salındı. Öncə Əvəz bəyə müraciət etmək istəyirəm. Əvəz bəy, qəzetinizin adının «qara siyahı»da olmasına təəcüblənirsinizmi, yoxsa bu sizin üçün gözlənilən idi? Sizin qəzeti nədən «reket» adlandırdılar?

Əvəz Zeynallı:

– Elə məsələ də bundadır. Son bir neçə gündür ki, Azərbaycan müstəqil mətbuatının üzərində yenidən çox sərt qovğalar başlayıb.Əvvəla, mən hətta belə təqdimatdan qorxuram, çünki ləyaqətli insanlar öz ləyaqətlərinə uyğun yaşayırlar və biz də belə yaşamışıq. Mətbuat Şurası azad mətbuatın bir növ cəlladına və killerinə çevrilib. Onlar ciddi fəaliyyət göstərən qurumları, qəzetləri öz əhatə dairələrinə salmaqla məşğuldurlar və özlərinə uyğun bir siyahı tərtib ediblər ki, həmin siyahıya da üzvləri olmadığı halda – «Xural» MŞ-nın üzvü deyil – öz ağıllarına və yuxarıdan aldıqları sifarişlərə görə qəzetlərin adlarını salırlar. Çox böyük biabırçılıqdır. Təkcə «Xural» qəzetinə, Əvəz Zeynallıya qarşı yox, Azərbaycan müstəqil mətbuatına qarşı o qədər böyük bir cinayət baş verib ki, bunun haqqında biz zaman-zaman danışacaq, müzakirə edəcəyik. Mətbuat Şurasının azad mətbuata qarşı bu səlib yürüşünü başlamasını, MŞ-nın artıq bir senzura təşkilatı rolunu oynamasını, Mətbuat Şurasının dövlətin əlində alətə çevrilməsini təbii ki, özbaşınalıq hesab edirik.

X.İ.:

– Yəni hesab edirsiniz ki, qəzetiniz «reket» qəzet deyil.

Ə.Z.: – «Xural» qəzetinin hansı qəzet olduğunu bütün Azərbaycan bilir. Biz çox ciddi, azad, müstəqil qəzetik. Bilirsiniz ki, «Xural» qəzetini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məhkəməyə vermişdi və il yarımdır ki, məhkəmə çəkişmələrimiz gedir. R.Mehdiyev bizi cərimələdib, qəzetimizə 10 min manatlıq sanksiya tətbiq edib, həmin sanksiyaya görə ədliyyə icraçıları «Xural» qəzetinin redaksiyasında olan əmlakı müsadirə etmək üçün siyahıya alıb. Bu ki Azərbaycan mətbuatının, Azərbaycan ictimaiyyətinin gözünün qarşısında olan hadisələrdir?! Bizə dövlət başında duran insanların birbaşa rəhbərliyilə mütəşəkkil və təşkil olunmuş bir hücumu var. Bu gün onun əks sədasını «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtyiar Sadığov da verib. Mən bura gələndə bu haqda məlumat aldım və həmin müsahibəni oxumaq üçün vaxtım olmasa da, dostlar bu haqda mənə ətraflı məlumat verdilər. Amma məsələ burasındadır ki, bir deputatın, mətbuat adına iddia edən, özünə hörmət eləyən bir insanın dilə almağa cəsarət edə bilməyəcəyi açıqlamalar verməsi də maraq doğurur. Onlar bu cəsarəti haradan alırlar? Mən dünən ölkənin rəhbəri, prezident İlham Əliyevə müraciət etmişəm – Azərbaycan mətbuatında baş verən hadisələrlə bağlı və mətbu mətbu siyasət nəticəsində bu ölkənin informasiya təhlükəsizliyinin çox ciddi yara alacağı haqqında ona məlumat vermək və bu məsələri müzakirə etmək üçün. Mən ölkə başçısına müraciət edirəm və aradan bir gün keçmir ki, Mətbuat Şurasının səlahiyətli adamlarından biri, «Azərbaycan» qəzetinin baş redaktoru sözün tam mənasında – onun açıqlamalarını siz də oxuya bilərsiniz – bir «bazar adamı» kimi danışır. Yəni mütəşəkkil bir dəstənin hədəfində azad mətbuat var, söhbət tək «Xural» qəzetindən getmir. Biz həftəlik qəzetdən gündəlik qəzetə keçirik və mətbuatda da elanlar veririk ki, «Xural» sentyabrın 20-dən həftədə 7 gün görüşünüzə gələcək, bir gün əvvəl isə – ayın 19-da bizə qarşı bu qərar çıxarılır. Və biz bu adamların himayəçiləri tərəfindən məhkəməyə  verilmişik. Bizim əmlakımız müsadirədədir, hazırda hərraca çıxarılması gözlənilir. Yəni Ramiz Mehdiyev «Xural» qəzetinin üzərinə 10 min manatlıq sanksiya tətbiq edir, onun xeyir-dua verdiyi və birbaşa kurasiyasında olan Mətbuat Şurası «Xural»ın gündəliyə keçdiyini eşidən kimi ona qarşı səlib yürüşünə keçir. Bunlar hansı hüquqi dövlətdən, hansı azad mətbuatdan danışırlar?

X.İ.: – Bizim indi Mətbuat Şurasının rəyini eşitmək imkanımız da var. Rəşad Məcid telefon xəttindədəir. Rəşad bəy, ümumiyyətlə, «Xural» qəzetinin «qara siyahı»ya  salınması məsələsinə münasibət bildirə bilərsinizmi? Hansı səbəbdən, hansı yazıya görə MŞ belə bir addımı atıb?

Rəşad Məcid: – Mən hamını, orada olan həmkarlarımı salamlayıram. Əvəz Zeynallının da həyəcanını başa düşürəm. Amma siz məni elə təqdim elədiniz ki, guya qərarları mən verirəm. Halbuki Mətbuat Şurasının İdarə Heyətinin 15 üzvü var… «Reket»,
ümumiyyətlə, bu «qara siyahı» məsələsi, biz bəzәn onu «reket mətbuat» adlandırırıq. Təxminən həmin siyahıda 80-dən çox qəzetin adı var. Jurnalistlərin peşə davranışı qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətlərini aşağıladıqlarına görə bu qəzetlər «qara siyahıya» daxil edilib. Biz 2003-cü ildə Mətbuat Şurasını yaratdıq və orada da bütün mətbuat təmsil olundu, sonralar da «Jurnalistlərin etika kodeksi» qəbul olundu və bu kodeksi pozan mətbu nəşrlərə qarşı addımlar atıldı. Çox təəssüf edirəm ki, Azərbaycanda qəzetlərin qeydiyyata alınması məsələsi asanlaşdırıldığından, bir sıra adamlar da qəzet açmağa başladılar. Bu da mətbuatın nüfuzuna böyük zərbə endirdi, nəticədə belə bir siyahı alındı. Mən «Xural» qəzetini bu tipli nəşrlərlə müqayisə eləməzdim. «Xural» qəzeti daha səviyyəli, daha təkmil, Əvəz Zeynallının sözü ilə desək, daha ciddi nəşr kimi tanınıb. Amma iş belə gətirdi ki, keçən həftə «Xural» qəzetilə bağlı bir neçə şikayət Mətbuat Şurasına daxil oldu. Mən özüm, düzü, son vaxtlar «Xural» qəzetini oxumurdum, amma o şikayət edilən materiallarla tanış oldum. Orada «Xural» qəzeti barəsində Lənkəran universitetinin rektorluğundan, Ağdam rayon prokurorluğundan, Bərdə və
Sabirabad İcra Hakimiyyətindən, «Azərbaycan» nəşriyyatından şikayətlər vardı. Sizə deyim ki, o şikayətlərin olunduğu yazılarda bayaq dediyim jurnalistin peşə qaydalarını pozulması açıq-aşkar görünürdü. Mən əvvəllər də neçə dəfə Əvəz bəylə söhbətlərdə də bunu demişəm. Bəzən «Xural» qəzetində hansısa ədalətsizliyə, haqsızlığa qarşı yazıda emosiyalarını saxlaya bilmirlər və hansısa ifadələri işlədirlər ki, bu ifadələr də peşə etikasının qaydalarının pozulması deməkdir. İndi də bu məqamlarda peşə davranışı qaydalarının pozulması var idi. Ona görə də MŞ-dan əvvəl Şikayət Komissiyası, sonra Reket Komissiyası, daha sonra isə İdarə Heyəti yığışaraq belə bir qərar çıxardılar. Mən «Xural» qəzetinin dünənki və bu günkü saylarına baxdım. Başa düşürəm Əvəz bəyin narahatçılığını. Amma hesab edirəm ki, bu dərəcədə də qəzəb püskürmək, bu dərəcədə də həmkarlarına, Mətbuat Şurasına qarşı ifadələrlə danışmaq körpüləri daha da yandırmağa xidmət edəcək.

X.İ.: Belə anladım ki, «Xural» qəzetinə qarşı olan şikayətlərin hamısı dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərindən gəlib.

R.M.: Bilmirəm, Lənkəran universiteti dövlət müəssisəsidir, ya yox…

X.İ.: Bəli dövlət müəssisəsidir.

R.M.: Bilmirəm. Amma qalanları, bəli dövlət qurumlarıdır…

X.İ.: – Onda belə çıxır ki, bu qəzet məhz dövlət qurumlarının hədəfindədir. Sizə təəccüblü gəlmədi ki, bu qəzetlə bağlı sizə gələn şikayətlərin hamısı büdcə təşkilatlarındandır? Yəni bu, o adamlardır ki, əslində ictimaiyyətə xüsusilə açıq olmalıdırlar.

R.M.: Ola bilsin ki, dövlət qurumları tərəfindən bu qəzetə qarşı bir həmrəylik var. Məsələ burasındadır ki, o yazılarda həqiqətən də peşə-davranış qaydalarının pozulması halları açıq-aşkar, qıpqırmızı görünüb. Bəzən bu qəzetlərdə bu tipli bir neçə ifadə ona gətirib çıxarır ki, artıq şikayət eləyənlər orada yazılan hansısa faktları unudub, orada yazılan ifadələrdən yapışırlar ki, qəzet məni təhqir eləyib, şərəf və ləyaqətimə toxunub. Məsələn, Lənkəran Universitetinin prorektoru ilə bağlı yazılan məqalədə həqiqətən də onu birbaşa təhqir edən, onun şərəf və ləyaqətinə toxunan, el sözü ilə desək, «qanlıq» ifadələr vardı. Məsələn, o ifadələr olmasaydı, mənə elə gəlir ki, Mətbuat Şurası da heç bu cür qərar da çıxara bilməzdi.

X.İ.: Bilirəm ki, Əvəz bəy indi sizə cavab vermək üçün alışıb yanır. Ancaq bu dəfə də sözü Emin bəyə vermək istərdim – RATİ-nin direktoru Emin Hüseynova… Emin bəy, sizin rəhbərlik etdiyiniz təşkilat ümumiyyətlə Mətbuat Şurasının belə bir praktikasının əleyhinə çıxış edir. Siz niyə elə hesab edirsiniz ki, Mətbuat Şurası «Qara siyahı» tutmamalıdır?

Emin Hüseynov: Mətbuat Şurasının bütün qərarları tövsiyyə xarakterli olmalıdır. Bu, bütün dünyada belədir. Burada söhbət nədən gedir? Mətbuat Şurası deyir ki, Əvəz bəy və yaxud da başqa bir qəzetin baş redaktoru həmin məqalədə konkret filankəsin şərəf və ləyaqətini alçaldıb və yaxud da təhqirə yol verib. Amma belə hesab edirəm ki, «Xural» qəzeti «reket» deyil. Çünki AR CM-nin müvafiq bəndlərini və digər qanunverici aktları oxusaq, görərik ki, «reket» deyəndə hansısa cinayətkar ünsürdən söhbət gedir.

X.İ.: Yəni bu da təhqirdir.

E.H.: Bəli. Yəni əgər Mətbuat Şurası deyirsə ki, qəzet kimisə təhqir edib və buna görə də onu cəzalandırıb, «reket» adlandırırsa, faktiki olaraq özləri də təhqirə yol vermiş olurlar.

R.M.: «Reket» söhbəti, elə-belə, arada deyilən söhbətdir.

Ə.Z.: Necə yəni arada deyilən söz-söhbətdir? Orada mətbuata qarşı reket komissiyası qurubsunuz…

R.M.: Rəsmi olaraq, o qərarlarda «reket» söhbəti yoxdur, axı.

Ə.Z.: Mətbuat Şurasının bu komissiyanın adı nədir?

R.M.: Komissiyanın adını… bilmirəm.

Ə.Z.: Olmadı ki, Rəşad bəy. Necə yəni «bilmirəm»?

R.M.: Ola bilsin, qısaldılmış variantda «reket» deyirlər, amma sənədlərdə «reket» söhbəti yoxdur.

X.İ.: Rəşad bəy, bir neçə rəsmi qəzet var ki, MŞ-ın bu siyahısını «reket» qəzetlərin siyahısı kimi dərc edib, ictimaiyyətə yayır. İndi siz həmin qəzetlərə müraciət edə bilərsinizmi ki, «reket» sözünü oradan yığışdırsınlar.

R.M.: Mən bilmirəm, axı, «reket» sözünü hansı qəzet yazır? Bizim qəzetdə «Mətbuat Şurasının «qara siyahısı» yazılır. Mətbuat Şurasının yaydığı da «qara siyahıdır». «Reket» sadəcə olaraq bir termin kimi daxil olub və işlədilir. Əlbəttə, ümumiyyətlə, «reket» ifadəsini işlətmək düzgün deyil. Sadəcə olaraq, ictimaiyyətdə bu ifadə daha yüngül olduğu üçün dillərə düşüb. Bir daha deyirəm, burada «reket» söhbəti yoxdur. Sadəcə, «qara siyahıya» alınıb. Qaldı ki, MŞ-a, əlbəttə ki, Mətbuat Şurası ictimai bir qurumdur, bunun hansısa ictimai qınağı, tövsiyyəsi ola bilər. Bu da sadəcə ondan ibarətdir ki, ictimaiyyətin diqqətinə çatdırılır ki, bu qəzetlər filan-filan peşə qaydaları davranışlarını pozurlar, vəssalam. Ona nə edir ki? «Xural» qəzeti yenə də çıxır, gündəlik çıxır…

Ə.Z.: Bəlkə çıxmasın? Arzularınız bəlkə odur?

R.M.: Əşi, yox, ey… Çıxsın…

Ə.Z.: Rəşad müəllimdən Bəxtiyar Sadıxovun mənim haqqımda informasiya agentliyinə verdiyi müsahibə ilə bağlı münasibətini öyrənmək istəyirəm. Bir deputat, MŞ İdarə Heyətinin üzvü belə ifadələr işlədə bilərmi?

R.M.: Çox səmimi deyirəm ki, müsahibəni oxumamışam.

Ə.Z.: Bu cür ifadələr işlədən adamın müsahibəsini sayt olduğu kimi yerləşdirə bilərmi?

R.M.: Düzü, həmin ifadələrlə tanış deyiləm və bilmirəm hansı ifadələri işlədib, amma inanmıram ki, Bəxtiyar müəllim nəsə çox sərt ifadələr işlədə bilər.

Ə.Z.: İnanın. Oxuyun və inanın.

R.M.: Açıb həmin müsahibəyə baxaram. Amma Əvəz, sənin yazılarını Mətbuat Şurası ilə bağlı oxudum. Şuranın üzvlərini ayrı-ayrılıqda o cür təhqir etmək, mənə elə gəlir ki, məqbul deyil.

Ə.Z.: Təhqir etməmişəm. Əgər o ifadələrin təhqir olduğunu hesab edirsinizsə, Bəxtiyar Sadıxov da daxil olmaqla həmin 15 nəfər
məhkəməyə müraciət etsin və mən orada yazdıqlarımın həqiqət olduğunu sübut edəcəm.

R.M.: Yəqin ki, belə gedərsə, məhkəməyə də müraciət olunacaq.

Ə.Z.: Buyurun və mən yazdıqlarımın həqiqət olduğunu ictimaiyyət qarşısında sübut edəcəm. Bu gün Bəxtiyar Sadıxov anons verir ki, biz Əvəz Zeynallını islah etmək istəyirik, bu islah olunmur və biz bunun qarşısında başqa tədbirlər görəcəyik. Siz Əvəz Zeynallıya qarşı hansı tədbirləri görəcəksiniz?

R.M.: Ondan düzü xəbərim yoxdur…

Sonu gələn sayımızda

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button