Uzağı görən şairlər-2

Seymur Baycan

Azərbaycanda bir dəstə adam var. Guya ruhları göylərdə dolaşır. Guya yerdə baş verən hadisələrin fövqündə dayanırlar. Əslində isə ağızlarından artıq-əksik bir söz çıxmaz. Çox ehtiyatlıdırlar. Rüstəm Behrudi, Aşıq Ədalət, İsa Hüseynov, Rəmiş, Alim Qasımov bu dəstənin ən parlaq üzvləridir. Məsələn, Alim Qasımov səsi gördüyünü iddia edir. Şahvələd Çobanoğlu Alim Qasımova gözəl sual vermişdi: Bəs seçkilərdə oğurlanan səsləri niyə görmürsən?

Aşıq Ədalət isə bir başqa aləmdir. Bir dəfə səhər verilişlərinin birində aparıcı qız Aşıq Ədalətdən hansısa havanı çalmağı xahiş etdi. Aşıq Ədalət həmin havanı ifa etməkdən boyun qaçırdı. Doğrusu, aşıq sənətindən başım çıxmır, ona görə havanın adı yadımda qalmayıb. Qərəz, Aşıq Ədalət havanı ifa etməkdən imtina edəndə aparıcı qız dedi ki, bəs filan mebel mağazası sizə divan hədiyyə etmək istəyir. Amma onlar sizin filan mahnını ifa etməyinizi arzu edirlər. Aha, Aşıq Ədalət divan sözünü eşitcək tez sazı əlinə alıb çıxdı meydana. Üstdən geyinib altdan qıfıldandı, altdan geyinib üstdən qıfıldandı. Çaldı. Oxudu. Xalqımızı şənləndirdi. Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun. Mən də xeyli zövq aldım. Guya ruhu göylərdə dolaşan Aşıq Ədaləti hansısa mebel mağazasının hədiyyə etdiyi divan hədsiz dərəcədə ilhamlandırdı. Bir daha hansı ölkədə yaşadığımı anladım.
Keçək ikinci dəstəyə. Bu dəstənin nümayəndələrinə Şahvələd bəy “danışa-danışa susan adamlar”,- adını verib. Gözəl addır. Hər şeydən əvvəl adamın işi xeyli yüngülləşir. Dastan açmağa ehtiyac yoxdur. Ad özü hər şeyi deyir. Məsələn, adam var “Yaxşı padşahın nağılı” adlı bir nəsr nümunəsi yazıb, amma özü pis padşahın nökərinə çevrilib. Qəribə ölkədə yaşayırıq. Ata Hüseyn Caviddən donos, oğul isə Hüseyn Cavidin həyatından bəhs edən filmin ssenarisini yazıb.
Elçin Əfəndiyev adlı bir adam var. Baş nazirin müavini olmaqla bərabər, həm də yazıçılıqla məşğuldur. Vəzifəsindən sui-istifadə edərək, teatrları öz mənasız, boz “əsərləri” ilə işğal edib. Üstəlik, atası İlyas Əfəndiyevin ölmüş əsərlərini diriltməklə məşğuldur. Elçin Əfəndiyev ədəbiyyatımızın rəsmən Şeyx Nəsrullahıdır. Bir əsər yazmışdı. Adı “Sarı gəlin” idi. Guya bir adam xariciyə tütək satır. Xarici də həmin tütəyi evdə divardan asır. Guya tütək gecələr öz-özünə “Sarı gəlin” havasını çalır. Pah. Qardaş, əgər tütəyi xariciyə satıblarsa, bu, hər şeydən əvvəl Baş nazirin humanitar məsələlər üzrə müavininin günahıdır. Satılan tütəkdən əsər yazmaq üçün adamda sifət olmalıdır.
Bir şeylə təsəlli tapıram ki, onlar sağlıqlarında lazım olan yazıları oxudular. Nə lazımdırsa eşitdilər. Razi Nurullayev bizim nə yazdığımızı başa düşməsə də, Anar Rzayev, Elçin Əfəndiyev nə yazdığımızı gözəl anlayır. Biz onların kurortlarda, sanatoriyalarda çəkdikləri kefləri burunlarından gətirdik. Onları qəhrəman kimi ölməyə qoymadıq. Etiraf edim ki, şəxsən mən bu tortyeyən balalarını ayda bir dəfə “zəhərləməkdən” hədsiz zövq alıram.
Bu dəstənin ən görkəmli nümayəndələrindən biri Sabir Rüstəmxanlıdır. Düzdür, Sabir Rüstəmxanlını Elçin Əfəndiyevlə, Anar Rzayevlə bir sıraya qoymaq insafsızlıq olardı. Sabir Rüstəmxanlı, sadəcə, “danışa-danışa susmağın” çox böyük ustasıdır. Bir vaxtlar çox məşhur olub. Xitab etdiyi xeyli adam vardı. İndi də gündəmdə qalmaq üçün min bir oyunlar qurur. Gah Borçalıdan danışır, gah erməniləri söyür. Şeir yazır. Deputatdır. Yüzüncü dərəcəli məsələlərdən danışıb, həm də özünün mövcud hakimiyyətə müxalif olduğunu nümayiş etdirməyə çalışır. Həm qəhrəman olmaq istəyir, həm də yaxşı yaşamağa can atır. Əlbəttə, bütün bu keyfiyyətləri bir adamda birləşdirmək çox çətindir. Bir vaxtlar məşhur olub, indi kölgədə qalmağı həzm edə bilmir. Ona görə zərərsiz mövzularda danışmağı (əslində susmağı) özünə peşə edib. İnsanların hissləri ilə oynayıb, gündəmdə qalmağın peşəkarıdır. Savad kasad, şairliyi ortababdır. İndi də bir İran generalına məktub yazıb. Məktub “525-ci qəzet”də dərc olunub. Məktubun məzmunu artıq diqqətli Oxuculara bəllidir.
Sabir bəy uzaqdakı hədəfləri sərt şəkildə tənqid etməyi gözəl bacarır. Bizim şairlərimiz uzağı çox gözəl görürlər. Yaxını görmək istəmirlər. www.mia.az saytında “Uzağı görən şairlər” adlı yazım var. Həmin yazıda bu haqda yazmışam. Təkrarçılıq etmək istəmirəm. Sabir bəy İran generalına ünvanladığı məktubunda çox sərt ifadələr işlədib. Generalı əməlli-başlı danlayıb. Ki, nə bilim bizimkilərin orda məktəbi yoxdur. Müsəlman ölkəsisiniz, amma ermənilərə yardım edirsiniz…
Çox gözəl. Yazdıqları həqiqətdir. Bir məsələ var. Azərbaycan Ordusunda vəziyyət görmə qabiliyyəti olan hər kəsə bəllidir. İntiharlar, əzab, bədbəxt hadisələr, özbaşınalıq, anti-sanitariya, bit-birə, kontur pulu… Az qala qəzetlərdə hər gün orduda ölüm halları haqda xəbərlər oxuyuruq. Bəs görəsən, Sabir Rüstəmxanlı bu haqda müdafiə naziri Səfər Əbiyevə niyə məktub yazmır? İran generalına məktub yazıb, onu məktubda asıb-kəsmək əvəzinə Səfər Əbiyevə məktub yazsaydı, daha yaxşı olmazdımı? İranda baş verənlərə münasibət bildirdiyi halda, gözünün qarşısında baş verənləri görmür. Buna nə ad qoyaq? Nəsə, biz yazmaqdan yorulduq, bunlar zərərsiz mövzularla manevr edib qəhrəman olmaq arzusundan əl çəkmədilər.
Sabir bəyin “qəhrəmanlığı” İran generalına sərt məzmunlu məktub yazmaqla bitmir. Sabir bəy Sona Vəliyeva adlı bir şairənin şeirlər kitabına ön söz də yazıb. Olsun. Lap gözəl. Sona xanım Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşıdır. Məsələ aydındır. Bu, başqa yazının mövzusudur. Tələsməyək.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Hə, nə yaxşı məqalədir, adamı ilhama gətirir, daha doğrusu ilhamın bulağına:
    – Sona xanım bulaqdadır, əl-üzünü yumaqdadır.
    Xanım qutab bişirəcək, gedək biz də nuş eyləyək.
    Qutabın dadı sumaxdadır…
    Ay məzən olsun, Seymur!
    Bəs bu həqiqətlər hiyə belə acı çıxır, görmüşük ki halva kimi şirin olmalıydı?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button