Uzaq mənzilli silahlar, əsl ordu kimi silahlanmış sərhəd qoşunları…

“Xarici siyasət sferası hərbi sfera ilə çox sıx şəkildə bağlıdır. Bu kontekstdə Ermənistanın güclü orduya, silahlı qüvvələrə malik olmadan hansısa xarici siyasəti barədə danışmaq mümkün deyil”.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, belə qənaətlə hərbi ekspert Leonid Nersisyan çıxış edib.

O qeyd edib ki, Azərbaycan böyük miqdarda uzaqmənzilli, yüksək dəqiqlikli silahlar almaqla gündəmi fəal şəkildə dəyişir. Ermənistanın əslində daha əvvəl inkişaf etdirməli olduğu sahədə boşluğu doldurur.

“Söhbət düşmənin ərazisinin bütün dərinlikləri boyu hədəfləri vura bilən yüksək dəqiqlikli raket silahlarından gedir. Bütün bunlar reallığı xeyli dəyişir, balansı silkələyir, köhnə konsepsiyaları və doktrinaları dəyişir. Ermənistanın bu gün malik olduğu doktrina ancaq statik müdafiə hərəkətlərini nəzərdə tutur. Təəssüf ki, XXI əsrdə bu yanaşma getdikcə aktuallığını itirir”– Leonid Nersisyan bildirib.

Erməni hərbi ekspertə görə yüksək dəqiqlikli silahlar, pilotsuz aparatlar, müasir kəşfiyyat vasitələri statik obyektləri olduqca asan hədəfə çevirir.

“Və belə proses davam edəcək. Ermənistan Müdafiə Nazirliyində başa düşürlər ki, nəsə yeni doktrina lazımdır. Bu doktrina hücum xarakterli olmalıdır, yüksək mobilliyə malik və böyük sayda dəqiq silahlarla silahlanmış qoşunların yaradılmasını nəzərdə tutmalıdır. Çəkindirmə konsepsiyası ilə yanaşı preventiv hərəkət planı da hazırlanmalıdır. Əgər Ermənistan görsə ki, Azərbaycanın hücum edəcəyi dəqiqdir, birinci zərbə endirməlidir. Birinci zərbə endirmək həmişə sərfəlidir”– Nersisyan deyib.

Erməni ekspert Azərbaycanın sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətində bəzi postlara yerləşdirilməsini də şərh edib. Bildirib ki, bu doğrudan da maraqlı məsələdir və Ermənistanda az müzakirə olunub.

Nersisyana görə bu addım heç vaxt döyüş vəziyyətində olmamış hərbi hissələrin müharibəni “hiss etməsi” üçün atılıb.

“İndiki halda belə variant ağlabatandır ki, onlar sərhəd qoşunlarını döyüş şəraitində sınaqdan keçirməyi qərara alıblar. Əslində Azərbaycanın sərhəd qoşunları böyük miqdarda hərbi texnikaya malikdir, xatırladırıq ki, vaxtilə onlar ağır texnikanın bir hissəsini sərhəd qoşunlarına veriblər. Ona görə də Azərbaycanda sərhəd qoşunları ciddi qüvvədir, heç cür “xeyirxah” sərhədçilərə aid edilə bilməz. Bu da adi ordudur, heç nə ilə ordudan fərqlənmir…”-L.Nersisyan bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button