VƏKİL ELÇİN SADIQOV PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

Elçin Sadıqov Vəkillər Kollegiyası tərəfindən məruz qaldığı təzyiqlərə görə ölkə başçısına müraciət etdi

Vəkil Elçin Sadıqov prezidentə müraciət edib. Adətən təzyiqə, təqibə məruz qalmış jurnalistləri müdafiə edən vəkil özünün də təqib və təzyiqlərə məruz qaldığını yazır, qeyd edir ki, təqib-təzyiqlərin xüsusilə üzvü olduğu Vəkillər Kollegiyası tərəfindən edilməsini İlham Əliyevin diqqətinə çatdırır.

“Məni bu yolla müdafiədən döndərməyə, müstəqilliyimi, prinsipiallığımı, haqqı müdafiədə dönməzliyimi, əzmimi məhv etməyə çalışırlar. 2011-ci ilin sentyabr ayında tanımadığım Əliyev Bayram adlı şəxsin adından, mütəşəkkil qaydada təşkil edilən, guya, vəkili olduğum Eynulla Fətullayevi 2013-cü ildə prezident seçdirəcəyim barədə iftiralar atılaraq Kollegiya tərəfindən təqiblərə məruz qaldım. Məndən birillik fəaliyyətim barədə vəkil sirrini təşkil edən dosyelərim tələb edildi. Bu barədə Sizə müraciətimdən sonra Kollegiya təqibi nisbi dayandırsa da, 2011-ci ilin noyabr ayından yenidən başlandı.
İndi mənə məlum olmuşdur ki, Kollegiya xəbərim olmadan hələ 12 may 2011-ci il tarixdən mənim bir illik fəaliyyətimin yoxlanılmasına başlayıbmış. Hələ bu barədə Kollegiyanın qərarı da var. Barəmdə intizam icraatının xitam verilməsi haqqında İntizam Komissiyasının rəyi 12 may 2011-ci il tarixdə yenidən baxılması üçün İntizam Komissiyasına qaytarılıb və bildirilib ki, mənim son 1 illik fəaliyyətim yoxlanılmalıdır. Görünür, Kollegiya rəhbərliyi üçün çox maraqlıdır ki, mən bir illik fəaliyyətim ərzində nə etmişəm. Bir illik fəaliyyətim ərzində jurnalistlərə hüquqi yardım göstərmişəm. Sadəcə olaraq 2011-ci ildə müstəqil vəkillərin ovuna çıxan Kollegiya məni “vurmaq”la “hətta jurnalistləri də müdafiə etmək olmaz” mesajını vermiş oldu. Özümün və mənə müraciət edənlərin haqqını müdafiə edib, birillik sənədlərimi verməkdən imtina etdikdən sonra daha bir intizam icraatı başlanıb. Guya mən 2009-cu ildə müqavilə bağlamaqdan imtina etmişəm.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 6 ay, törədildiyi gündən isə 1 il müddətində tətbiq edilə bilər.
Görünür, bundan sonra Kollegiya mənim barəmdə intizam icraatı başlayacaq ki, 1981-ci ildə mən nəyə görə dünyaya gəlmişəm?” – deyə E.Sadıqov vurğulayır.
Prezidentə müraciətində E.Sadıqov daha sonra yazır: “Ümumiyyətlə, vəkildən müdafiə etdiyi işlərlə bağlı heç bir sənəd tələb edilə bilməz. Qanunvericilik vəkilə edilən müraciətin vəkil tərəfindən qorunmasına tam zəmanət verir. Belə ki, Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Qanunun 7-ci maddəsininin 3-cü bəndinə əsasən, vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Qanunun 7-ci maddəsinin 4-cü bəndinə əsasən vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur.
Qanunun 17-ci maddəsinə əsasən vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Vəkillər Kollegiyasının İntizam Komissiyası adlı qurum Rəyasət Heyətinin sifarişi ilə rəy hazırlayıb ki, mən bir illik fəaliyyətim barədə sənədləri verməməklə qanunun tələbini pozmuşam. Lakin hansı qanunun tələbini pozduğum bilinmir”.
Vəkil E.Sadıqov prezidentdən xahiş edir ki, Vəkillər Kollegiyasının ona qarşı qərəzli, qanunsuz və əsassız təqiblərinin qarşısının alınmasına göstəriş verilməsini istəyir.

2011-12-10

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button