Vəkil istintaq orqanından xəbər gətirib

“Abzas Media işi” üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışığı və görüşlərə məhdudiyyətin götürüldüyü bildirilir.

Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib.

Vəkil qeyd edib ki, istintaq orqanının (Daxili İşlər Nazirliyi) ona verdiyi məlumata görə, bu cinayət işi ilə bağlı həbs olunmuş şəxslər artıq yaxınları ilə əlaqə saxlaya biləcəklər.

Bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Bundan əvvəl “Abzas Media işi” üzrə həbs olunmuş jurnalistlər onların yaxınları ilə telefon danışığı və görüşlərə məhdudiyyət qoyulduğunu bildirmişdilər. Onlar hətta bu şikayətlə məhkəməyə də üz tutmuşdular. Onlar habelə vurğulayırdılar ki, bir çox yaxınlarının bank kartlarına da məhdudiyyətlər tətbiq edilib. Həmin şikayətləri bəzi banklar təsdiqləsə də, məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Noyabrın 20-də “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli və onun müavini olduğu bildirilən Məhəmməd Kekalov saxlanıb. Ertəsi gün “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı tutulub. Daha sonra jurnalistlər Hafiz Babalı, Nərgiz AbsalamovaElnarə Qasımova da eyni iş üzrə saxlanıb. Onların hamısı qaçaqmalçılıqda ittiham olunub və istintaq müddətində həbs ediliblər. Həbs olunanlar ittihamları rədd ediblər, öz həbslərini peşəkar jurnalist fəaliyyəti və “Abzas Media”nın korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq təşkilatlar da “Abzas Media”nın əməkdaşları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rəsmilər isə ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button