Vəkillər Avropa Məhkəməsinin işləri araşdırmasından narazıdır

Yayımlandı: 12 Fevral 2024 12:57

Şərhlər AİHM-ə niyə göndərilmir?

Son zamanlar Azərbaycan ictimai mühitində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) çıxardığı qərarlarda kompensasiyaların, vəkillər üçün xidmət haqqının azlığı müzakirə edilir.

Vəkil Elçin Sadıqov deyir ki, bu yaxınlarda AİHM tərəfindən elan edilən “Salayev və qeyrilərinin işi” ilə bağlı qərarda göstərilib ki, guya vəkil hökumətin bir tərəfli qaydada bəyanatına münasibət bildirməyib.

Vəkil bildirir ki, o, Xəqani Quliyevin imzası ilə 12 dekabr 2023-cü il tarixdə onun hökumətin birtərəfli qaydada bəyanatına şərhini qəbul edərək, Azərbaycan hökumətinə göndərib.

“Amma qərardan belə çıxır ki, AİHM-də işə baxan hakimlər mənim birtərəfli bəyanata şərhimi görməyiblər. Sual: Cənab Xəqani Quliyev mənim şərhimi niyə hakimlərə verməyib? Həmçinin qeyd edim ki, AİHM 18 yanvar 2024-cü il tarixli “Nadirli və qeyrilərinin işi”ndə yazmışdı ki, guya mən hökumətin birtərəfli deklarasiyasına münasibət bildirməmişəm. Halbuki cənab Xəqani Quliyev 03 noyabr 2023-cü il tarixli məktubu ilə mənim birtərəfli deklarasiyaya şərhimi qəbul edərək, hökumətə göndərdiyini yazmışdı”.

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

Vəkil sual edir: “Azərbaycan hökumətinin burada rolu varmı?”

Vəkil Fariz Namazlı da Avropa Insan Haqları Məhkəməsinin işlərindən baş aça bilmədiyini deyir: 

“Bir neçə gün öncə məhkəmənin qəbul etdiyi qərarlardan biri mənim verdiyim şikayətlərdən biri üzrə olub. 2015-ci ildə Meydan TV-nin fəaliyyəti ilə əlaqədar başlanmış cinayət işi ilə bağlı ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlərdən biri -Səlimə Cəlilovanın şikayətini həmin zaman Avropa Məhkəməsinə göndərmişdik. Məhkəmə əvvəlcə hər iki tərəfə barışıq (deklarasiya) bağlanmasını təklif etsə də, biz bundan imtina etdik. Daha sonra hökumət Konvensiyanın 13-cü maddəsi və 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusunu tanımaqla birtərəfli bəyanat verdi. Bəyanatla bağlı öz mövqeyimizi bildirmədik. Məhkəmə də hökumətin birtərəfli bəyanatını qəbul etmədi, iş üzrə kommunikasiya başladı və tərəflərə suallara cavab verilməsini tələb etdi. Həmin suallara cavab verdik. Bu gün Məhkəmə hökumətin birtərəfli bəyanatını qəbul edən qərar qəbul edib və göstərib ki, hökumətin qəbul etdiyi birtərəfli bəyanatla əlaqədar ərizəçi tərəf öz mövqeyini bildirməyib, buna görə də məhkəmə hökumətin birtərəfli bəyanatını qəbul edir”.

Fariz Namazlı
Foto: Fariz Namazlının şəxsi arxivindən

Fariz Namazlı deyir ki, halbuki 2019-cu ildə məhkəmə həmin bəyanatı qəbul etməyib, suallara cavab verilməsini tələb etmişdi. Suallara cavab verilməsi isə əlavə vaxt aparan işdir.

Elçin Sadıqov daha öncə vəkillərə edilən ödənişlərin heç bir əsas göstərilməsən aşağı salındığını bildirmişdi.

Vəkillərin söylədikləri problemli qərarlara gəlincə, hər biri AİHM-in fevralın 8-də elan etdiyi Azərbaycandan göndərilmiş 23 ərizə üzrə 6 qərar və qərardadın içindədir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button