Vəlvələdə su qıtlığı yaşanır

Yayımlandı: 30 Aprel 2024 11:20

Kənddəki artezianlar hər kəsin ehtiyacını ödəyə bilmir

Qubanın Vəlvələ kənd sakinləri illərdir su üzünə həsrət qalıblar. Kəndlilər deyirlər ki, mətbuata şikayətlənəndən sonra qismən də olsa, problemlərinin həllinə ümid yaranıb. Amma hələ də çox ailə suyu pulla alır.

Kəndlilər Meydan TV-yə bildiriblər ki, ərazidəki artezian quyuları bəs etmir, təsərrüfatlarını suvarmağa, içməyə su tapmırlar.

“Suyu pulla alırıq, nə vaxtadək belə yaşamaq olar? 20 manat verib aldığımız su bir neçə gün bəs edir. Qarşıdan yay gəlir, suya tələbat artacaq. Tezliklə problem həll olunmalıdır”,- kənd sakini Rövşən Əliyev deyib.

Sakinlər deyirlər ki, bəzən həftələrlə su olmur. Kilometrlərlə yol gedib vedrələrlə su daşıyırlar ki, çirkli qabları yuya bilsinlər:

Hamı başını güclə dolandırır, uşaqların yeməyindən kəsib suya veririk. Bəzən ayda 80-100 manat suya gedir. Elə ailələr var ki, aylarla evinə ət girmir. Su olmayan yerdə təmizlik də olmur”.

Vəlvələ kəndi. Fotolar: Meydan TV

Vəlvələ kəndində 500 ailə yaşayır. Mövcud artezian quyuları kəndin bir hissəsinə çatır.
Vəlvələ Kənd Bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov Meydan TV-yə bildirib ki, kənddə üç artezian quyu var, onlardan ikisi işlək vəziyyətdədir. 250 təsərrüfat həmin artezianlardan istifadə edir.

“Yalnız 50-yə yaxın ailənin su problemi var. Məktəb üçün artezian quyusu vurulacaq. Həmin quyudan sakinlər də istifadə edə biləcəklər. Bununla da su problemi olmayacaq”, – bələdiyyə sədri deyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button