Vətən

ayaz şıxəlioğluAyaz Şıxalıoğlu

Tumarlamadım səni, Vətən!
Tumarlamadım! –
“ağsaqqal, ağtüklü şair”lər kimi.
Sənə çor dedim,
Öl dedim,
Yan dedim,
Qovrul dedim!
Nə sən öldün, qurtuldun,
Nə də mən, Vətən!
Sənə “od” dedilər,
“atəş” dedilər,
“yatmış vulkan” dedilər!
“Alban” deyən olmadı,
olmadı, Vətən!
Başının altına yastıq qoydular!
(Yəni başın ağrımasın,
həmişə “yumşaq” yerdə olsun).
“Koroğlu” üverturasıyla hallandırdılar.
Sən də hallandın,
hallandın, Vətən!
Amma özünü itirdin!
Bax, onda yastığı çəkdilər,
Bir az da,
Bir az da aşağı.
Və məqamında başını buraxdılar!
Ha qışqırdın, ha bağırdın,
Dadına yetən oldumu?!
Qanına qəltan oldun!
Amma bir “şair” ağladı!
Ağladı qərənfillərin diliylə,
Bayatıyla, ağıyla!
Söz demədi, Vətən!
Ağladı “İran” kimi!
Yüz il əvvəl bir “Qızdırmalı” şair
Sənə söz dedi.
Dedi,
dedi,
dedi!
Axırı nə oldu?!
Vurdun qulaq ardına,
O da özü-özünü yedi.
O şairi də sağlığında görürdün
ilan kimi!
İzdihamın necədi,
necədi, Vətən?!
Qulaq as!
Daha hallanma!
Daha uçma, “zirvələrdən zirvələrə”.
İllah da ki “Aran”da.
Özün də, maşallah, həm “atəş”,
həm də ki, “vulkan”,
Aran da təndir kimi…
…Qızdırarsan, Vətən,
Qızdırarsan!
Amma “rüşvətxorluğa qarşı mübarizə”ni
davam elə!
Davam elə!
Daha “xor-xor” eləmə!
Rüşvət bu gün də var,
yarın da var”.
Həyatımız
bax, beləcə – “mübarizə!”

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button