Vətəndaş cəmiyyəti fəalları ölkədəki vəziyyəti müzakirə edib – FOTOLAR

İyulun 6-da “Ədalət Naminə Həmrəylik” Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanda baş verən son hadisələr geniş müzakirə edilib. Bu barədə “Yukselis.info”ya hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib.
Onun sözlərinə görə, komitə üzvləri Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar ölkə boyu əhalinin işıqsız qalmasından narahatlıqlarını bildiriblər və belə fövqəladə vəziyyətlərdə hökümətin hazırlıqsız olduğuna diqqət çəkilib. Komitə üzvləri hesab edir ki, vətəndaşların istənilən tənqidi fikri dözümsüzlüklə qarşılanmamalı, bu tənqidlərə ciddi arqumentlərlə münasibət bildirilməlidir.
Bundan əlavə, “Ədalət Naminə Həmrəylik” üzvləri Gəncədə baş verən hadisəyə də toxunublar və İcra Hakimiyyəti başçısına hücum edən şəxslə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildiriblər. Vətəndaş cəmiyyəti fəalları hesab edir ki, istənilən halda Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücuma haqq qazandırıla bilməz. Buna baxmayaraq, hadisəni törədən şəxsin işgəncəyə məruz qalması ilə bağlı yayılan xəbərlər dərindən araşdırılmalıdır. Hadisəni törədən şəxsə ölkə və beynəlxalq qanunlar çərçivəsində münasibət göstərilməli, cinayət hadisəsinə məhkəmələr qiymət verməlidir.
Sonda Komitə üzvləri ölkədə baş verən hadisələr, məmur özbaşınalığı, hüquq-mühafizə orqanlarındakı qanunsuz hərəkətlər və işgəncə faktları ilə bağlı ölkə rəhbərliyinə müraciət ediləcəyini qərara alıblar.
Qeyd edək ki, “Ədalət Naminə Həmrəylik” Komitəsi bir qrup hüquq müdafiəçiləri və media nümayəndələrinin təşəbbüsü ilə Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin bazası əsasında yaradılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button