Vətəndaş polis bölməsində ölüb: “Oğlumu öldürən polislər cəzalandırılsın”

Yayımlandı: 19 İyun 2024 12:09

Sumqayıt sakini Elvin İsgəndərov şəhərdəki 1-ci polis bölməsində həyatını itirib. Ailə üzvləri onun polislərin işgəncəsi nəticəsində öldüyünü deyirlər.

Hadisənin şahidi Turxan İsgəndərov danışır ki, iyunun 14-ü gecə saatlarında yaşadıqları evin yaxınlığında baş verən mübahisədə polis əqli geriliyi olan, iflic xəstəsi qardaşı Cəbrayıl İsgəndərova zor tətbiq edib. Qardaşını polislərin əlindən almağa çalışan Elvin İsgəndərov da zorakılığa məruz qalıb.

Daha sonra polis bölməsində davam edən işgəncə onun ölümü ilə nəticələnib. Hadisədən 40 dəqiqə sonra əraziyə gələn təcili yardım onun artıq keçindiyini deyib.

Daxili İşlər Nazirliyi Elvin İsgəndərovun işgəncə nəticəsində ölməsi barədə yaxınlarının dediklərini təkzib edir. Nazirliyin mətbuat xidmətinin hadisə ilə bağlı açıqlamasında iddia olunur ki, Elvin İsgəndərov qaraciyər serrozu və ürək tutmasından vəfat edib.

Ailə üzvləri isə onun belə bir xəstəliyi olmadığını, meyitinin üzərində zorakılıq əlamətləri – xəsarət izləri gördüklərini deyirlər. Elvin İsgəndərovlar ailəsinin yeganə gəlir yeri idi. O, usta kimi çalışaraq, qardaşına və anasına baxırdı. İndi ailənin tək istəyi onun ölümünə səbəb olan polislərin cəzasız qalmamasıdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button