Vəkil: Mehman Əliyevin dostlara salamı var

Vəkil Fariz Namazlı Mehman Əliyevlə görüşüb

Avqustun 29-da vəkil Fariz Namazlı 1 saylı Bakı İstintaq Təcridxanasında Turan Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə görüşüb. Bu Mehman Əliyevin vəkili ilə ilk görüşüdür. Vəkil Amerikanın Səsinə müsahibəsində görüş zamanı müzakirə edilən məsələlərdən danışıb.

Amerikanın Səsi: Siz bu gün Kürdəxanı təcridxanasında Mehman Əliyevlə görüşübsünüz. İlk öncə səhhəti necədir?

Fariz Namazlı: Bu gün təcridxanada Mehmna Əliyevlə görüşdüm. Səhhəti qaydasındadır. Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə olunub, rengendən keçirilib, ürəyi yoxlanılıb, kardioqramması çıxarılıb. Hər şey qaydasındadır. Tibbi cəhətdən müayinədən keçirilib, heç bir problemi yoxdur.

Amerikanın Səsi: Mehman Əliyevlə hansı məsələləri müzakirə etdiniz?

Fariz Namazlı: İstintaqla bağlı bəzi işləri müzakirə etdik.

Amerikanın Səsi: Görüşünüz nə qədər davam etdi?

Fariz Namazlı: Görüşümüz iki saata yaxın davam etdi.

Amerikanın Səsi: Mehman Əliyevin şikayəti var idi? İstintaqın gedişi ilə bağlı bir söz dedi?

Fariz Namazlı: İstintaq yeni başlayıb. Onun həbsi üçün maddi və prossesual əsaslar mövcud deyil. Təbii ki, onun həbsi qanunsuz olduğundan şikayətçidir. Yəni heç bir əsas olmadan həbs olunub. Onun həbsinə əsas verəcək hallar mövcud deyil və heç bir ilkin sübut təqdim olunmayıb.

Amerikanın Səsi: Mehman Əliyev Azərbaycan ictimaiyyətinə, beynəlxalq ictimiyyətə hansısa bir müraciət etdimi?

Fariz Namazlı: Sadəcə dostlara salam göndərdi. Onu müdafiə edən hər kəsə təşəkkürünü bildirdi. Özünün də əhval-ruhiyyəsi çox yaxşıdır, mübarizdir. Hazırda proseslərin gedişatını izləyirik.

Amerikanın Səsi: Sabah Apellyasiya Məhkəməsində Mehman Əliyevin apellyasiya şikayətinə baxılacaq. Bununla bağlı Mehman Əliyevin fikirləri necədir?

Fariz Namazlı: Hər hansı bir gözlənti yoxdur. Təbii ki, gedişatdan asılıdır. Görək nə olur. Müdafiə tərəfi apellyasiya şikayəti verib ki, Mehman Əliyev barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, azadlığa buraxılsın. Görək məhkəmə hansı qərarı çıxarır.

Amerikanın Səsi: Mehman Əliyevin saxlanma şəraiti ilə bağlı fikirləri necədir?

Fariz Namazlı: Saxlanma şəraiti ilə bağlı hər hansı problemi yoxdur. Narazılığı yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button