Vəkillər Kollegiyası Elçin Sadıqovun fəaliyyətini yoxlayır

Vəkillər Kollegiyası Media Hüququ İnstitutunun əməkdaşı, vəkili Elçin Sadıqovun barəsində intizam icraatına başlayıb. Bu barədə Turan-a E.Sadıqov məlumat verib. Onun sözlərinə görə, intizam icraatının aparılması məqsədilə ondan birillik fəaliyyəti ilə bağlı bütün sənədlər tələb edilib. Vəkil bunun əsassız olduğunu iddia edir.

E.Sadıqovun sözlərinə görə, həmişə vəkilin peşə sirrinə “hörmətlə” yanaşan Vəkillər Kollegiyası indi ondan vəkil sirrini təşkil edən məlumatları tələb edir.

E.Sadıqov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7 və 17-ci maddələrini əsas gətirərək, vəkil sirrini təşkil edən məlumatların tələb edilməsinin birmənalı olaraq qadağan olunduğunu vurğulayıb.

«Bir daha bildirirəm ki, bu təqiblər son zamanlar müstəqil və prinsipial vəkillərə qarşı həyata keçirilən repressiyanın tərkib hissəsidir» deyə vəkil əlavə edib.

Qeyd edək ki, Bayram Əliyev adlı şəxs  vəkil Elçin Sadıqovun barəsində Vəkillər Kollegiyasının sədrinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək onu guya dövlətin əleyhinə fəaliyyətdə günahlandıraraq, barəsində ciddi tədbirlərin görülməsini istəyib. Guya, E.Sadıqov xarici ölkələrin səfirləri ilə birləşib, Milli Məclisin müxalifətyönlü deputatları ilə əlbir olub, əldə etdiyi külli miqdarda pulların hesabına hakimiyyətə qarşı güclü təbliğat aparır.  

Müraciətdə həmçinin qeyd olunur ki, E.Sadıqov müdafiə etdiyi jurnalist Eynulla Fətullayevi 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində prezident seçdirəcək, özü isə Vəkillər Kollegiyasının sədri olacaq.

E.Sadıqov öz növbəsində ölkə prezidenti İlham Əliyevə, insan hüquqları müvəkkili (ombudsman) Elmira Süleymanovaya, Milli Məclisin deputatlarına, Ədliyyə Nazirliynə və digər güc strukturlarına müraciət edərək bu təxribatın qarşısının alınmasına, təxribatçıların cəzalandırılmasına, Vəkillər Kollegiyası tərəfindən əsassız təqib olunmasının qadağan edilməsinə və təhlükəsizliyinin təmin olunmasına göstəriş verilməsini xahiş edib.

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button