Vəkillər Kollegiyası İradə Cavadova ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin ötən gün keçirilmiş iclasında Vəkillər Kollegiyasının üzvü, vəkil İradə Cavadovanın Kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Bu barədə  Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Məlumata görə, şikayətçi K.M. Vəkillər Kollegiyasına göndərdiyi 21.04.2018-ci il tarixli teleqramla Kollegiyaya müraciət edərək bildirib ki, vəkil Cavadova İradə Arif qızı şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib.

Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün. Şikayət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib, şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb.

Şikayətçi K.M. öz izahatında, ilkin müraciətdə qeyd edilənləri bir daha təsdiq edib və əlavə olaraq bildirib ki, vəkil İradə Cavadova tərəfindən əsassız olaraq onun barəsində məlumatların yayılması, həqiqətən, onun şərəf və ləyaqətinə toxunub və şikayətinin geri götürülməsi ilə əlaqədar vəkil İradə Cavadova tərəfindən ona təzyiqlər edilib.

İradə Cavadova Komissiyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməyib.

Komissiyanın rəyinə əsasən, müəyyən olunub ki, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirib, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını təkzib etməyib.

Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədəki imzanın şikayətçiyə məxsus olub-olmaması məsələsinin araşdırılması isə intizam icraatı araşdırmasının predmeti olmayıb.

Beləliklə, vəkil İradə Cavadova tərəfindən vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halları müəyyən olunduğundan sonuncu barəsində Kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha KİV nümayəndələrindən yoxlanılmamış məlumatları dərc etməməyi, yaranmış suallarla bağlı bilavasitə Vəkillər Kollegiyasının mətbuat xidmətinə müraciət etmələrini xahiş edir.

Turan bildirib ki, İradə Cavadovadan Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu məlumatı ilə bağlı şərh almaq hələ mümkün olmayıb.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxşəliyev, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəlillərin barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası isə vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir. Azərbaycanda vəkillik institutunun neqativ durumu ilə bağlı beynəlxalq insan hüquqları təşkilatları çoxsaylı bəyanatlarla çıxış edib. Hökuməti bu sahədə islahatlar aparmağa və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

“Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir”, – İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) təşkilatının Azərbaycanda insan haqları sahəsində çalışan vəkillərə basqılardan, onların vəkillik fəaliyyətlərinin dayandırılmasından narahatlıq ifadə edən bəyanatında deyilir.

(azpolitika.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button