Vəli Ələsgərovun acı taleyinin ortaya çıxardığı sadə həqiqətlər

Novella Cəfəroğlu: “Bizi elə vururdular ki, ölək”

Naxçıvanın milli təhlükəsizlik naziri olmuş Vəli Ələsgərovun başına gələnlər geniş müzakirələrə səbəb olub. Nazir vəzifəsində olduğu vaxtlarda ictimai fəallara, müxalifətçilərə, MTN-ə aparılaraq dindirilən şəxslərə qarşı amansız, qeyri-insani rəftarı olan V.Əsgərovun özünə həmin “qaydalar” tətbiq edilir. 
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, 2011-ci ildə Redaktorlar Birliyini təsis edəndən sonra ilk qərar Naxçıvana gedib Turac Zeynalovun işini araşdırmaqla bağlı olub: “Naxçıvan MTN-də Turac Zeynalovu o qədər döymüşdülər ki, işgəncələrin sonucu olaraq dünyasını dəyişmişdi. Biz 20-yə yaxın jurnalist Naxçıvana gedib məsələyə aydınlıq gətirməyə çalışdıq. Həmin vaxt Naxçıvan MTN-in qarşısında gözətçilər bizi həbs etməyə çalışırdılar. Lakin 20 jurnalisti birdən həbs etməyin səs-küyündən qorxub buna getmədilər. Buna baxmayaraq, bizə qarşı son dərəcə kobudluq göstərdilər. Bu gün Vəli Ələsgərovun boynuna kəndir salıb asdıqları kimi, o dövrdə də Turac Zeynalovun boynuna kəndir salıb asmışdılar. Həmin günlərdə Vəli Ələsgərov nazir idi… Turac Zeynalovu öldürəndən sonra onun qadınını Naxçıvan MTN-in əməkdaşı İbrahim Musayevin əli ilə yoldan çıxardılar, ailəni dağıtdılar. O qadını öz qayınatasının üzünə qoydular. Yəni belə dəhşətli hadisələr məhz Vəli Ələsgərovun Naxçıvan MTN-ə rəhbərlik etdiyi illərə təsadüf edib. Bu gün Vəli Ələsgərovu elə həmin Naxçıvan MTN-də döyürlər, vəzifəli şəxslərin hüzuruna aparıb alçaldırlar, asırlar, üzünə tüpürürlər, təhqir edirlər. Əsgərov isə işgəncədən, qeyri-insani rəftardan şikayətlənir… Vəzifə daşıyıcısı bilməlidir ki, bu gün fərman verirsə, sabah özü də həmin taleyi ilə oynadığı insanların yerində olacaq”.
 
Ə.Zeynallı hazırda vəzifədə olan məmurlara çağırış edib: “Bu, ”JEK” müdirindən tutmuş ölkənin ən ali kürsülərində oturan məmurların hər birinə görk olmalıdır.  Hamı bilməlidir ki, dövlətin gücündən istifadə edib kiminsə üzərində qələbə qazana bilərsən, amma ilahi təcəlla bunu sənə bağışlamayacaq. Cəzanı mütləq alacaqsan. MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin viran qoyduğu ocaqlar, MTN-in idarə rəisi general-leytenant Akif Çovdarovun məhv etdiyi, rəzil duruma saldığı iş adamları var. Mahir Abdullayevin, “Monitor” jurnalının baş redakoru Elmar Hüseynovun taleyi birbaşa bu adamların boynundadır. Hamı elə bilirdi ki, bu adamlarının güclərinin həddi- hüdudu yoxdur. İlqar Əliyevin Azərbaycan mətbuatında həyatını zəhərə çevirdiyi şəxslərin taleyi gözümüzün qabağındadır. Hazırda həbsdə olan Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin etdikləri də unudulmayıb”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun da V.Əsgərovla bağlı xoş olmayan xatirələri var: “2003-cü ildə Naxçıvanda məni, digər hüquq müdafiəçiləri Səadət Bənəniyarlı və Sədaqət Paşayevanı vəhşicəsinə döydülər. Elə vururdular ki, ölək. Bizi Naxçıvan MTN-ə aparmağa cəhd etdilər. Qadının bu cür döyülməsinə fərman vermiş şəxs gec-tez cəzasını alacaqdı”.
N.Cəfəroğlu V.Əsgərovun bu gün üzləşdiyi zorakılıq rejiminin yaradılmasında böyük rolunun olduğunu vurğulayıb. Hüquq müdafiəçisi deyib ki, baş verənlərə rəğmən bu gün V.Əsgərovun düşdüyü durumda ona baş çəkməyə, tapdanmış hüquqlarının bərpa olunmasında yardımçı olmağa hazırdırlar: “Əgər ona işgəncə verilirsə, ona qarşı zorakılıq, qeyri-insani rəftar varsa, onun hüquqlarını müdafiə etməyə hazırıq. Baxmayaraq ki, bizi vaxtında döyüb, söyüb”.
V.Əsgərovun adı Naxçıvanda jurnalistlərə qarşı ağlasığmaz təqib, təzyiq və şantaj olaylarında da hallanıb. 2013-cü ilin mayında araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlu İstanbulda olarkən Şahin adlı Naxçıvan MTN əməkdaşı onu öldürmək üçün Türkiyəyə göndərilmişdi. Lakin o, “əməliyyatı” başa çatdıra bilməmişdi…
musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button