Vətəndaş cəmiyyəti fəalları Əli Həsənova müraciət ünvanlayıb

Ali_hasanov_media_mukafati_teqdimat2102.07.2013

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup fəalı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“1 il bundan əvvəl, 2 iyul 2012-ci ildə özünüz qeyd etdiyiniz kimi prezident İlham Əliyevin təşəbbüsü ilə QHT-hökumət dialoqu keçirilmişdi.  QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin moderatorluğu ilə keçirilən görüşdə əsasən vətəndaş cəmiyyətini narahat edən məsələlər müzakirə olunmuşdu və problemlərin həllinə az da olsa ümid yaranmışdı. Həmin görüşdə siz şəxsən özünüz problemlərin həlli üçün QHT-lər tərəfdən 80-dən artıq təklif irəli sürüldüyünü, onların hamısının qeyd edildiyini, problemlərin araşdırılacağını və müzakirələrin davam etdirilməsi üçün tematik görüşlərin davam edəcəyini bəyan etmişdiniz.

Amma ötən bir il ərzində dialoqun davam etdirilməməsi və ən əsası baş verən geriləmələr ümidlərimizi tam şəkildə puç edib və narahatçılığımızı daha da artırıb.

QHT-lərin çoxsaylı problemlərinin həlli əvəzinə 15 fevral 2013-cü il tarixdə QHT qanunvericiliyinə əlavə və dəyişiklər edilərək qeydiyyat olmadan maliyyə vəsaiti şəklində və ya başqa maddi formada yardımın qəbul edilməsi qadağan edilib, qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim edilməməsinə, ianə edilən pul vəsaitlərinin QHT tərəfindən nağd şəkildə qəbul edilməsi,  ianələrin məbləği və ya ianəni vermiş şəxslər barədə məlumatın Maliyyə Nazirliyinə təqdim olunan maliyyə hesabatına daxil edilməməsi  görə cərimələr müəyyən edilib və cərimələrin məbləği pozuntuya adekvat olmayan şəkildə artırılıb.

QHT-lər tərəfindən başlanan kampaniyalara, təşəbbüslərə, xüsusən “Demokratiya naminə incəsənət” kampaniyasına qarşı əvvəlki dövrlərdə olduğu kimi uydurma qara PR kampaniyası aparılıb. Sərbəst toplaşmaq azadlığı və siyasi məhbus problemi nəinki həll edilməyib, əksinə qanunvericiliyə 2 noyabr 2012-ci il və 14 may 2013-cü il tarixlərdə sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran əlavə və dəyişikliklər edilib. Nəticədə mövcud vəziyyət daha da ağırlaşıb, siyasi motivlərlə onlarla şəxs həbsə atılıb.  Qeyd etdiyimiz və etmədiyimiz bütün problemlərdən məlumatlı olduğunuza əmin olduğumuzdan bunların hamısını sadalamağa ehtiyac duymuruq.

Mövcud olan istənilən problemi həll etmək mümkündür və onların həll ediləcəyinə əminik, amma dialoqsuz şərait bu fəaliyyəti olduqca çətinləşdirir. Vətəndaş cəmiyyəti olaraq biz öz üzərimizə düşən vəzifələri bundan sonra da yerinə yetirəcəyik. Pozulmuş hüquqların bərpası işi təşkil olunacaq, problemlərin həllinə biganə yanaşan dövət qurumları və məmurlar tənqid ediləcək, hüquq və azadlıqların müdafiəsi üzrə təşəbbüslər, kampaniyalar, maarifləndirmə işləri davam edəcək. Bu Azərbaycanda qarşısıalınmaz bir prosesdir və vətəndaş cəmiyyətinin səyləri mütləq öz müsbət nəticəsini verəcək.

İnsan hüquq və azadlıqları sahəsində üzərinə götürdüyü öhdəliklərə və demokratik inkişaf yolunun seçilməsi ilə bağlı səsləndirdiyi bəyanatlara hörmətlə yanaşan hakimiyyətlər ilk növbədə vətəndaş cəmiyyəti ilə, tənqidi mövqe nümayiş etdirən hüquq müdafiəçiləri və fəallarla təmasda olurlar.  Biz ötən görüşdən əvvəl də, ondan sonra da hər zaman dialoqa hazır olduğumuzu bəyan etmişik. Vətəndaş cəmiyyət təşkilatları bunu öz tədbirlərinə dövlət qurumlarını dəvət etmək, mövcud problemlərin həlli üçün birgə fəaliyyət göstərmək və səyləri səfərbər etməklə bağlı çoxsaylı müraciətləri ilə sübut ediblər.

Hesab edirik ki, real dialoq şəraiti yaradılmalı və  vətəndaş cəmiyyətinin çağırışlarına hökumət hörmətlə yanaşmalıdır. Əks halda mövcud vəziyyət pisləşməkdə davam edəcək. Bu isə ilk növbədə hakimiyyətin və ümumilikdə ölkəmizin imicinə pis təsir göstərəcək. Ümid edirik ki, bunu bizim kimi siz də arzulamırsınız.

Qeyd edilənləri nəzərə alaraq, hakimiyyəti öz vədinə əməl edərək dialoqu davam etdirməyə,  mövcud problemləri həll etmək üçün vətəndaş cəmiyyətinin çağırışlarına və təşəbbüslərinə hörmətlə yanaşmağa çağırırıq”.   Müraciəti aşağıdakılar imzalayıb:

Cəfərov Rəsul, İnsan Hüquqları Klubu
Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Gülnarə Axundova, Azərbaycan Media Mərkəzi
Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqçular Assosiasiyası
Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İctimai Birliyi
Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Azər Mehdiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
Ziya Quliyev, Hüquqi Təşəbbüslər Mərkəzi
Fuad Həsənov, Demokratiya Monitoru İctimai Birliyi
Samir Kazımlı, Siyasi Azadlıqları Müdafiə Alyansı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button