Vahid Əziz poeziyası…

Mən hönkürmək istəyəndə…

 

Mən hönkürmək istəyəndə –

Suya girmək istəyirəm,

Mən hönkürmək istəyəndə –

Yer süpürmək istəyirəm,

Mən hönkürmək istəyəndə –

Bərk tüpürmək istəyirəm.

 

Mən hönkürmək istəyəndə –

Göz yaşımı yalnız özüm,

Yer süpürmək istəyəndə –

Təlaşımı yalnız özüm,

Mən tüpürmək istəyəndə –

Savaşımı yalnız özüm;

 

Zəmanənin sifətində –

Tüpürcəyi,

Süpürgəçi zəhmətində –

Gələcəyi,

Gözyaşları tökdürəndə –

İyrəncliyi,

Özüm

Görmək

Istəyirəm!

 

Mən sevilmək istəyəndə –

Bir ümmana çevrilirəm,

Çörək vermək istəyəndə –

dəyirmana çevrilirəm,

Mən hönkürmək istəyəndə –

Şair qəlbim, yalnız sənə,

Təkcə sənə

Üz

Çevirmək

Istəyirəm…

 

Alma Afrikadan, soğan İrandan…

 

“AZN” basanda pulabaxanlar,

Nədənsə “üçlüyü” atıb başından.

Alanlar, satanlar, mala baxanlar,

Bezikər “bir manat” axtarışından.

 

Yeni pulumuzda Avropa başda,

Ayı, “atanşiklik” adətdi bizdə,

Toylarda qalardı ayaqlar altda,

“Şabaş” – “Nizamimiz”, “Füzulimiz”də.

 

Gəl ki, nə gücü var, nə bərəkəti,

Su da içmək olmur “20 qəpikdən”,

“Yeddi Məmmədəmin” olan mal əti,

Az qala “Onluğu” yıxa təpiknən.

 

Bizlərdə “Dolların” hörməti yoxdu!

“AZN” çırtmaya vurub – aşırar,

Di gəl ki, elə ki bazara çıxdı –

“Başın kəsən kimi, canın tapşırar”.

 

Əlbəttə, manatı böhran yeyəcək –

Alma – Afrikadan, soğan –İrannan,

Gədəbəy, kartofdan biryolluq əl çək,

Quba vidalaşsın almalarıynan.

 

Gözəl Gədəbəydə villalar salıb,

Quba bağlarına saraylar tikək.

Milli “sortlarımız” daha azalıb,

Səfərbər olmuşuq – kökünü kəsək!

 

Əla, xoşum gəldi “Turizm” ilindən!

Amma bir əmma var axını kəsən,

Nabranda on günə xərclədiyinnən,

Bir ay Avropanı gedib gəzərsən!

 

Vallah, çırpacaqlar, coşdum yenə də –

Nə olsun, yazarıq, haray salarıq.

Lap elə “Avro”nu üstələsə də,

Bu cür “AZN”-lə yoxsul qalarıq…

 

Torpağın sahibi sayılsaq da biz…

 

Əliboş dönürəm baxt bazarından,

Ayağım düşmədi, bazar qurudu.

Ədalət – müstəbid gözündə zindan,

Şair nəzərində Tanrı nurudu.

 

Düşünər imanı şeytana bağlı:

“Var-dövlət yaxında, Dərgah uzaqda”.

İnsanın özünə getməsin ağlı –

Tanrının yanında ölü də, sağ da.

 

Hə olar; hər yerdən şair qovulsun,

Əlləşsin var-yoxu bircə canıyla.

Nadana nə var ki: işində olsun,

Ölçsün hamımızı öz arşınıyla.

 

Bəlkə də günahlar Vətən daşında –

Haram hörgülərdə qalıb-qopmadı.

Vətən harınların anlayışında:

“Sonalar-sonası, yoxsul arvadı”.

 

Kim deyir: “Ağ edib vəkillə vəzir,

Bir dəstə yırtıcı Yurdu talayır”?!

A yazıq, bizlərdə rüşvət nə gəzir? –

Sadəcə, bal tutan barmaq yalayır.

 

Bitər nakamlıqla Vətən sevgimiz,

Çiçəklər əpriyər, bar tələf olar.

Torpağın sahibi sayılsaq da biz,

Bölgüylə payımız ot-ələf olar…

 

Balaca adam…

 

Sıxma ürəyini, balaca adam;

Bilmirsən özünü hara vurasan.

Oğul-qız bir yana, balacalıqdan

Ev-eşik yanında üzü qarasan.

 

Sıxma ürəyini, balaca adam,

Oraq da xırdanı bimir axırda.

Gör heç korluq çəkir balacalıqnan? –

Yapon da xırdadır, çinli də xırda.

 

Sıxma ürəyini, balaca adam,

Bir gün gözə dəyən vaxtın olacaq,

Mütləqa haçansa yetəcək məqam,

Xırda çiyinlərə mafan qalxacaq.

 

Sıxma ürəyini, balaca adam,

Sıxma ürəyini, adi vətəndaş.

Bil ki, alilərdən ön sıradasan,

Allah eləməmiş başlasa savaş!

 

Sıxma ürəyini, balaca adam,

Ölməyə tələsmə – gərəksən diri.

Dikdaban arama, yada salınsan,

Çox da hündür olmur Qutunun yeri.

 

Sıxma ürəyini, balaca adam…

 

Bu gün qurd olacam – ulaya bilsəm…

Bu gün vicdanıma xəyanət edib –

Döyüş meydanında tək qoyacağam,

Bütün qayğılara – “Əlvida” – deyib,

Təkcə özüm üçün yaşayacağam.

 

Bu gün kar olaraq aman – ahlara,

İmdad haraylara yalvarışlara,

Dönərək lal–dinməz cansız daşlara,

Təkcə öz halıma ağlayacağam.

 

Bu gün ülviyyətə qəsd edəcəyəm,

Qəlbimə küdurət öyrədəcəyəm,

Sevgimi nifrətə çevirəcəyəm –

İnsafa lənətlər yağdıracağam.

 

Bu gün kəsəcəyəm haqqın yolunu,

Qıracam insafın məğrur qolunu,

Əynimə geyərək namərd donunu,

Gücsüzə, zəifə od vuracağam.

 

Bu gün ulayacam kor bayquş olub,

Evlər yıxacağam zülmə qoşulub,

Bir harın alçağa dost–yoldaş olub,

Əxlaqdan, namusdan dəm vuracağam.

 

Bu gün satılaraq şərəfsiz şərə,

Çirkablar atacam mərd kişilərə,

Bəxşişlər edərək fahişələrə,

Şənimə badələr qaldıracağam.

 

Bu gün güləcəyəm kasıb toyuna,

Acıb göz dikəcəm yetim payına,

Mükafat verərək bu gün qoyuna,

Qoçların hamısın burduracağam.

 

Bu gün qurd olacam – ulaya bilsəm,

Qorxub quyruğumu bulaya bilsəm,

Mən bu gün bunları eləyə bilsəm,

Özüm öz boynumu vurduracağam…

 

Qarabağda…

 

Yurdun altı-üstü oyuq-oyuqdu,

Bərkiyər keçilməz lay Qarabağda.

Tanrım, məgər xalqım buna layiqdi,

Nə qədər düşəcək vay Qarabağda?!

 

Vətən dirək idi, vaxt çəlik etdi,

Nurlu bənizləri ləkəlik etdi,

Qaçqın şəhərciyi gəlin gətirdi –

Dedilər: çalındı toy Qarabağda!

 

Bülbül də yoruldu solğun otunnan,

Mərmi də küt getdi nəm barıtınnan,

O qədər kişilər düşdü atınnan,

Söndü zabıtalı soy Qarabağda.

 

Allah insaf versin – dərd zarafatçı!

Hələ də ilxıçın tapmır qatırçı,

Çıxarım qəlbimi, a kəşfiyyatçı,

Tapsan, pak ocağa qoy Qarabağda.

 

Ordular, silahı vuran eləyin,

Vətən sevgisini “Quran” eləyin,

Düşmən yuvasını viran eləyin –

Bir daha atmasın boy Qarabağda!

 

Yurdum, gözlərinnən yatan hansıdı?

Doğma qəbirlərdən batan hansıdı?

Hürən çox, gör bizi tutan hansıdı,

Axsın qanlarından çay Qarabağda…

 

Millətimə bələdəm…

Qarabağda məskunlaşmış ermənilərə…

 

Qurtarsın “güclülərin” – “pişim-pişim” oyunu,

Yoxsa Azərbaycanım hərb yolunu tutacaq!

Sonra ha əlləşsinlər: “qardaşım, yapma bunu..” –

Millətimə bələdəm; bildiyini “Yapacaq”!

 

Millətimə bələdəm; ürəyi çiçək kimi,

Üstün bilməz heç nəyi – kəsdiyi çörək kimi,

Amma ki, mərdliyinin basdığı acı kini,

Kim oyatsa, ilanın yuvasında tapacaq!

 

Verər gözündən nuru – onu uman tapılsa,

Əsirgəməz canını hər kimə – “dərman” olsa,

Dözər, amma qüruru balaca tapdalansa –

Tufantək süpürləyib, hara gəldi atacaq!

 

Həlləhüşdü: Türklərin tərs üzünü unudub,

Düşmənim onun-bunun harası gəldi tutub,

Azərbaycan Pələngdir, bir gözü açıq yatıb;

Pəncəsi dəyən kimi – “Daşnaksütyun” batacaq!

 

Sizə yurd-yuva verdik “Ərmən dağlarımızda”,

Tapıb qanlar sömürdüz “zəif damarımızda”,

Bu cür qudurğanlığın günahı hamımızda –

Hamı da bir gün sizi çox şeylərə qatacaq!

 

Özündən betər axmaq – axmaqları öyənlər,

İndi qardaşın oldu – “Şurtvas hay” deyənlər? – !

Erməni kəllən haqqı – səni gic eləyənlər,

Axırda lüm-lüt edib, tumanını satacaq!

 

Gözlərin…

 

Cəhd eləyir yurd-yuvamı dağıda,

Od yağdırır, daş ələyir gözlərin.

Can dalınca gəlmiş kimi – yuxuda,

Tutub məni silkələyir gözlərin.

 

Bu, nəyimiş? – Görünməyib beləsi,

Ölümdüsə, ölümlüyün eləsi,

Şeytandısa, Şeytan kimi söyləsin,

Adamdısa, nə diləyir gözlərin?

 

Qurban olum, axı nədir umacaq?

Elə yaxır, nəmənədir od–ocaq!

Zəlil qalsam günah sənin olacaq –

Heç bilirsən nə eləyir gözlərin?!

 

Leysan gedir, bəlkə yenə ağlayır?

Ağlım itir, bəlkə vaxtı saxlayır?

Kiprikləri elə açıb-bağlayır,

Elə bil ki, gül bələyir gözlərin.

 

Nəğmələrim gözəllərin dilində,

Namələrim xəzəllərin külündə,

Bir ömrüm var, o da sənin felində,

Daha nəylə hədələyir gözlərin?

 

Viran etsin, inandığı kardısa,

Atıb-getsin boylandığı kordusa,

Gözlərimə ədavəti vardısa –

Ürəyimə niyə dəyir gözlərin…

 

Qocalıqdan xəbərsizlərə…

 

Ələ keçə sənə rişxənd eləyən,

Nəyi yanlış, nəyi düzdü – deyəsən,

“Hər bir yaşda gözəllik var” söyləyən

Qocalıqdan xəbərsizdi, deyəsən!

 

Cavanlıqda qaş-göz atar hər gözəl,

Bacarırsan ömrü-günü sür gözəl!

Keçə yarı vədə verə bir gözəl,

Qapısını gizdi-gizdi döyəsən.

 

Söndürələr sinəndəki yanğını,

Solduraraq hey çəkələr qayğını,

Soruşanda içindəki çovğunu:

“Sənə coşan bir dənizdi” – deyəsən.

 

Vaxt elə ki qaraldacaq qanını,

Əl ağacı kəsdirəcək yanını,

Atıb getmiş xəbər ala canını:

“Sən gedəndən kimsəsizdi” – deyəsən.

 

Çarə olmaz vaxt belini əyənə,

Bəla gələr gül xətrinə dəyənə,

“Vahid Əziz vəfasızmış” – deyənə

“Sənə qurban bu Əzizdi” deyəsən…

 

Sən hardasan…

 

Əllərimdə saçlarının qoxusuyla,

Ürəyimdə gileyinin qorxusuyla,

Gözlərimin ayrılıqlı yuxusuyla

Şübhələrdə dolaşıram, sən hardasan?

 

Nə bəzənim, kimə görə nə yaraşıq?

İçimdəki son baharım dərdli aşıq,

Saçlarıma əl gəzdirir qara işıq,

Bəyaz-bəyaz alışıram, sən hardasan?

 

Yalvararaq, sənə “Qayıt” deyən mənəm,

Ürəyini şübhələrlə yeyən mənəm,

Günahsızım, gəl, xətrinə dəyən mənəm,

Dərk eləyib barışıram, sən hardasan?

 

Xəbərin var, güllər çöldə ətirlənib,

Ay nə geyib sakit göl də bədirlənib,

Zaman keçir, boğazıma can dirənib –

Kimi görsəm soruşuram. sən hardasan?

 

Bu Vətən…

 

Yaşayarıq o verdiyi çörəknən –

Canımızdı, qanımızdı bu Vətən,

Silinməsi mümkün deyil ürəkdən,

Yer üzündə Tanrımızdı bu Vətən.

 

Başda durar eşqə alqış deyəndə,

Vulkan olar düşmən atəş geyəndə,

Orduları yumruğunu düyəndə,

Ən müqəddəs andımızdı bu Vətən.

 

Dərdli bizik, yadlar ona yanmadı,

Nifaq salan anlamadı, qanmadı,

Ara-sıra əysələr də sınmadı –

Pozulmayan tarix yazdı bu Vətən.

 

Dünya bilir – Azərbaycan ünvanı,

“Bakı-Ceyhan” nur daşıyan karvanı,

Yormaq olmaz polad kimi bu canı –

Sənsən – mənəm, hamımızdı bu Vətən.

 

Dar günündə xilaskarı el olar,

Arzuları qönçələnib gül olar,

Çeşmələri qovuşaraq sel olar –

Arpa çayı, Kür, Arazdı bu Vətən.

 

Çox olubdu qeyb olmuşu, itmişi,

Bilə-bilə şəhidliyə getmişi,

Olmasaydı ləyaqətli keçmişi,

Sevilərək sayılmazdı bu Vətən…

 

Sahil “Əlyazması” xatirələrin…

 

Bir yerdə dayanmır dərənin səsi,

Gah haray qoparır, gah dinir yavaş.

Dağın çay yenişə düşən kölgəsi –

Gedənə yoldaşdır, qalana sirdaş.

 

Sahil “Əlyazması” xatirələrin;

İtənin, bitənin, atıb gedənin,

Qaçaq arvadına verdiyi sirrin,

Altında bir daşdı, üstündə bir daş.

 

“Qayıt” – yalvardığım üz tutar hara?

Tanrı deyiləm ki, göz verəm kora,

Ya onu aparar, ya məni gora –

Bizi barışmaya qoymayan savaş.

 

Nə olar, hamının taleyi gülsə,

Qazanı iştaha qaynaya bilsə,

“Yetimçə” pulludan qız ala bilsə –

Halaldı ömürlük etdiyi “daşbaş”!

 

Bir yerdə dayanmır dərənin səsi,

Qayalar oynadır selin hikkəsi,

Dağın çay yenişə düşən kölgəsi,

Gün batır, sulardan çıx yavaş-yavaş…

 

Bəlkə…

 

O, gah unudular, gah təzələnər –

Gülmüşdüm, başıma gələndi bəlkə?

Sevgidə nəsə var Şeytana bənzər –

O zaman üzümə o güldü bəlkə?

 

Nəyə and içdimsə, dedi: “Yalandı”,

Dərdi məsxərəyə qoydu: “Filandı”,

Od vurdu, içimdən duman qalamdı,

Başıma ələnən o küldü bəlkə?

 

Vaxt yaman ötüşür, anları seldi,

Canı bizdən alar, qanadı yeldi,

Ülvi bir sevginin xəbəri gəldi,

Röyamda sevmişdim, o, öldü bəlkə?

 

Sevinc gözlədiyim tərəfə varmır,

Kiməsə gərəyəm, niyə aparmır?

Ömür əl götürüb, candı qurtarmır,

Barama qurduna çəkildi bəlkə?

 

Baharlar gül əkib, payızlar dərib,

Qoşalar – dünyalı, yalqızlar – qərib,

Bəlkə ulduzları özü göndərib,

Hərəsi bir cürə şəkildi bəlkə?

 

O, mənə gah düşmən, gah sirdaş oldu,

Ömrümə tac bildim, düşmən daş oldu,

Küsürəm – açılır, qovuram – solur;

“Dəlicə” deyilən o güldü bəlkə?

 

Pəncərə sındırmır, qapını çalmır,

Ərməğan bəxş edir, cüt yola salmır,

Biz əldən düşürük, sevgi qocalmır,

Yaşı neçə-neçə min ildi bəlkə?

 

Sönmürsə sevgimin nədəndir gözü?

Yaxşı da özüymüş, yaman da özü,

Gedək, danışdıraq Vahid Əzizi,

Həyatda vardısa, o, bildi bəlkə…

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button