Vakant dövlət qulluğu vəzifələri üçün müsabiqə elan edildi

is yeri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən martın 11-dən 71 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 319 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 36 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.

Komissiyadan  bildiriblər ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 174-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 144-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı bu test bloklarından ibarətdir: dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə (15 test tapşırığı), qanunvericilik sahəsi üzrə (40 test tapşırığı), informasiya texnologiyaları sahəsi üzrə (15 test tapşırığı), məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə (30 test tapşırığı).

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı martın 11-dən aprelin 11-də saat 18:00-dək Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini martın 11-dən martın 30-da saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 11 mart tarixli nömrəsində və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button