Vardanyan: “Ermənilər bir yana, heç azərbaycanlıların hüququ yoxdur”

“Biz Azərbaycanın bir hissəsi olmayacağıq”

“Dağlıq Qarabağ“ın dövlət naziri, rusiyalı iş adamı Ruben Vardanyan BBC-nin məşhur “Hard talk” proqramına müsahibə verib.

Aparcı Stiven Sakur proqrama “anklav dərin problemlər içindədir, Rusiya onu xilas edəcəkmi?” sualıyla başlayıb.

Ruben Vardanyan jurnalistə Azərbaycanın dəstəyilə ekoloqların yolu bağladığını xatırladıb.

Vardanyan deyib ki, onlar Qızıl Xaç və Rusiya sülhməramlıları istisna olmaqla, başqa mənbələrdən heç nə almırlar:

“30 min uşaq var, elektrik yoxdur, elektrik enerjisi məhduddur, qaz ümumən yoxdur. Qızıl Xaç və Rusiya sülhməramlıları olmadan indi ərazimizə dərman və yanacaq gələ bilməz”.

Jurnalistin bölgədəki insanların nə vaxta qədər dözəcəkləri barədə sualına Vardanyan: “Artsaxdakı ermənilər çox güclü insanlardır”, – deyə cavab verib.

“Min illərdir ki, burada yaşayırıq, vətəndə qalmaq öhdəliyində çox güclüyük. 35 ildir ki, döyüş davam edir, biz bir ərazini müdafiə edirik. Qarşılaşdığımız bütün çətinliklərlə birlikdə inanıram ki, çox güclü olacağıq, insanlar vətənimizə sadiq qalacaqlar”, – deyə o vurğulayıb.

“Siz ərazinizi Artsax, Azərbaycan hökuməti də Dağlıq Qarabağ adlandırır, beynəlxalq ictimaiyyət də belə qəbul edir. İndi orda 2000 rus sülhməramlısı var, onlar təchizatın keçməsi üçün yolu niyə açmırlar?” sualına Vardanyan belə cavab verib:

“Sualınıza cavab verməzdən deməliyəm ki, 80-ci illərdəki sovet Azərbaycanının tarix kitablarına nəzər salsanız, orada Artsax adı var, erməni ərazisi kimi qeyd olunub. Mən yeni bir iş görmürəm. Bu, Sovet dövründə Azərbaycanın məktəb tarixi kitabında var idi. Sülməramlılara gəlincə, onların silahdan istifadə etmək imkanı çox məhduddur. Yolu bağlayanlar formal ekofəallar və mülki şəxslərdir. Bizim 540 kilometrlik sərhədimiz var ki, ona da Rusiya sülhməramlıları nəzarət etməlidir, onların atəş açmaq haqları yoxdur. İstənilən sülhməramlılarda olduğu kimi iki tərəf arasında müdaxilə etmək həmişə çətindir”.

Stiven Sakur Ruber Vardanyana Ukrayna savaşının Rusiyanı çətin vəziyyətdə qoyduğunu xatırladaraq Moskvadan dəstək verilib-verilmədiyini də soruşub: “Putinin qərarlarının nə olduğunu bilmirəm. 2020-ci il sənədinə əsasən, Azərbaycan ərazidə əsgər sayına məhdudiyyət qoyub. Ona görə nədən bəhs etdiyinizi bilmirəm, ola bilsin ki, əsgər göndərilib. Amma biz bu gün Azərbaycanın pozduğu sənədə əməl edirik. Çünki buradakı ermənilər üçün açıq yol təminatı verilib. İndi isə bu, tamamilə pozulub”.

“Paşinyandan fərqli olaraq Moskvanı niyə az tənqid edirsiniz?” sualına isə Vardanyan konkret cavab verməyib:

“Bilirsiniz, sizə bura gəlməyi məsləhət görərdim. Bizdə 30 min uşaqla 120 min insan var ki, onları xilas etmək lazımdır. Mən sizə sual vermək istəyirəm: bu halda yanınızda qalan insanlara sülh istəyirsiniz?”

Buna cavab olaraq Stiven Sakur ona: “Mən Londondayam, siz isə Dağlıq Qarabağda. Sizin üçün həll edilməli olan reallıq var. Belə görünür ki, nəinki ruslar sizə kömək etmir, Ermənistanla, xüsusən Baş nazir Paşinyanla münasibətləriniz getdikcə, daha toksik olur. Görünür ki, Yerevanın sizinlə işgüzar münasibətləri yoxdur”, – deyə reaksiya verib.

Ruben Vardanyan belə bir məlumatı olmadığını bildirib və sualdan yayınıb: “Bizdə əsas şəxs prezidentdir, onun da Baş nazirlə münasibətləri həmişə yaxşı olub. Bilmirəm, nədən danışırsınız, bu, fərziyyədir. Məncə, söhbətimizdə bunu müzakirə etmək mənasızdır”.

Jurnalist Vardanyana Putinin hakimiyyət yüksəlişi ilə onun biznes karyerası qazandığını, 1 milyard dollar sərvətə sahib olduğunu xatırladıb və Qarabağda niyə yaşamağa qərar verdiyini soruşub.

Vardanyan isə biznesə 1991-ci ildə amerikalı investorlarla başladığını bildirib:

“Mən ABŞ və İngilərədə də biznes qurdum, 30 fərqli ölkədə İdarə Heyəti üzvüyəm. Buna görə Putinlə yaxınlığım haqda qənaətiniz düzgün deyil. Çünki müxtəlif ölkədə olan hakimiyyətlə və özəl sektorda olan çoxlu insanla işləmişəm”.

Stiven Sakur ona Navalnının Fondu və Mütəşəkkil Cinayətkarlıq Araşdırma Layihəsi tərəfindən şübhəli biznes əlaqələrində ittiham edildiyini xatırladıb:

“Belə deyək, sizin Putinin nəzarətində olan oliqarx sisteminin bir hissəsi olmağınız haqda iddialar var. Bu, sizin böyük sərvətinizin qismən izahıdır”.

Ruben Vardanyan deyilənləri belə şərh edib:

“4 il əvvəl bu yazı dərc olundu. Mən də 4 ildir ki, mövqeyimi qorumaqda davam edirəm. Bu, sübut edir ki, bunlar yalnız iddialardır. Çünki heç bir ölkədə məhkəmə işi açılmayıb. Onda Kral Çarlz, Corc Kluinin pulları haqda iddialar necə? O cümlədən, mənim bir çox dostlarım barəsində də iddialar var idi. Ancaq bunlar sübutu olmayan iddialardır. Vardanyanı nədəsə günahlandırmaq, “SityBank”ı nədəsə günahlandırmaq kimi bir şeydir. Məncə, bu, manipulyasiya üsuludur, siz də bu məlumatdan istifadə edirsiniz”.

Aparıcı azərbaycanlı politoloq Elxan Şahinoğlunun “Vardanyan Moskvanın adamıdır, məqsəd Qarabağda nəzarəti tam ələ almaqdır” iddiasını xatırladıb və “Niyyətiniz budurmu?” – deyə sual edib.

Amma R.Vardanyan suala cavab verməyib: “Düşünürdüm ki, proqramınız humanitar fəlakət, insan haqları haqda olacaq. Xüsusən Azərbaycan tərəfi ilə bağlı bütün spekulyasiyalara uysaq, əbədi davam edə bilərik. Mən 120 min insanın təzyiqlərə dözərək necə sağ qalmasından danışmağa üstünlük verirəm. Yeri gəlmişkən, son 30 ildə Azərbaycanda nə qədər ekoloji etiraz aksiyası olduğunu yoxlamanızı tövsiyə edirəm. Avtoritar Əliyev rejimi müxalifətə ona qarşı danışmağa icazə verib? Biz indi elə şeydən danışırıq, burada nə baş verib, siz ona toxunmursuz”.

Bütün bunların qarşılığında Stiven Sakur baş verənlər haqqında danışmaqda maraqlı olduğunu deyib:

“Mənə elə gəlir ki, yeganə variantınız Azərbaycanla siyasi sövdələşmə hazırlamaqdır, ya da Dağlıq Qarabağdakı erməni icması qərar versin ki, bu, artıq dayanıqlı deyil və ərazini tərk etsin. Bunların hansı olmalıdır?“

Ruben Vardanyan jurnalistə Avropa Parlamentinin Laçın yolunun açılması haqda qətnaməsini əsas gətirərək bildirib ki, bu sənəd təkcə Rusiyanın deyil, Avropanın, Fransanın və ABŞ-ın məsələyə ümumi baxışıdır.

Bundan sonra jurnalist sualını fərqli formada qoyub:

“Mənim sualım dəyişməz qalır, sizin Dağlıq Qarabağ icmanız uzunmüddətli perspektivdə necə yaşaya bilər? Hətta Yerevan da bunun ərazi məsələsi olmadığını deyir. Onlar Dağlıq Qarabağı müstəqil dövlətə, yaxud Ermənistanın bir hissəsinə çevirmək iddiasında deyillər. Amma nəticə olaraq siz uzunmüddətli perspektivdə suveren Azərbaycanın bir hissəsi olacaqsınız, bunu qəbul edirsinizmi?“

Vardanyan 1988-ci ildən mübarizə apardıqlarını deyərək əlavə edib ki, onlar Azərbaycanın bir hissəsi olmayacaqlar:

“Biz dünyaya aydın sualla üz tuturuq: öz müqəddaratımızı təyin etmək hüququmuz varmı? Xüsusilə öz xalqının hüququnu pozan bir dövlətdən. Yeri gəlmişkən, mövcud olduğu 104 ildə bir ölkəyə 44 ildir ki, bir ailə nəzarət edir. Ermənilər bir yana qalsın, Azərbaycan xalqının bir hüququ yoxdur. Belə olduqda, etnik azlığın vəziyyətini necə təsəvvür edirsiniz? Ona görə də bizim üçün “istəyirik, ya yox” sualı aktual deyil. Biz heç bir şans görmürük”.

R.Vardanyan Azərbaycanla hər cür danışıqara hazır olduğunu söyləyib:

“Artsax müstəqilliyinin ilk günündən demişik ki, yanaşı yaşayacağıq. Lakin bura ayrıca ərazi, dövlət və qanun-qaydaları olacaq. Çünki biz 4 prezidentin seçildiyi demokratik ölkəyik. Özümüzü Azərbaycanın bir hissəsi kimi görə bilmirik. Amma eyni bölgədə yaşamaq faktına hörmət edirik. Bütün çətinliklərə baxmayaraq hər iki tərəf üçün məqbul olan həll yolu tapmalıyıq”.

Vardanyanın jurnalistin: “Rusiyanın Ukraynada işğalçılıq müharibəsinin qınamalı olduğunu və Ermənistan üçün böyük dərs olduğunu görürsünüzmü?” – sualına: “Mən burada yaşayan övladlarımın və millətimin müdafiəsi üçün cavabdehəm. Artsaxı xilas etmək üçün nə lazımdırsa, onu da edəcəyəm” cavabı verib və “Bu, heç cavab deyil” – reaksiyası ilə qarşılanıb.

Belə olanda, Vardanyan deyib ki, onun bu məsələyə şərh verməsi səhv olardı.

“Mən yalnız qazsız, işıqsız qalan xalqımla maraqlanıram”

Ruben Vardanyan aparıcının: “Dağlıq Qarabağda olanların çoxu sizin bura yad olduğunuzu düşünür. Siz Moskvadan sərvət qazanaraq gəldiniz. Qarabağda yox, Yerevanda doğulmusunuz” – fikirlərinə: “Mənim nənəm buradandır”, – deyə reaksiya verib:

“Son 20 ildə Artsaxda təxminın 89 layihə həyata keçirdim, oğlum burada hərbi xidmətdədir. Qızım da burdaydı. Dedikləriniz fərziyyələrdir, əlbəttə, insanlar boşboğazlıq edə bilərlər. 2022-ci ildə gələndə dedim ki, adi insan kimi yaşayacağam, heç bir vəzifə tutmaq iddiasında olmamışam. Prezident bu vəzifəni təklif etdi, amma vəzifə olmadan da xoşbəxtəm. Mən dəstəyimə ehtiyacı olan insanların yanındayam”.

İş adamı R.Vardanyan 2022-ci ilin sentyabrda Rusiya vətəndaşlığından çıxdığını bəyan edib və Dağlıq Qarabağa köçüb.

Noyabrın əvvəlində o, tanınmamış “respublika”nın baş naziri olub.

R.Vardanyan “Vardanyan, Broitman and Partners” investisiya şirkətinin prezidenti, RVVZ Fondunun və Moskva İdarəetmə Məktəbi “Skolkovo”nun həmtəsisçisidir.

“Forbes” R.Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirir. O, rusiyalı milyarderlərin reytinqində 116-cı yerdə idi.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi ki, Azərbaycan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyanla yox.

İlham Əliyevin sözlərinə görə, Vardanyan Moskvadan çox aydın gündəliklə göndərilib.

Laçın dəhlizində nə baş verir?

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button