Vardanyanın vəkilləri işgəncə iddiası ilə BMT-nin xüsusi məruzəçisinə müraciət edib

Yayımlandı: 14 İyun 2024 13:32

Ruben cəza kamerasına salınıb, yuxudan və içməli sudan məhrum edilib”

İyunun 13-də Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin “dövlət katibi” olmuş Ruben Vardanyanın beynəlxalq vəkillər qrupu Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələrə qarşı Komitəsinin xüsusi məruzəçisinə təcili ərizə təqdim edib.

Ruben Vardanyan hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Vəkillər Ruben Vardanyana qarşı işgəncə və pis rəftarın olduğunu iddia ediblər.

Onlar keçmiş “dövlət katibi”nin ailəsinə istinadən yazıblar ki, 2024-cü ilin aprelində aclıq aksiyası zamanı Ruben cəza kamerasına salınıb, yuxudan və içməli sudan məhrum edilib və ünsiyyətdən kənar saxlanılıb:

Bunun nəticəsində onun aldığı fiziki və ruhi sarsıntının şiddətini hələ də tam bilmirik”.

Ailənin beynəlxalq vəkili Jared Genser qeyd edib ki, Azərbaycan Vardanyanı təhdid kimi gördüyündən onu susdurmağa çalışır:

“Qanunsuz həbslərə və son vaxtlar işgəncələrə əl atılır. Əgər Azərbaycan hakimiyyəti öz ölkəsinin beynəlxalq arenada ciddi qəbul edilməsini və “COP29”-un “sülh konfransı”na çevrilməsini istəyirsə, Rubenə qarşı pis rəftarını dayandırmalı, onu və “Dağlıq Qarabağ”ın digər siyasi məhbuslarını dərhal azad etməlidir”.

Müraciətdə Ruben Vardanyanın böyük oğlu Daviddən sitat da gətirilir:

Atamın çəkdiyi dəhşətlər haqqında öyrəndikdə şok olduq. Atamdan fərqli olaraq beynəlxalq dəstək görməyən digər az tanınmış məhbuslarla Azərbaycanda nə etdiklərini düşünmək belə qorxuludur. Azərbaycanda siyasi məhbuslara – istər erməni, istər azərbaycanlı, istərsə də hər hansı digər millətin nümayəndəsi olsun – qeyri-insani rəftara son qoyulmalıdır. Biz BMT-ni Azərbaycan hökumətini məsuliyyətə cəlb etməyə və atamın həyatının qorunmasına kömək etməyə çağırırıq”.

Müraciətdə iddia olunur ki, Vardanyanın saxlanıldığı cəza kamerasının işığı sutkanın 24 saatı yanır:

“Bu da ciddi yuxusuzluğa və yorğunluğa səbəb olurdu. Üstəlik, o, yuyunmaq və paltarını dəyişmək imkanından məhrum edilib, tualet kağızı verilməyib, oxuyub-yazmasına icazə verilməyib, yataq dəstindən məhrum edilib, çirkli döşəkdə yatmağa məcbur olub”.

Azərbaycanın müvafiq orqanları R.Vardanyanın vəkillərinin müraciətinə hələ ki reaksiya verməyiblər.

Aprelin 26-da Ruben Vardanyan aclıq aksiyasını dayandırıb.

Onun aprelin 5-dən Bakı həbsxanasında aclıq aksiyasına başladığı bildirilirdi.

55 yaşlı Vardanyan 2023-cü ilin sentyabrında Ermənistana keçməyə cəhd edərkən Qarabağdakı keçmiş separatçı rejimin bir neçə digər yüksək vəzifəli məmuru ilə birlikdə Azərbaycan qüvvələri tərəfindən həbs edilib.

Ailəsinin yaydığı bəyanatda bildirilir ki, Vardanyan saxlanılandan sonra ilk dəfə həyat yoldaşı ilə danışa bilib. Açıqlamada deyilir ki, aprelin 5-də aclıq aksiyasına başlayacağını elan edəndən sonra ona iki dəfə zəng etməyə icazə verilib.

Biz Azərbaycana açıqladıq ki, dünyanın diqqəti erməni məhbuslarının, o cümlədən atamın taleyinə yönəlib”, – Vardanyanın oğlu David bəyanatında bildirib. Əlavə edib ki, bütün dünyada bu həbslərə artan maraq onun və digərlərinin azadlığa buraxılmasına səbəb olacaq.

Azərbaycan Ermənistan arasındakı Qarabağ problemi 1990-cı illərin əvvəllərində iki ölkə arasında toqquşmalara səbəb olub. Əvvəlcə Ermənistan Azərbaycanın Qarabağ bölgəsini, ətraf 7 rayonunu işğal edib.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal anti-terror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizləmə” kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik sülh sazişi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button