Vasif Talıbovu generalı Naxçıvandan qovub?

Heydər Piriyev muxtar repsublikaya təyinatı niyə yarımçıq qalıb?

 Son zamanlar ordu sistemində neqativ hallarla bağlı redaksiyamıza kifayət qədər ilginc məlumatlar daxil olmaqdadır. Maraqlıdır ki, daxil olan məlumatlar əsasən, ordu daxilində kadr islahatları ilə bağlı olur. Yeni və köhnə təyinatlar zamanı yol verilən qüsurlar artıq özünü açıq şəkildə biruzə verməkdədir. Baş verənlərlə bağlı olaraqsa, hələlik Müdafiə Nazirliyi susmağa və ya hansısa hədə və şantaj yoluyla mətbuata qarşı hücumlar etməyə çalışır. Maraqlıdır ki, MN-də baş verən qüsurlar haqqında informasiyalar adətən ordunun öz daxilindən gəlməkdədir. Məsələ bundadır ki, artıq ordunun ən yüksək dairələrində belə ordudakı qüsurlarla bağlı informasiyalar daxil olmaqdadır.

Dünən redaksiyamıza Müdafiə Nazirliyi sistemində çox nadir hallarda rast gəlinəcək bir hadisə ilə bağlı məlumat daxil oldu. Məlumatda deyilirdi ki, Ali Hərbi Komandanlar Məktəbinin sabiq rəisi, general Heydər Piriyev müdafiə naziri Səfər Əbiyevin əmrini icra etməkdən imtina edib. Belə ki, Səfər Əbiyevin əmriylə H.Piriyev Azərbaycan ordusunun Naxçıvan korpusuna rəis müavini olaraq yollanıb. H.Piriyev əmr veriləndən sonra Naxıçvana yollanıb. Lakin qısa bir müddətdə korpusda işlədikdən sonra general işindən imtina edib. Buna səbəb isə Naxçıvanda əmrlər verərkən muxtar respublikanın rəhbəri Vasif Talıbovun qadağaları ilə üzləşməsi olub.

Hadisə barədə məlumat verən mənbə bildirir ki, Naxçıvan korpusunun idarə edilməsində əslində hərbi sahəyə heç bir adiyyatı olmayan şəxslər iştirak edirlər. Elə Heydər Piriyevin qarşılaşdığı problemin də kökündə bu dayanırmış. Məlumatlara əsasən, H.Piriyevin əmrlərinin icra olunmasına korpus komandiri Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev maneçilik törədirmiş. Bildirilir ki, Vasfi Talıbovun göstərişləri əsasında heç bir hərbi rütbəsi və vəzifəsi olmayan Nemət Mustafayev muxtar repsublikada ordunun bütün qara işlərini həyata keçirməklə məşğul olur. Məhz generalın da vəzifəsini icra etməsinə mane olan korpus komandirinin qardaşı olub.

Bu barədə məlumat verən mötəbər mənbə iddia edir ki, cəmi bir həftəlik işdən sonra Heydər Piriyev geriyə, Bakıya qayıdıb. Müdafiə naziri ilə görüşü zamanı Heydər Piriyev Naxçıvanda işləyə bilməyəcəyini deyib. Bundan sonra isə Səfər Əbiyev onun arqumentləri ilə razılaşıb. Və Heydər Piriyevin hazırda Müdafiə Nazirliyində işlədiyi söylənilir.

İnformasiya bazar günü daxil olduğundan onun rəsmən araşdırılmasına nail ola bilmədik. Mövzu diqqətimizdədir və yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button