“Vaşington Post” Əliyevləri hədəfə almadı!

azer_hasret_bishkek

Azər Həsrət

 azer@azerhasret.com 

Bu başlıq bəlkə də qəribə görünə bilər. Bəlkə də biriləri dərhal düşünəcək ki, Azərbaycan hakimiyyətini müdafiə üçün belə yazırıq. Lakin bəri başdan deyirəm ki, bu yazını yazmaqda məqsədimiz tamam ayrıdır. Burada biz Azərbaycan mətbuatındakı vicdansız xəbərçiliyin daha bir örnəyi üzərində fikirlərimizi paylaşmaq istərdik.

Dərhal onu da qeyd edək ki, “vicdansız xəbərçilik” ifadəsi bir qədər ağır səslənə bilər. Düzdür, elədir. Ancaq unutmaq olmaz ki, toplumu yanıltmaq amacıyla xəbəri yanlış təqdim etməyin və ya yarımçıq təqdim etməyin başqa adı ola bilməz.

İndi isə gələk əsas məsələyə. Ötən həftə sonu bir sıra media orqanlarında “Vaşington Post” yenə Əliyevləri hədəfə aldı” başlıqlı xəbər yayınlandı. Adından da göründüyü kimi bu xəbərin məğzi ABŞ-ın və dünyanın tanınmış qəzetlərindən olan “Vaşington Post”un adından Azərbaycan hakimiyyətinin tənqidini əks etdirir. İngilis dilini bilməyən və ümumiyyətlə “Vaşington Post” qəzetini oxuma imkanı olmayan oxucu öz ana dilində oxuduğu xəbəri gerçək kimi qəbul etməlidir. Və bu zaman doğrudan da “Vaşington Post”un “Əliyevləri hədəfə aldığına” inanmalıdır. Çünki başqa seçim yoxdur zatən.

Biz isə Allahın bəxş etdiyi imkanlar hesabına ingilis, alman, rus və Türkiyə mediasını orijinaldan oxumağa üstünlük verdiyimiz üçün belə yanıltmalara aldanmırıq və bəzən də toplumun aydınlatılması üçün hərəkətə keçməyə bilmirik. Bu dəfə də belə bir məsuliyyəti üzərimizə götürürük.

Beləliklə, qeyd etdiyimiz başlıq altında yayımlanan xəbərin istinad nöqtəsi olan yazının adı “Obamanın keçmiş köməkçiləri üçün təcrübədən pul qazanma zamanıdır” (For Obama’s ex-aides, it’s time to cash in on experience) şəklindədir. Belə bir başlıqdan artıq anlaşılır ki, söhbət kimdən gedir. Halbuki bizimkilər bu hədəfin “Əliyevlər” olduğunu iddia edir.

Yazının orijinalında söhbət ümumiyyətlə Obamanın keçmiş köməkçilərinin öz təcrübələrindən istifadə edərək müxtəlif qanuni xidmətlər göstərməklə pul qazanmasından gedir. Yəni burada kriminal növündən heç nə yoxdur. Yazı özü isə Azərbaycana heç bir formada dəxli olmayan, Kanada ilə ABŞ arasındakı “Keystone XL neft kəməri” barədədir. Elə yazının girişində o da qeyd edilir ki, Obamanın keçmiş köməkçilərindən Robert Gibbs, Cim Messina (Jim Messina) və Deyvid Plaf (David Plouffe) ötən həftə “Vaşingtonda öz imicini yaxşılaşdırmaq üçün kampaniya aparan keçmiş Sovet Respublikası Azərbaycan”da bir forumda çıxışlarına görə beş rəqəmli ödəniş alıblar. Göründüyü kimi, burada “Əliyevlərin hədəf alınması”ndan yenə də söhbət getmir. Ümumiyyətlə, burada tənqid belə yoxdur.

Daha sonra yazıda Obama administrasiyasını həm tənqid edən, həm də təmizə çıxaran fikirlər yer alır ki, onların da nə Əliyevlərlə, nə də ümumiyyətlə Azərbaycanla heç bir əlaqəsi yoxdur. Sadəcə, yazının sonuna doğru bu adamlarla bərabər bir sıra başqa yüksək rütbəli ABŞ ekspertlərinin Bakıda keçirilən məlum foruma qatılmasından söz açılır. Elə xoruzun quyruğu da burada görünür. Özü də bu, erməni xoruzudur…

Elə mənim Azərbaycan mediasında yayılan xəbəri “vicdansız” kimi qiymətləndirməyim də bu erməni məsələsiylə bağlıdır. Bəlkə də həmin xəbəri oxuyan oxucular sual edəcək ki, erməninin bura nə dəxli? Dəxli var, özü də çox dəxli var. Sadəcə, vicdansız xəbərçilər bunu oxucularından gizlədiblər.

“Vaşington Post”un yazısının sonuna doğru Azərbaycan haqqında da bir az bilgi verilir. Bakıda fəaliyyət göstərən bir QHT ilə “Azadlıq” radiosunun şikayətlərindən sonra Beynəlxalq Amnistiya təşkilatı ABŞ bölməsinin təmsilçisi Simon (ingiliscə Saymon) Mağakyan adlı birisi ölkəmizdə durumun dəhşətli olduğu barədə şərh verir. Və Azərbaycan mediası da bu erməninin adını çəkmədən “Vaşington Post”un “Əliyevləri hədəfə aldığını” oxuculara sırıyır. Bu vicdansızlıq deyil də, bəs nədir?

İndi sual etmək istərdik, niyə bu ekspertin cəmi iki sözdən ibarət adı Azərbaycan oxucusuna sırınan xəbərdə çəkilmir? Həmin xəbərdən sitata diqqət edin: “The Washington Post” eyni zamanda, Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsinə istinadən yazır ki, Azərbaycanda vəziyyət çox pisdir və hər keçən gün daha da ağırlaşır”.

Burada “Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsi Simon Mağakyana istinadən” yazmaq olmazdımı? Belə olanda axı xəbərin güvənilirliyi daha da artardı, deyilmi? Amma, yox, Azərbaycanı tənqid edənin erməni olması işə yaramayıb deyəsən. Yarasaydı, az qala yazıda adı keçən hər kəsin adının çəkildiyi xəbərdə bu erməninin də adı çəkilərdi. Görünür, xəbəri Azərbaycan oxucusu üçün hazırlayanlar bu Mağakyanın kim olduğunu yaxşı bildiklərindəndir ki, onun adını gizlətmək yolu tutublar.

Əgər bu erməni yaxşı ermənidirsə, niyə adını gizlədirsiniz? Əgər yaxşı erməni deyilsə, niyə ona istinad edirsiniz? Yəni kim olursa olsun, təki Azərbaycanı tənqid etsin, hə? Yox, dostlar, belə olmaz! Əgər siz siyasi iddialarınız naminə erməniyə belə istinad edəcəksinizsə, bağışlayın, məni də qarşınızda görəcəksiniz! Bunun adını nə istəyirsiniz qoyun! Lap elə deyin ki, hakimiyyətə yarınmaq üçün belə edirəm! Lap elə deyin ki, özümə siyasi divident əldə etmək üçün belə yazıram! Təki adım sizin kimi erməniyə bel bağlayanların arasında çəkilməsin, yetər.

Bu erməni Mağakyan isə sıradan biri deyil. Düzdür, gəncdir, təcrübəsizdir. Ancaq Azərbaycan məsələsində çox “həssas”dır. O qədər həssas ki, Naxçıvanda, Culfada guya erməni xaçkarlarının dağıdılmasının qarşısını almaq üçün beynəlxalq səviyyədə kampaniya aparır. Buyurun, baxın: djulfa.com. Və bu adam Ramil Səfərovun əleyhinə çoxsaylı yazıların müəllifi, eyni zamanda qondarma erməni soyqırımı ilə bağlı kampaniyaların fəallarından biridir. Yəni bu bir ermənidir və erməni olmaqla bərabər açıq şəkildə Türk düşmənçiliyi edir. Belə bir şəxsin fikirlərinə istinad edənlər nə qədər ciddi sayıla bilər? İndi gəl də, soruşma: o günəmi qaldınız ki, Türk düşməni bir erməninin alayarımçıq fikirləri sizin üçün istinad nöqtəsi oldu? Və üstəlik də bunu “Vaşington Post” yenə Əliyevləri hədəfə aldı” kimi qələmə verirsiniz? Axı açıq görünən odur ki, bu yazıda hədəf Əliyevlər deyil!

Etməyin bunu, etməyin. Azərbaycan hakimiyyətiylə, siyasi rejimlə probleminiz, çəkişməniz varsa, bunu kişi kimi, açıq şəkildə gerçəkləşdirin. Elə bir şəkildə ki, daha erməninin ayağına qədər gedib bu millətə özünüzü mələk kimi sırımayasınız!

Məndən deməsi, qalanı sizlikdir…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button