Vaşinqton İrana bağlı qrupların yenə vurulacağını deyir
Vaşinqton Yaxın Şərqdə İranın dəstəklədiyi qruplara qarşı əlavə hərbi addımlar vəd edir. Bundan iki gün öncə isə regionda ABŞ hədəflərinə hücumlara cavab olaraq Suriya, İraq və Yəmənə zərbələr endirilib.
Ötən ay İordaniyada üç amerikalı hərbçi öldürülmüşdü.
Ağ evin sözçüsü Con Körbi (John Kirby) fevralın 4-də bir neçə televiziyaya müsahibələrində deyib ki, 2-3 fevral zərbələri hərbi tədbirlərin “ilk raundudur”, davamı gələcək.
“Cümə günü gecə (2 fevral) zərbələrlə başladı, ancaq bitmədi. Əlavə zərbələr və tədbirlərlə aydın mesaj verəcəyik ki, qüvvələrinə hücum olunanda, adamlar öldürüləndə Birləşmiş Ştatlar buna cavab verəcək”, – Körbi deyib.
ABŞ qüvvələri fevralın 4-də Yəməndə husilərin mövqeyinin vurulduğunu, Qırmızı dənizdə nəqliyyata təhdid yaradan gəmi əleyhinə qanadlı raketin məhv edildiyini açıqlayıb.
Bundan bir neçə saat öncə isə ABŞ və Britaniya Yəməndə İranın dəstəklədiyi husi üsyançı qrupunun idarə etdiyi bildirilən 30-dan çox hədəfin vurulduğunu bildirib.
Qırmızı dənizdə kommersiya gəmilərinə onlarla raket atmış husi döyüşçülərinin sözçüsü isə hücumların onları çəkindirməyəcəyini deyərək buna cavab vəd edib.
Fevralın 3-də ABŞ rəsmiləri Yəməndə 13 müxtəlif yerdə 36 hədəfin ABŞ-ın F/A-18 qırıcıları ilə vurulduğunu açıqlayıb. Fevralın 2-də isə Suriya və İraqda İrana bağlı proksi qrupların olduğu bildirilən hədəflərə zərbələr endirilib.
Yaxın Şərqdə silahlılarla geniş əlaqələri olan İslam İnqilab Keşikçiləri Korpusu ABŞ-ı regional sabitliyə zərbə vurmaqda ittiham edib.
İran XİN-in sözçüsü Nasir Kənani Suriya və İraqa hücumu “avantüra və ABŞ hökumətinin strateji səhvi” adlandırıb, bunun regionda gərginlik və sabitsizliyi qızışdırmaqdan başqa nəticə verməyəcəyini deyib.
İraq rəsmilərinin reaksiyası da qəzəbli olub.
Yanvarın 28-də İordaniyadakı ABŞ bazasına dron zərbəsindən üç amerikalı hərbçi həlak olub. Vaşinqton buna görə Tehranı və onun Suriya və İraqdakı müttəfiqlərini ittiham edib.
Hazırda Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsi davam edir. Təl-Əviv ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ı məhv edəcəyini bildirib. Qəzzada artıq on minlərlə fələstinli öldürülüb.
Yaxın Şərqdə, eləcə də Vaşinqtonda bəzi rəsmilər xəbərdarlıq edirlər ki, ABŞ-ın zərbələrinin genişlənməsi regionda müharibənin miqyasını artıra bilər.