Vergilər Nazirliyi Əvəz Zeynallının adından saxta sənəd tərtib edib

27.09.2012

 Baş redaktorun məhkəməsində ilginc faktlar ortaya çıxdı

 Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi  üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən məhkəmə prosesində Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinin hüquqşünası Səxavət Rzayev nümayəndə qismində izahat verib.  S. Rzayev izahatında vergi ödəyicisi Əvəz Zeynallının sahibi olduğu “Xural” qəzetində səyyar vergi yoxlaması aparıldığını bildirdi. Yoxlama zamanı Ə. Zeynallının 7100 manat məbləğində vergidən yayındığının müəyyən edildiyini bildirdi. Daha sonra dövlət ittihamçısı Ramazan Hadıyev nümayəndəyə sualları olmadığını bildirdi. Ə. Zeynallı S. Rzayevə sual vermək istəyinə dövlət ittihamçısı R. Hadiyev etiraz edərək bildirdi ki: “Zərərçəkənə sual vermək olmaz. S. Rzayev burada zərərçəkən tərəfin yəni Vergilər Nazirliyinin nümayəndəsi qismində iştirak edir. Yəni nazirlik hüquqi şəxs olduğundan nümayəndəsi iştirak edir. Bu baxımdan nümayəndə burada izahat vermək səlahiyyətinə malikdir. İş üzrə suallara cavab verə bilməz ”. Məhkəmənin hakimi R. Allahverdiyeva isə Ə. Zeynallıya izahat ətrafında sual verək səlahiyyəti olduğunu bildirdi: “Əgər səyyar vergi yoxlaması barədə suallar yaranarsa vergi yoxlamasını həyata keçirən şəxsin məhkəməyə dəvət olunması barədə vəsatət verə bilərsiniz, yaxud məhkəmə özü bu barədə qərar qəbul edə bilər ”.  daha sonra  S. Rzayev Ə. Zeynalının vəkili Yalçın İmanovun  səyyar yoxlamanın müddəti barədə suallarına cavab verdi.

 S. Rzayev Əvəz Zeynallının bir sıra suallarına cavab verə bilmədi. Öncə Ə. Zeynallı vergi yoxlamasını hansı sənədlər üzrə aparılması barədə sual verdi. S. Rzayev yoxlamanın “Ekspres Service” mətbəəsindən əldə edilən arayışlar üzrə yoxlamanın keçirildiyini bildirdi.

 Ə. Zeynallı: Siz vergi yoxlamasında göstərmisiz ki, “Xural” qəzeti 2008-ci ildən 2011-ci ilədək 2100 nüsxə ilə nəşr edilib. Hardandır sizdə bu rəqəmlər?

 S. Rzayev: Biz “Ekspres” mətbəəsindən aldığımız arayış üzrə ortaq rəqəm çıxarmışıq.

 Ə. Zeynallı: Hörmətli hakimlər burada ciddi qanun pozuntusuna yol verilib. Bildirirəm ki, Vergilər Nazirliyi   “Xural” qəzetinin son 1 ayda gündəlik nəşrə başladıqdan sonra olan tirajı bütün illərə şamil edərək hesablayıb. Bizim tirajımız hər nömrə üzrə hesablanmayıb. Siz hər qəzet nüsxəsi üçün necə qəpik hesablamısız?

 S. Rzayev: 40 qəpik

 Ə. Zeynallı : 2008-ci il üzrə qəzetimizin satışı neçə qəpikdən hesablanıb?

 S. Rzayev: 40 qəpikdən.

 Ə. Zeynallı: Hörmətli hakim “Xural” qəzeti 2008 – ci ildə 30 qəpikdən satılıb. Vergilər Nazirliyi sadəcə sifariş əsasında yoxlama həyata keçirib və daha çox  vergi borcunun çıxarılması naminə qanunsuzluq edib. Siz hörmətli nümayəndə Vergilər Departamentinin sənədində mənim həbs edildiyimi və harada saxlanılmağım barədə məlumata malik olduğunuz bildirmisiz. Belə olan halda səyyar vergi keçirilməsi barədə mənə niyə məlumat verməmisiz? Axı “Xural” qəzetinin sahibi mənəm, lazımı sənədlər barədə məndən məlumat alınmalıdır.

 S. Rzayev: Bu barədə sualla cavab verə bilmərəm. Bu suala yoxlamanı həyata keçirən şəxs cavab verə bilər.

Ə. Zeynallı : Hörmətli hakim. Mən cinayət işinin materyalalrı ilə tanış olarkən diqqətimi bir sənəd cəlb etdi. Bu sənəd (Ə. Zeynallı əlində tutduğu sənədi hakimə nümayiş etdirir) Vergilər Departamenti tərəfindən istintaqa təqdim edilib. Bu sənədə əsasən guya mən 18 sentyabr 2011-ci il tarixində Vergilər Departamentinə müraciət edərək sahibkarlıq fəaliyyətimin 5 il müddətinə dayandırılmasını xahiş etmişəm. Həmin müraciət əsasında mənim fəaliyyətim dayandırılıb. Bu məsələdən mən istintaq sənədləri ilə tanış olanda xəbərim olub. Bu sənədi mən yazmamışam bu sənədəki imza mənə məxsus deyil. Vergilər departamentinin nümayəndəsi cənab Rzayev mənim adımdan bu saxta sənədi  kim hazırlayıb və kim mənim yerimə saxta sənəd imzalayıb?

 S. Rzayev: Mənim məlumatım yoxdur.

 Hakim R. Allahverdiyeva: Əvəz Zeynallı bu sənəd sizdə haradandır?

 Ə. Zeynallı: Ramella xanım bu sənədi siz mənə vermisiniz.

R. Allahverdiyeva: İmza sizin deyil?

 Ə. Zeynallı: Xeyr mənim deyil və bu sənədən ümumiyyətlə xəbərim yoxdur. Bu sənəd ona görə saxtalaşdırılıb ki, həmin dövrdə mən “Xural” qəzetinin gündəlik nəşrə keçməsi barədə qərar vermişdim. Məni sifarişlə həbsə qərar verən Ramiz Mehdiyev və onun komandası “Xural” qəzetinin gündəlik nəşrinin qarşısını almaq üçün bu saxta yollara əl atıb.

 Hakim R. Axundova məhkəmənin səyyar vergi yoxlamasını həyata keçirən şəxsin məhkəməyə gətirilməsi barədə qərar verildiyini elan etdi.

 Daha sonra məhkəmədə şahid qismində Milli Dövlətçilik Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Əvəzoğlu dəvət edildi. Ə. Zeynallı şahidin dindirilməsinin düzgün olmadığını hakimin diqqətinə çatdırdı: “Ramella xanım siz keçən məhkəmə prosesində qərar qəbul etdiniz ki, əsas şahidlər dindirilmədən digər şahidlərin ifadəsi alınmasın. Hüseyn Əvəzoğlu əsas şahid Sabir Tanrıverdiyevin şahididir. Öncə Sabir müəllim ifadə verməlidir”.

 R. Allahverdiyeva: Hüseyn Əvəzoglu Sabir Tanrıverdiyev nəyə görə məhkəməyə gəlməkdən yayınlır. Sizin və Sabir Tanrıverdiyevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar vermişik.

 H. Əvəzoğlu: Sabir Tanrıverdiyev Milli Dövlətçilik Partiyasının sədri və Sumqayıt Maşın Bazarının sahibidir. Heç bir yerə qaçmayıb Sadəcə Sabir müəllim biznes fəaliyyəti ilə bağlı Belarus Respublikasındadır.

 R. Allahverdiyeva: Bizim üçün Sabir Tanrıverdiyev şahiddir. Sizin onunla əlaqəniz var?

 H. Əvəzoglu: Hər gün danışırıq və gələn həftənin ikinci günü Sabir müəllim Bakıda olacaq.

 R. Allahverdiyeva: Ona deyərsiz mütləq məhkəməyə gəlsin. Siz və Sabir Tanrıverdiyev gələn həftənin üçüncü günü məhkəmədə olmalıdır. Əks halda polis tərəfindən məcburən məhkəməyə gətiriləcəksiniz.

Növbəti məhkəmə prosesi 28 sentyabr (bu gün)  saat 14: 00 –a təyin edildi

 Məhkəmənin sonunda Ə. Zeynallı jurnalist Əfqan Muxtarlının “Xural” qəzetinin və “Xural. com” internet portalının redaktoru təyin edildiyini bəyan etdi: “Media nümayəndələrinin nəzərinə çatdırıram ki, bundan sonra “Xural” qəzeti və mənim barədə suallarınızı Əfqan Muxtarlıya verin.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button