Vergilər Nazirliyi-Xədicə İsmayıl məhkəməsi

Fevralın 20-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair iddiası üzrə hazırlıq iclası keçirilib.

İclas zamanı X.İsmayıl və onun nümayəndəsi Yalçın İmanov nazirliyin iddiasına yazılı etiraz təqdim ediblər.

X.İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılıb. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14%-lik gəlir vergisi deyil, 4%- lik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10%-lik fərqi – ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham irəli sürülüb.

Ancaq Y.İmanov məhkəmədə etirazını əsaslandırarkən bildirib ki, Ali Məhkəmə X.İsmayıla CM-nin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə bəraət verib. Bu baxımdan 17 min 792 manatlıq məsələ qüvvəsini itirib: “İkincisi, Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb etdiyi pulu “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyindən də tələb edir. Mənfəət vergisinin yayındırılmasına gəlincə, “Azadlıq” radiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, necə mənfəət vergisinin obyekti ola bilər?”

Vergilər Nazirliyinin müraciəti əsasında X.İsmayılın bank hesabına həbs qoyulub. Y.İmanov deyib ki, şəxsin hesabı haqda məlumatlar bank sirri hesab olunur. Bank həmin məlumatları yalnız məhkəmə qərarı əsasında təqdim etməlidir. X.İsmayıl ilə bağlı məsələdə isə heç bir məhkəmə qərarı olmadan onun hesabı haqda məlumatlar verilib.

“Üstəlik, Vergilər Nazirliyi subyektiv hüquqa malik deyil, iddiaçı kimi çıxış edə bilməz. Çünki məhkəmə qərarının icrası icra şöbəsinə, icra məmurlarına aid məsələdir”, – Y.İmanov bildirib.

Hakim Aidə Hüseyn etirazla bağlı qərar vermək üçün müşavirəyə gedib. Bu səbəbdən hazırlıq iclası fevralın 28-nə keçirilib.

X.İsmayıl Turan-ın müxbiri ilə söhbətində deyib ki, məhkəmə hökmündə onun üzərinə heç bir maliyyə öhdəliyi qoyulmayıb. O, xəbərdarlıq edilmədən bank hesabının dondurulmasının qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, X.İsmayılovanın hesabı 2018-ci ilin noyabrında bir neçə beynəlxalq pul mükafatı aldıqdan sonra dondurulub.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilirdi.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.

2016-cı il mayın 25-də X.İsmayıl Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə – 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button