Vicdan dediyimiz bir əziyyətdir…

Aliyə

«Quqark»dan qurtuluş

Yazının elə əvvəlindəcə özünü, özünün başqa bir yazısını xatırlatmaq heç ədəb deyil, əcəb də deyil. Amma mən bu yazını başqa bir yazımın təsiri, daha doğrusu, təzyiqi ilə yazıram. O yazınısa Seymur Baycanın sonuncu romanının təsiri ilə yazmışdım. «Bizi o şeirlər korladı…» adlandırılan yazının içində sözün bizdən güclü olduğunu, ondan qorxmaq lazım gəldiyi qeyd olunmuşdu. Oxuyanların çoxusa bunu romanın müəllifinə mesaj kimi anlamışdı. Hərçənd və qətiyyən belə deyildi.

Əlbəttə, «Quqark» bədii cəhətdən, müəllifin digər romanı – ideya etibarilə və forma baxımından bəyəndiyim «18,6 cm»dən nə qədər zəif olsa da, mənim yaşda Oxucusuna müharibə xatirələrini yada salacaq qədər təsir etdi. Həmin yazım o roman üzərinə xatırlananları əhatə etdi. Oysa çoxları əksinə anladı. Odur ki, daha bir yazı yazmalı oldum – vicdan dediyimiz bir əziyyətdir…

Seymurun romanında da bu əziyyət hiss olunur. «Quqark» arılara həsr olunub. Bal yemək yazıçının yaşam vərdişi, rahatlıq, sağlamlıq düsturudur. Bu zəhmətkeş məxluqların məhsulunu içəri ötürüb romanını, həm də tələskən yazılmış, qəhrəmanı tənbəl biri olan romanını onlara həsr etməmək, konfranslarda onun barədə çıxış etməmək vicdandan deyil.

Vicdan demişkən, roman çox səmimi yazılıb. Məhz buna görə onu oxumağa dəyər. Çoxsaylı Oxucular bu səmimiyyətin hesabına Qarabağ müharibəsi barədə bəzi həqiqətləri lap dərindən anlayacaqlar.

Bəli, roman səmimi yazılıb, amma bu səmimiliyə bir banal görünmək qorxusu qarışıb. Ona görə də səmimi söhbətin, xatirələrin ən intim, yaxın yerində ortaya üçüncü biri girir. Bu, hansısa yazıçıdan gətirilmiş sitatdır. Adam adətən belə məqamlarda narahatlıq keçirir.

«Quqark» Ermənistanda bir düşərgə adıdır. Əsərin qəhrəmanı azərbaycanlı jurnalist Seymur sülhməramlı holland cəmiyyətinin xətti ilə bura gəlir. Mənasız konfransların mənalı ziyafətləri və qəhrəmanın müharibə və müharibəni xatırlamağa məcbur edəcək hər şey barədə şəxsi xatirələri romanın əsas hissəsini təşkil edir. «Quqark»da bir erməni qızı Anuş ona vurulur. Üçüncü hissəni isə onların elektron məktublaşmaları təşkil edir. Anuş onu heç cür evlənməyə və üçüncü bir ölkədə – Gürcüstanda yaşamağa razı sala bilmir.

Ay nənən ölsün…

«Sarı gəlin» bu milli münaqişənin bədbəxtlik gətirən ilahəsidir. «Səni mənə verməzlər, neynim aman, sarı gəlin» – hər əsrin əvvəlində, ortasında, axırında bir neçə ədəbi material üçün motivdir. Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin məhəbbət əhvalatı genetik yaddaşımızdadır. «Əsli-Kərəm», «Bahadır və Sona», «Anuş və Seymur» nakam sevgi əhvalatları… Hərçənd «Quqark»da fədakar aşiq Seymurdan daha çox Anuşdur. Sevgi iztirablarını, fədakarlıqlarını o edir. Ümumiyyətlə, Seymurun bütün əsərləri, müəllifinin kişi olduğunu hiss etdirən, daha doğrusu, erkək cinsli mətnlərdir. Romanda bu kişi eqoizmi, əsas süjetdən başqa əlavə əhvalatlarda da hiss olunur- qəhrəman kişi qadınların favoritidir, onu gözləyirlər, onu çağırırlar, ona aşiq olurlar…

«Mən uzanmışam və xatırlayıram»

«Mən oturmuşam və baxıram». Nə vaxtsa, bu adda bir gürcü filmi izləmişdim. «Quqark»ın qəhrəmanı üçün buna bir düzəliş etmək lazımdır: «Mən uzanmışam və xatırlayıram». Əlbəttə, bu taktika mətnin temporitmini azaldır. Qəhrəman müharibə dövrü barədə uşaqlıq xatirələrini bölüşür. Bu zaman o, hansısa cəmiyyətin xəttilə düşmən ölkədə səfərdədi. Hər şeyi vəziyyət diktə edir. Atəşkəs dövrünün romanının xatırlamaqdan başqa çarəsi yoxdur. Bu bir Oxucu kimi əvvəldə yaxşı oxunsa da, ortalarda yormağa başladı. Son hissələrdə isə əlacsızlıq təsiri bağışlayır.

Beş manatlıq roman

Əsla romanın qiymətini artırdığımı düşünməyin. «Quqark» mağazalarda dörd manata satılır. Bu başlıqla romanın finalını xatırlatmaq istədim. Anuş-Seymur sevgi romanının maddi yadigarı Anuşun Seymura bağışladığı suvenirdir – öpüşən ağ göyərçinlər. Bu, paytaxtda çox yayılmış bir hədiyyədir. Hətta bizim evdə də var. Belə hədiyyələr çoxluğu, aşağı keyfiyyəti, ucuzluğu və satıcılarının çinli olmağı ilə şəxsən məni kədərləndirir. İşə bax, belə bir suveniri erməni qızı Anuş sevdiyi Seymura bağışlayır. Artıq çoxları ağ göyərçinin sülh quşu olduğunu unutmaqdadır. Məktublarda salamlayan əl, ağ göyərçin rəsmləri çəkmək biz sovet uşaqlarının vərdişi idi. Bax, həmin bu sülh quşlarını öpüşən yerdə Seymura bağışlayıblar. Finalda o, oyuncaq alverçisi olan anasının müştərilərlə bu dialoqunu eşidir. «Bəs bu göyərçin neçəyədir: – Beş manata». Roman bu sözlərlə bitir…

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button