Vicdan məhbusları 2-3 həftəyə azad olunmalıdır

08.02.2012
AŞPA məruzəçisi Qrex deyib ki, Azərbaycan rəhbərliyi bu barədə onlara vəd verib

“Onlar məhbusların işlərinə yenidən baxılacağını bildiriblər. Lakin 2, yaxud 3 həftə ərzində məhbuslar azad olunacaq”

Ötən həftə Bakıya səfər etmiş Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçilərindən biri Jozef Debono Qrex hazırda həbsdə olan 16 vicdan məhbusunun yaxın vaxtlarda azad ediləcəyini bildirib. Qrex “BBC Azərbaycanca”ya müsahibəsində bildirib ki, bu barədə Bakıda ölkə rəsmiləri onlara vəd veriblər. O, vicdan məhbuslarının 2-3 həftə ərzində azad ediləcəyini gözləyir.
Bakıda AŞ PA-nın Maltadan olan deputatı Qrex və onun ispaniyalı həmkarı Pedro Aqramunt görüşdükləri rəsmilərdən belə bir vəd alıblar ki, ötən ilin mart-aprel aylarında keçirilmiş mitinqlərdən sonra həbs edilən 16 məhbusu işləri yenidən nəzərdən keçiriləcək.
AŞ PA məruzəçiləri dekabr ayında Azərbaycan prezidenti İlham Əliyevə 17 məhbusun azad olunmasına çağıran məktub ünvanlamışdılar. Lakin ötən ilin sonlarında 17 vicdan məhbusundan yalnız Cabbar Savalanlı azad olundu.
Debono Qrex və Aqramunt Bakıda rəsmilərə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi və indiyədək ölkəyə gəlməsi üçün viza verilməyən Kristof Ştrasserə viza verməli olduğunu da deyiblər. Maltalı millət vəkili cənab Ştrasserə viza veriləcəyinə inandığı bildirib.
Jozef Debono Qrex əlavə edib ki, Azərbaycandakı danışıqlarda “Amnesty International”ın vicdan məhbusu elan etdiyi 16 nəfərdən başqa siyasi məhbus sayılan şəxslərin də azad olunması məsələsini qaldırıblar.
“Hökumət məhbusların azad olunmasına dair hər hansı zəmanət veribmi” sualına cavab verən Qrex deyib: “Onlar məhbusların dərhal azad olunacağını demirlər, işlərə yenidən baxılacağını bildiriblər. Onlar bu cür edirlər. Lakin 2 və yaxud 3 həftə ərzində məhbuslar azad olunacaq”.
AŞPA məruzəçisi bu məsələdə Azərbaycan rəhbərliyinə inandığını qeyd edib. Debono Qrex Bakıdakı danışıqlarda “olduqca sərt” olduğunu da vurğulayıb.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button