Vicdan məhbuslarının məhkəməsində polis zorakılığı

Vəkilin zala daxil olmasına icazə verilmədi, “Azadlıq” qəzetinin əməkdaşı zorakılıqla üzləşdi…

 Dünən Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi aksiya ilə əlaqədar ittiham olunan Ülvi Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin işi üzrə proses davam etdirilib.

Məhkəmə binasının önünə xeyli sayda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilmişdi. Nəsimi polisi hər prosesdə olduğu kimi dünəndə məhkəmədə iştirak etməyə gələnlərə qarşı kobud davrandı. Polisin aqressiv davranışı üzündən tərəflər arasında qarşıdurma yarandı. “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov polis nəfərinin zorakılığına məruz qaldı. Apardığımız araşdırmalar zamanı jurnalistə təzyiq göstərən polis əməkdaşının Natiq Qaraşov olduğunu müəyyən etdik. O, jurnalistə qarşı kobud davranaraq, onu məhkəməyə buraxmayacağını bildirdi. Jurnalistlərin polislər tərəfindən təzyiqə məruz qalması ilə bağlı məhkəmənin qarşısından Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumatlandırıldı. E.Zahidov bildirdi ki, qarşıdurma araşdırılacaq. Polis təzyiqinə məruz qalanlar arasında vicdan məhbusu  Əhəd Məmmədlinin vəkili Yalçın İmanov oldu. Polis vəkilin məhkəmə zalına daxil olmasına imkan vermədi.

Polis:

– Hara gedirsən?

Vəkil:

– Vəkiləm, prosesə gedirəm.

– Olmaz getmək. İçəridə yer yoxdur.

– Siz kimsiz, mən vəkiləm.

– Mən icazə vermirəm.

Vəkillə polis arasında yaranan qarşıdurmanın qarşısını məhkəmə icraçıları aldılar. Vəkil icraçıların müşayiəti ilə məhkəmə zalına aparıldı.

 Proses başlanan kimi hakim R.Hacıbəylidən vəkil tutub-tutmamasını soruşdu:

– Sizin əvvəlki vəkilin prosesdə iştirak etməsi istisnadır. Özünüzə yeni vəkil tutmusuz?

– Xeyr, tutmamışam.

– Məhkəmə dövlət hesabına sizi vəkillə təmin edir. Vəkil Telman Qasımov Vəkillər Kollegiyasının üzvüdür.

– Telman Qasımovun müdafiə hüququndan imtina edirəm. Öz vəkilim Elçin Namazovu tələb edirəm. Əks halda özüm-özümü müdafiə edəcəm.

– Sizin vəkilin prosesdə iştirak etməsi mümkün deyil. O, Vəkillər Kollegiyasından çıxarılıb. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərarı var. Siz dövlət hesabına təyin olunmuş vəkildən imtina edirsiz?

– İmtina etmirəm. Onun da müdafiə hüququndan istifadə edəcəm. Lakin yenə də deyirəm ki, öz vəkilimi istəyirəm. 

Hakim bildirdi ki, yeni vəkilin təyin olunması ilə bağlı məhkəmə təxirə salınır. Qeyd etdi ki, yeni təyin olunmuş vəkil cinayət işinin materialları ilə tanış olması üçün ona 3 gün vaxt verilməlidir.

Y.İmanov məhkəmənin qarşısında polis özbaşınalığı ilə qarşılaşması barədə hakimə məlumat verdi: “Məhkəmənin qarşısında polislər dayanır, onlar abırsızlıq, tərbiyəsizlik edirlər. Təqsirləndirilən şəxslərin qohumlarına, əqidə yoldaşlarına, jurnalistlərə qarşı kobudluq edirlər. Bu gün məni də məhkəməyə buraxmırdılar. Deyirdilər ki, içəridə yer yoxdur. Deyirəm ki, vəkiləm, anlamırlar. Əgər polislər məhkəmənin qarşısında dayanacaqlarsa, onlara harada olduqları başa salınsın. Məhkəmədən polislərin hərəkətlərinə aydınlıq gətirilməsini istəyirəm. Polislərə də vəzifələri izah olunsun. Polis kimdir ki, vəkilin qabağını kəsir?”

Hakim məhkəmə nəzarətçilərinə irad tutaraq prosesdə iştirak etmək istəyənlərdən və jurnalistlərdən şikayətlər daxil olduğunu söyləyərək problemlərin aradan qaldırılmasını tapşırdı. Növbəti prosesə ilk olaraq məhkəmə zalına mətbuat işçilərinin buraxılacağını bildirdi. Proses sentyabrın 23-də davam etdiriləcək.

Əfqan Muxtarlı

 

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button