Vicdan məhbusu “XURAL”a yazdı

Vicdan məhbusu Ülvi Quliyev “Xural” qəzetinə qarşı başlanmış təzyiq kampaniyası ilə bağlı redaksiyamıza məktub göndərib. Məktubu olduğu kimi Oxucularımıza təqdim edirik:

Hörmətli Əvəz bəy!

Bildirirəm ki, ölkəmizdə aparılan demokratik mübarizəyə qoşulduğum tələbəlik illərindən başlayaraq daim Oxucunuz olmuşam. Sizin yaşadığınız çətin və ağrılı-acılı günlərin bir Oxucu kimi şahidiyəm. “XURAL”a qarşı olan təzyiqlər həmişə məni hiddətləndirib.

Bütün bunlara baxmayaraq, rəhbərlik etdiyiniz “XURAL” qəzetinin Qızıl Kollektivi əzmlə öz mübarizəsini davam etdirib. “Böyük Gələcəyə” doğru çətin, keçilməz bir yol keçib, inkişaf edib və bu gün artıq gündəlik qəzetə çevrilib.

“XURAL” qəzetinin həftədə 7 dəfə nəşr olunacağını eşidəndə çox sevindim. “XURAL”ın mediada həmişə öz dəsti-xətti olub. Sizin ölkəmizdə demokratik quruculuq yolunda qələminizlə apardığınız mübarizə, prinsipiallığınız Oxucular tərəfindən yüksək qiymətləndirilib və gənclər arasında çox sevilib. Hazırda isə 7 günlük nəşrə başlamağınız sizin – “XURAL”-ın   Oxucularının sayını daha da artıracaqdır.

Bildirirəm ki, məlum 2 aprel mitinqilə əlaqədar biz vicdan məhbusları Kürdəxanı türməsində qanunsuz həbsdə saxlansaq da, daima mətbuatı izləyirik və yazar dostlarımızın öz qələmləri ilə bizə göstərdikləri mənəvi dəstəyi diqqətlə oxuyuruq. Əslində, bu dəstək apardığımız mübarizənin doğru və dürüst olmasını bir daha təsdiq edir.

Hesab edirəm ki, indiki dövrdə “XURAL”-ın 7 günlük nəşrə başlaması azad sözün inkişafına bir təkan verəcək.

“XURAL”ın demokratiya, azad mətbuat, fikir azadlığı uğrunda apardığı mübarizə genişmiqyaslı olduğundan, inanıram ki, gələcəyə öz töhfəsini vermiş olacaq.

Türkçülüyün təbliğatçısı olan “XURAL”-a Tanrı kömək olsun!!!

Hörmətli Əvəz bəy!

Mən sizi və “XURAL” qəzetinin Qızıl Kollektivini, bütün əməkdaşlarını gündəlik nəşrə başlamağınız münasibəti ilə təbrik edir, sizə uzun ömür, can sağlığı və yeni-yeni uğurlar arzulayıram.

 

Hörmətlə:

Sizin daimi Oxucunuz, Vicdan məhbusu Ülvi Quliyev

20.09.2011.

Gecə saat 02:15

                      

P.S. Əvəz bəy! Azadlıqda olanda həmişə sizlə görüşməyi arzulamışam, qismət olmayıb. İnşallah azadlıqda görüşərik.

 

Redaksiyadan:

Bu gün “Xural” qəzetinin gündəliyə keçməsi ilə bağlı çox hörmətli dostlardan, ictimaiyyət nümayəndələrindən təbriklər almışıq. Hətta “Facebook” səhifəsində Oxucularımızın gözləmədiyimiz, amma gördüyümüz möhtəşəm dəstəyi ürəyimizi dağa döndərib. Ancaq Ülvi qardaşımızın bu təbriki təbriklərin ən özəli, ən kövrəyidir. Özü apardığı demokratik mübarizəyə görə həbsə atılan gəncin “Xural”ın haqq işinə arxa durmağı VİCDAN borcu sayması vicdansızlara ən tutarlı cavabdır.

Bu millət illərlə, onillərlə, yüzillərlə belə övladlarının, belə gənclərinin çiyinlərində yaşadı. Nə qədər ki, yetişən nəsil içərisində vicdanlı olduğuna görə dustaq edilən belə gənclər var, bu ölkənin taleyindən narahatlığa dəyməz.

Azadlıqda görüşərik, Ülvi bəy! Tanrı məmləkətimizi qorusun!

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button