Vicdansizlığın dərəcəsinə bax ki, Qan Turalı satıldı!

Elnur Astanbeyli

Elnur Astanbəyli: “Kimin mahiyyətində bir naqislik, köləlik hissi varsa, o, mütləq satılacaq!”

 Dünən qəzetimizə açıqlamasında Əli Əkbər bildirmişdi ki, Qan Turalı “kulis.az” saytına redaktor keçməmişdən əvvəl Vüsalə Mahirqızının qarşısında fəal yazarlardan Elnur Astanbəylini və Seymur Baycanı öz tərəfinə çəkəcəyi ilə bağlı öhdəlik götürüb. “Qan Tural “Kulis”ə gedəndə digər gənc AYO-çuları da sayta cəlb edəcəyi ilə bağlı öhdəlik götürmüşdü. Vüsalə xanımın da istəkləri arasında Elnur Astanbəylinin və Seymur Baycanın sayta cəlb edilməsi var idi. İndinin özündə də “kulis”də Seymur Baycan ovu gedir. İnanılmaz, fantastik böyük pullar var arada və min bir oyunla Seymuru Vüsalə Mahirqızı dəstəsinə qatmaq üçün çalışırlar”.

Vüsalə Mahirqızının bu təşəbbüsü barəsində adıçəkilən insanlardan fikir öyrəndik.

Seymur Baycan bu cür təklifi heç vaxt qəbul edə bilməyəcəyini bildirdi: “Mənə belə bir təklif haçansa olub. Ancaq içərisində başqa söhbətlər olduğu üçün mən bunu qəbul etməmişəm. Ümid edirəm ki, bir də mənə heç kim bu cür şərtlərlə nəsə təklif etməz”.

Elnur Aslanbəyli isə nəinki Qan Turalının təklifini qəbul etmək, hətta bunu düşünməyi belə ləyaqətsizlik hesab edir: “Mən hələ “kulis.az”dan çox əvvəl Vüsalənin içində mənim də olduğum bir neçə adamı gec-tez “lent.az”a aparacağını bilirdim. Bunu Turala da demişdim. Hətta bir dəfə öz aramızda kimlərin, belə bir təklif olarsa, gedəcəyini müzakirə etmişdik. Amma vicdansızlığın dərəcəsinə baxın ki, elə ən birinci Turalın özü getdi.

Mənə isə bunu birbaşa təklif edəcək cəsarətə sahib olan adam tanımıram. Getməkdisə, nökərin nökəri olunca, ağanın nökəri olaram da! Mənim ləyaqətim və əxlaqım ora getmək nədi, bu barədə düşünməyi belə qadağan edir!”

Elnur Aslanbəyli Aqşin Yenisey və Qan Turalının yaşlı nəsillə barışmaq istəməklərindən də narahat olduğunu bildirdi. “İnsan təbiətindəki köləliyi çox az gizlədə bilər. Mübarizlik, prinsipiallıq onun ruhunu təşkil etmirsə,  bunlar onun üçün artistizmdən başqa bir şey deyilsə, gec-tez üzündəki maska ya düşəcək, ya düşürələcək və həmin adam öz gerçək kimliyinə qovuşacaq. Əvvəl-axır bir gün özü olacaq, özünün əsl mahiyyətinə qayıdacaq.

Görünür, biz o “dost”larımızı zamanında doğru tanımamışıq. Onlar haradasa bizi aldadıblar. Onların yazılarını yenidən oxumalıyıq ki, görək, harada aldadıblar bizi!

Mən bir dəfə yazmışdım ki, öz nəslimin fikrət qocalarının, anarlarının, elçin əfəndiyevlərinin kim olacağını maraqla gözləyirəm. Amma bəzi dostlar etiraz edirdilər, mənə deyirdilər ki, bizim sıralarımızdan belələri çıxa bilməz. İndi görürük ki, bal kimi çıxarmış! Çıxmalıdı da – qarşı tərəfdə imtiyazlar, pul göz qamaşdırır. Hər oğulun işi deyil buna qarşı bütün varlığı ilə dayana, duruş gətirə bilsin! Xüsusən də əgər onun mahiyyətində hamıdan ustalıqla gizlədə bildiyi bir naqislik, köləlik hissi varsa. Bu “dost”larımız kiminlə istəyirlər, barışsınlar, yolları açıq olsun, gedəni saxlamazlar. Onsuz da bir gün satılacaqdılar, qoy indi satılsınlar və qeyri-müəyyənlik bitsin. Mən artıq Azərbaycanda ictimai cavabdehlik məsələsini özüm üçün dəfn etmişəm. Artıq hər kəs özünə cavabdehdir. Mən də özümə cavabdehəm – bu xəyanətlərə qarşılıq daha amansız, daha prinsipial olmaqdan başqa nə edə bilərəm ki!?”

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Hörmətli yazar azərbaycanda, hər şeyi satın almaq olar.Simasızlıq ali təbəqədə baş alıb kedir.Yaltaqlıq,ikiüzlülük in ali təbəqəli insanların kündəlik iş pinsibinə cevrilib.Qan tural onların ətrafında hələdə özü kimi qala bilibsə böyük dəyanət tələb edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button