Vidadi İsgəndərovla bağlı müraciət…

vidadi isgəndərovYerli və Beynəlxalq Hüquq Müdafiə Təşkilatlarına, Demokratik ölkələrin Azərbaycandakı Səfirliklərinə, Avropa Şurası, ATƏT, Avropa Birliyi, BMT və  digər Beynəlxalq qurumlara

AÇIQ MƏKTUB

Hörmətli həmkarlar və diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, məni sizə təxirəsalınmaz şəkildə bir açıq məktubla müraciət etməyə vadar edən  Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı irəli sürülmüş saxta ittiham üzrə keçirilən məhkəmə prosesində rastlaşdığım dəhşətli faktlar olmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi. Mayın 2-də isə ona qarşı ötən il keçirilən parlament seçkilərinə müdaxilə ittihamı ilə saxta cinayət işi qaldırılıb, haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Hipertoniya, şəkər diabeti, ürək və  böyrək çatışmamazlığından əziyyət çəkən hüquq müdafiəçisi Gəncə təcridxanasında dözülməz saxlanma şəraitində saxlanılır (bu cür dözülməz  şəraitdə nəinki xəstə adam, heç sağlam adam da yaşaya bilməz ). Göyçayda keçirilən məhkəmə prosesləri zamanı isə Vidadi İsgəndərov Göyçay rayonunda olan təcridxanaya etap olunur. Eyni zamanda onu da qeyd edim ki, təcridxanada Vidadi İsgəndərova qarşı təxribatlar aparılır və  onun həyatı üçün təhlükə var.

Qeyd edim ki, bundan əvvəlki 3 məhkəmə prosesində fiziki baxımdan iştirak edə bilməmişəm. Yalnız iyulun 26-da keçirilən 4-cü məhkəmə prosesində  iştirak edə bilmişəm. Keçirilən prosesdə iştirak etdiyim zaman hüquq müdafiəçisinin məhkəməsinin  kobud şəkildə yol verilən qanun pozuntuları ilə keçirildiyini gördüm.  Belə ki, məhkəmə binasının  qarşısına gəldikdə insanda elə bir təəssürat yaranır ki, sanki bir terroristin, qatı cinayətkarın məhkəməsidir. Bina polislər, nəzarətçilər, icra hakimiyyətinin nümayəndələri tərəfindən mühasirəyə alınmışdır. Bundan başqa,  hüquq müdafiəçisinin prosesində iştirak etmək istəyən şəxsləri kobud yoxlamaya məruz qoyurdular, telefonlarını, çantalarını diktofonları və bütün elektron avadanlıqları əllərindən alırdılar. Halbuki məhkəməyə video, audio avadanlıqları gətirmək qadağan deyil. Yalnız  məhkəmə prosesi zamanı foto və video çəkilişi hakimin icazəsindən sonra aparmaq olar. Proses zamanı prosesin gedişatının pozulmamasını təmin etmək üçün proses zamanı iştirakçıların telefonlarını söndürmələrini və yaxud də səssiz rejimə qoymaqlarını tələb etmək olar. Onu da qeyd edim ki, hətta prosesdə iştirak etmək istəyən şəxslərin pul qablarını da yoxlayırdılar. Bunlar kifayət deyilmiş kimi qanuna zidd olaraq hüquq müdafiəçisinin vəkili Xaliq Bağırovun üzərində axtarış da aparıblar. Əsasız olaraq mülki geyimlilər, nəzarətçilər, polislər və icra hakimiyyətinin nümayəndələri insanlarla kobud rəftar edirdilər və insanlar üzərində apardıqları axtarışı da kobud şəkildə həyata keçirirdilər. Mən onlardan soruşanda ki, hansı qanuna əsasən bizlə bu cür rəftar edirlər, onlar üstümüzə qışqıraraq əmr formasında “üstünüzdə nəyiniz varsa təhvil verin” deyə bildirdilər. Onu da qeyd edim ki, bu cur özbaşınalığa rəhbərliyi Göyçay Rayon Polis İdarəsinin rəis müavini və  digər yüksək rütbəli şəxslər həyata keçirirlər. Mən də təşkilatımızdan iki əməkdaşı ilə birlikdə məhkəmədə iştirak etmək  üçün Göyçay  rayonuna səfər etmişdim. Ancaq məhkəmə zamanı biz  polislər və mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə, kobud rəftara məruz qalmışıq. Apardığım monitorinqə əsasən deyə bilərəm ki, hüquq müdafiəçisinin məhkəməsi misli görünməyən saxtakarlıqlarla keçirilir. Vidadi İsgəndərova qarşı keçirilən məhkəmə prosesində guya 2010-cu ildə Göyçayda keçirilən seçki qaydalarını pozmaq, seçkilərdə iştirak etmək istəyən komissiya üzvlərinə xəsarət yetirmək və  zərərçəkmişləri seçki hüququndan istifadə etməsinə mane olmaqda ittiham edilir. Yerli və beynəlxalq təşkilatlara məlumdur ki, Azərbaycanda son 15 ildə azad və ədalətli adlandırıla biləcək seçki keçirilməyib və bütün seçkilər total saxtakarlıqlarla keçirilib. Bu saxtakarlığa rəhbərlik edən də elə iqtidardır. Hüquq müdafiəçisi Vidadi İsgəndərov  2010-cu il Milli Məclis seçkiləri zamanı baş verən total saxtakarlıq faktlarını aşkarlayıb və aşkarladığı bu faktları araşdırılması üçün Respublika Prokurorluğuna təqdim edib. Prokurorluq isə bu faktları araşdırmayıb. Sonradan isə  geniş hüquq müdafiə fəaliyyəti və aşkarladığı saxtakarlıqlar Vidadi İsgəndərovun icra hakimiyyətinin, Respublika Prokurorluğunun və  Daxili İşlər Nazirliyinin düşməninə çevrilməsinə səbəb olub. Hal-hazırda gedən proses onun özünün aşkarladığı cinayətlərdən özünə qarşı istifadə edilməsi və elə həmin cinayətlərdə də ittiham edilməsi ilə bağlıdır. Eyni zamanda onu da qeyd edim ki, bu ittiham üzrə keçirilən məhkəmə prosesində seçki saxtakarlığını həyata keçirən şəxslərdən Vidadi İsgəndərova qarşı şahid kimi istifadə edirlər.  Belə ki, hüquq müdafiəçisinin məhkəməsində ona qarşı dindirilən şəxslərin bir neçəsi əqli cəhətdən normal olmayan insanlar idi. Onlar prosesdə həkim müşayiəti ilə dindirilirdilər. Saxtakarlıq o həddə idi ki, həkim bildirir ki,  həmin şəxs xəstə olub, lakin indi ifadə verə bilər. Məhkəmənin hakimi isə belə bir absurd və qanunsuz bir hərəkətin  edilməsinə göz yumub. Qeyd edim ki, proses zamanı zərərçəkmişlərin və şahidlərin verdikləri ifadələr  ittiham tərəfini biabırçı vəziyyətə salıb. Lakin Azərbaycanda siyasi və sifarişli işlərin praktikası onu göstərir ki, nəticədə dövlət ittihamçısı bu cür saxta ifadələrdən istifadə edərək hüquq müdafiəçisi barəsində  hökm çıxarılmasını məhkəmədən tələb edəcək.

Vidadi İsgəndərovun məhkəməsində məni narahat edən əsas məsələlərdən biri  hüquq müdafiəçisinin məhkəmə prosesində iştirak edənlərin sırasında onun həmkarlarının, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin olmaması idi. Təbii mən başa düşürəm ki, Bakıdan 216 km aralıqda yerləşən və maşınla təxminən 4 saatlıq olan yolu bu isti havada fiziki baxımdan getmək o qədər də asan deyil. Ancaq hüquq müdafiəçiləri prosesdə iştirak etmədiyi üçün  hüquq müdafiəçisi Vidadi İsgəndərov məhkəmə zamanı baş verən haqsızlıqlarla təkbaşına mübarizə aparmalı olur. Əgər biz hüquq müdafiəçiləri olaraq öz həmkarımızın məhkəməsini müşahidə edib ona peşəkar dəstəkdən başqa mənəvi dəstək verə bilmiriksə, başqalarının hüquqlarını necə qoruya bilərik?

Hesab edirəm ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri ən azından 1 dəfə də olsa (başqa vaxtlarda isə özlərinin nümayəndələri) hüquq müdafiəçisinin məhkəmə prosesində iştirak edib ona dəstək olmalıdır. Çünki bu onların həm mənəvi, həm də peşəkar borcudur.

Onu da qeyd etmək istəyirəm ki, hüquq müdafiəçisinin yalnız  ilk məhkəmə prosesində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi  iştirak edib. Lakin ikinci üçüncü, dördüncü və beşinci proseslərdə heç bir beynəlxalq təşkilatın nümayəndəsi və eyni zamanda Avropa Birliyinə üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri məhkəmə prosesində iştirak etməyiblər.

Əziz diplomatik korpus nümayəndələri və beynəlxalq qurumlar, bu günə kimi Bakıda keçirilən siyasi prosesləri izləməyinizin çox böyük əhəmiyyəti olmuşdur. Ən azından, dünya ictimaiyyəti sizin vasitənizlə gördü ki, iqtidar öz opponentlərinə qarşı necə saxta ittiham irəli sürərək sifarişli məhkəmə prosesləri keçirir. Onu da qeyd edim ki, Sizlərin iştirak etdiyiniz məhkəmə proseslərində qanunsuz halların sayının azalması da danılmaz faktdır. Ancaq hesab edirəm ki, bu diqqət Bakı və Bakı ətrafında keçirilən proseslərə daha çox olur. Regionlarda keçirilən proseslərdə isə faktiki olaraq Beynəlxalq qurumların iştirakı zəif olur. Halbuki biz şahidi olmuşuq ki, Azərbaycan hökuməti opponentlərinə qarşı məhkəmələri regionlara keçirib. Çünki orada monitorinq aparmaq çətin olur və bununla da orada istənilən qanunsuzluqları heç bir maneə olmadan həyata keçirirlər. Son zamanlar olduqca əhəmiyyətli olan məhkəmələrdən misal olaraq Şəmkir rayonunda keçirilən Şahin Həsənlinin, Gəncədə keçirilən Bəxtiyar Hacıyevin və Göyçayda keçirilən Vidadi İsgəndərovun məhkəməsini göstərə bilərik. Yalnız gənc fəal Cabbar Savalanlının məhkəməsində diplomatik korpus nümayəndələri iştirak edib və bu da  məhkəmə Bakıya yaxın olan Sumqayıt şəhərində keçirildiyi üçündür.

Qeyd etmək istəyirəm ki, 2008-ci ildə qəbul edilmiş “Hüquq müdafiəçiləri ilə bağlı Avropa İttifaqının qaydaları” da qeyd olunur ki, Avropa Birliyinə daxil olan ölkələrin diplomatik korpus nümayəndələri hüquq müdafiəçilərinə dəstək olmalı, onları müdafiə etməlidirlər.

Hesab edirəm ki, hamımız birgə şəkildə gedib məhkəmənin monitorinqini apararaq hüquq müdafiəçisinə dəstək olmalı və beləliklə də daha çox qanun pozuntularının baş verməsinin qarşısını almış olarıq. Eyni zamanda növbəli şəkildə hüquq müdafiəçiləri, hüquq müdafiə təşkilatlarının rəhbərləri və yaxud nümayəndələri məhkəmə prosesində iştirak edə bilərlər.

Mən Beynəlxalq təşkilatları xüsusilə də BMT (“Hüquq müdafiəçiləri haqqında 9 dekabr 1998-ci il tarixli bəyannaməsi”), ATƏT, Avropa Şurasına üzv olan xarici ölkələri, Avropa Birliyinə daxil olan ölkələri öz nümayəndələrini  hüquq müdafiəçisinin məhkəmə prosesinə göndərməyə çağırıram.

Mən eyni zamanda bir neçə beynəlxalq hüquq müdafiə təşkilatlarına bu məsələni diqqətdə saxladıqları və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıqları üçün minnətdarlığımı bildirirəm. Onlar texniki baxımdan öz nümayəndələrini hüquq müdafiəçisinin məhkəməsinə göndərmək imkanına malik olmasalar da, Azərbaycanda olan partnyorları vasitəsilə əldə etdikləri informasiyaları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Buna görə də yerli hüquq müdafiə təşkilatları həmin qurumlara dolğun informasiya ötürmək üçün məhkəmə proseslərinin monitorinqini aparmalıdırlar və beləliklə də öz həmkarlarına dəstək olmalıdırlar.

 Hörmətlə,

“Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu” İctimai Birliyinin  sədri Emin Hüseynov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button