Vilayət Eyvazov ABŞ-a buraxılmayıb?

Amerika məmurlarımızın bank hesablarını araşdırır

 «Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov ABŞ-a getmək istəsə də, ona viza verilməyib».

Bu faktı XuralTAC-a hakimiyyətdəki etibarlı mənbədən veriblər. Bildirilir ki, ABŞ korrupsiya və rüşvətdə adı hallanan, o cümlədən insan haqq və azadlıqlarını pozmaqda suçlanan məmurların öz ölkəsinə buraxılmasına qadağa qoyub və bu qadağa səbəbindən də Vilayət Eyvazova viza verilməyib. Gözlənilir ki, yaxın müddətdə korrupsiya və rüşvətlə külli miqdarda vəsait toplayan məmurların bank hesablarına da həbs qoyulsun.

Əlavə edək ki, azərbaycanlı məmurların bank hesablarına həbs qoyulması ilə bağlı mətbuatda informasiyalar daha öncə də yayılıb. Hətta konkret məbləğ də göstərilib – 34 milyard. Azərbaycanın 4 ən nüfuzlu şəxsinə aid olunduğu bildirilən bankların adı da hallandırılır.

Ehtimal ki, ABŞ Azərbaycanın Rusiyanın təsir dairəsinə meylləndiyini və burdakı biznes maraqlarının təhlükə altına düşdüyünü müşahidə etdikcə, demokratiya və insan azadlıqlarını rəhbər tutaraq daha ciddi sanksiyalara hazırlaşır. Dünən ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın çıxışı (çıxışın mətni qəzetimizdə dərc olunur) da təsdiqləyir ki, rəsmi Vaşiqton artıq etirazlarını açıq müstəviyə keçirməkdə israrlıdır.

Vilayət Eyvazovun viza qadağası ilə bağlı məlumatı dəqiqləşdirmək üçün ABŞ ölkəmizdəki səfirliyinə müraciət etdik. Səfirlikdən bildirdilər ki, günün sonu olduğu üçün sualımızı cavablandıra biləcək şəxslər işdən deyillər.

Mövzunu araşdırmağa çalışacağıq.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button