Vilyam Hacıyev keçmiş işçiləri ilə üz-üzə gəldi: “İşimiz rüşvət üzərində qurulmuşdu” 

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə olan Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.Sonuncu prosesdə Vilyam Hacıyevin keçmiş işçiləri ifadə verib və onun qanunsuz əməllərini dilə gətiriblər.İlk olaraq İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahib Zahidov ifadə verib. Bildirib ki, həmişə V.Hacıyevin tapşırıqlarını icra edib:Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən vətəndaşlardan pul alındığını deyən Rahib Zahidov bunu başçının göstərişi ilə etdiyini söyləyib:”Müraciət edən adamları mühasibatlığa yönləndirmişəm. Mən tapşırıqları icra etmişəm. Sərəncam layihəsini, müqavilələri hazırlayırdım. Burada həm qanuni, həm qanunsuz əməllər olurdu. Bəzi adamlardan pul alınıb mənzil verilirdi, bəzi adamlar da öz növbəsi ilə ev alırdı. Biz etiraz edə bilmirdik”.

Şahidin sözlərinə görə Vilyam Hacıyev “rəhbər mənəm, nə deyirəmsə, edin” söyləyərək onlardan göstərişlərə əməl etmələrini tələb edirmiş.”Evlər üçün pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Məsələn, 200 hektarlıq sahənin təyinatını dəyişdirmək üçün 20 min manat verildiyi yadımdadır. Pulu verən adamlar mənim yanımda mühasibə verirdi. İşimizi itirməmək üçün Vilyam Hacıyev nə deyirdi, edirdik”,- deyə şahid əlavə edib.

Vilyam Hacıyev bu çıxışa etiraz edib. Bildirib ki, şahid yalan danışır.Daha sonra məhkəmədə baş memar Nazim Rəsulov da dindirilib. O qeyd edib ki, rayonda təmir-tikinti işlərinə başçının göstərişi ilə nəzarət edib.

O da başçını ifşa edib: “Sənədlərdəki uyğunsuzluqlarla bağlı irad bildirəndə Vilyam Hacıyev deyirdi ki, “mən başçıyam, nə deyirəmsə, elə”. Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı. Tikintisi aparılmayan şeylər üçün büdcədən pul ayrılırdı. İşimiz rüşvət üzərində qurulmuşdu. Vəzifədə qalmaq üçün məcbur rəhbərə xidmət edirdim. İşimi itirməkdən qorxurdum.Məsələn, vətəndaş müraciət edirdi ki, həyətyanı sahədə tikinti aparmaq istəyir. Mən də bu barədə başçıya məlumat verirdim. Başçı əraziyə uyğun olaraq məbləği deyirdi. Biz də vətəndaşa deyirdik”.

Baş memar ən böyük mənimsəmə faktının da üstünü açıb.Bildirib ki, İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürüldü: “Vilyam Hacıyevə dedim ki, belə olmaz. Sonra bu mənim üstümdə qalacaq. Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik, bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Hətta qaytardığıma görə məni 2 dəfə işdən çıxarmaq da istəyiblər”.

V.Hacıyev bu şahidin də yalan danışdığını deyib.Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button