Vüqar Səfərlinin əmlakları qaytarıldı

Yayımlandı: 8 Avqust 2024 19:26

 “Halal yolla qazandığım pula niyə başqasının adına əmlak almalıyam?”

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan şəxslərdən bir neçəsinin müsadirə olunmuş əmlaklarıyla bağlı şikayətlərinə baxılıb. Avqustun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyilə keçirilən məhkəmə prosesinin sonunda təqsirləndirilən şəxslərin xeyrinə qərar çıxarılıb – Vüqar Səfərlinin həbsindən sonra müsadirə olunmuş əmlaklardan bir neçəsinin ona və ailəsinə qaytarılmasına qərar verilib. Həmçinin digər təqsirləndirilən şəxslərdən Namiq Hacıyevin mənzili və bağ evinin müsadirədən azad edilməsi, Şahin İbrahimovun isə Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manat pulun qaytarılması barədə qərar çıxarılıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərin özləri də iştirak ediblər. Onların hər biri çıxışında əmlakların müsadirəsi barədə qərarın ləğvini istəyib.

Vüqar Səfərli bildirib ki, ona verilən ittihamlar KİVDF-nin icraçı direktoru olduğu dövrə aiddir. Amma müsadirə olunmuş əmlakları həmin dövrdən çox əvvəl alınıb. Onun sözlərinə görə, Əhmədlidəki evini 1993-cü ildə alıb, amma o dövrlərdə sənədləşməyə çox pul tələb olunduğuna görə bu proses bir qədər yubanıb:

“Avtomobillərdən “Land Cruiser”i 2007-ci ildə almışam. Mən Fondun rəhbəri təyin olunana qədər bankda külli miqdarda pulum vardı. O qədər pulum olduğu halda, özümə 50 minə maşın ala bilmərəm? İsmayıllıdakı evi də bankdakı pulla almışam. AMAY-dakı mağazanın qiyməti hələ o vaxt 400 min manat idi. Mən həbs olunandan sonra deyirdilər ki, “niyə o vaxt əmlakları öz adıma, ailə üzvlərimin adına almışan, gərək başqalarının adına alardın”. Mən halal yolla qazandığım pula niyə başqasının adına əmlak almalıyam?”

Vüqar Səfərli əlavə edib ki, onun müsadirə olunmuş əmlaklarıyla bağlı şikayətlərinə baxılmırdı. Lakin Prezidentə müraciət edəndən sonra Ali Məhkəmə məsələyə baxıb və əmlakların müsadirəsilə bağlı hissədə aşağı instansiya məhkəməsinin qərarını ləğv edib. İş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

Vüqar Səfərlinin vəkili də bildirib ki, müvəkkilinin əmlaklarının əvvəlki dövrdə alındığını təsdiqləyən sənədlər var. Müdafiəçi vurğulayıb ki, cinayət yolu ilə əldə olunmuş pulla alınan əmlaklar müsadirə edilə bilər. Bu əmlaklar isə cinayət baş verdiyi iddia olunan dövrdən çox əvvəl əldə edilib.

Təqsirləndirilən şəxslərdən Namiq Hacıyev də mənzili və bağ evinin müsadirə olunduğunu bildirərək, bu barədə qərarın ləğvini istəyib.

Digər təqsirləndirilən Şahin İbrahimov bildirib ki, istintaq və birinci instansiya məhkəməsində proses gedən dövrdə ümumi ziyanı ödəmək üçün Baş Prokurorluğun depozit hesabına 50 min manat pul qoymuşdu. O, həmin vəsaitin qaytarılmasını xahiş edib.

Qısa müşavirədən sonra hakimlər Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarından dördünün – Goradildə bağ evi, 8 Noyabr prospektində obyekt, “AMAY” Ticarət Mərkəzində mağaza və daha bir evin qaytarılması barədə qərarı elan edib. Qərara əsasən, Şahin İbrahimovun 50 min manatı, Namiq Hacıyevin isə bağ evi və mənzili də müsadirədən azad edilib.

Vüqar Səfərli birlikdə mühakimə olunduğu digər 10 nəfər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İttihamlardan biri də “20-ci sahə”də jurnalistlər üçün bina tikintisi zamanı milyonlarla vəsaitin mənimsənilməsilə bağlıdır. O binaları “Portos” şirkəti tikib. Təqsirləndirilən şəxslərdən Namiq Hacıyev şirkətin sahə rəisi işləyib.

“Portos” şirkətinin təsisçisi Prezidentin keçmiş köməkçisi – Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun baldızı Gülər Vəliyeva idi.

Təqsirləndirilən Şahin İbrahimov isə “Altun saray” restoranının inzibatçısı işləyib. KİVDF bir çox tədbirləri bu restoranda keçirib. İttihama görə, bu tədbirlər zamanı iştirakçıların sayı sənədləşmədə çox göstərilib, həmçinin qiymətlər də şişirdilib və beləliklə, büdcədən tədbirlər üçün daha çox vəsait ayrılaraq mənimsənilib.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər.

“Prezidentin köməkçisi səviyyəsində təşkil olunan tədbirlər idi. İcra başçısı, nazirlər, deputatlar, səfirlər iştirak edirdi. Tədbirin rəsmi hissəsi bitəndən sonra ayaqüstə olanlar, texniki işçilər üçün 80-100 nəfərlik masa açılırdı. Bütün bunlar nəzərə alınmayıb”, – Şahin İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsində dindiriləndə belə demişdi.

Vüqar Səfərli 11 il – 2009-2020-ci illərdə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olub. O, 2020-ci ildə vəzifəsindən azad edilib, 2021-ci ilin yanvarında isə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.

Fond sonradan ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button