Vüqar Səfərli danışmağa davam edir:

"İstintaqda bilmişəm bir stulun qiyməti 60 manatdan çox olmamalıdır"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakupost.az -ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Məhkəmədə prokurorun suallarını cavablandıran V.Səfərli bildirib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilirdi: “Müsabiqələrdə 1-ci yer üzrə 1 000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Bundan əlavə, müsabiqədə yer tutmayan jurnalistlərə həvəsləndirici yerlər müəyyən edilirdi və hər jurnalistə 300 manat pul mükafatı təyin olunurdu.
Bununla yanaşı, mərasimlərdə jurnalistlərlə birlikdə qonaqlar da olurdu. Bu qonaqlar müxtəlif vəzifələrdə çalışan insanlar, nazirlər, nazir müavinləri, dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər iştirak edirdilər. Həmin şəxslərdən tədbirlərə gəlməyənlər də olurdu. Tədbirə çağırılan qonaqların siyahısını bizim işçilər hazırlayırdı, bir qisminə isə dəvətnamə göndərilirdi. Tədbirlərdə nazirlər və icra başçıları da dəvət olunurdu.
Həmçinin tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu. Həmin tədbirlər tenderlərlə keçirilirdi. Tenderlərdə bütün qiymətlər yazılırdı. İstintaqda bilmişəm ki, Dövlət Satınalma Agentliyi bununla bağlı şərt qoyub ki, bu cür tədbirlərdə stulun birinin qiyməti 60 manatdan artıq olmamalıdır”.
Proses oktyabrın 1-də davam edəcək.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button