Vüqar Səfərli istefa verməlidir!

KİVDF-nin icraçı direkroru alverçi təfəkkürü ilə qohumbazlıq, yerlibazlıq, hətta ailəbazlıq edir…

Zaur Əhməd: “Vüqar Səfərli hansısa bir qarpızsatanla eyni düşüncədədir…”

Amma gözlənildiyi kimi, yenə də əksər jurnalistlər nəticələrdən narazı qaldı. Bu barədə «Xural»a açıqlama verən Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd KİV fondunun növbəti dəfə haqsızlığa yol verdiyini bildirdi: «Artıq iki ildən çoxdur ki, bu fond yaradılıb və keçirdiyi bütün müsabiqələrdə narazılığa səbəb olub. Bunun da yeganə səbəbi odur ki, müsabiqələr ədalətli şəkildə keçirilmir. Müsabiqələrdə hər zaman özfəaliyyət, qohumbazlıq, yerlibazlıq, hətta ailəbazlıq əsas amil kimi götürülür. Qeyd etdiklərimin başında isə KİV fondunun icraçı direktoru Vüqar Səfərli dayanır. Öncə onu xüsusi vurğulamaq istəyirəm ki, bu adamın mətbuata, qəzetə, KİV-ə, ümumiyyətlə, aidiyyatı yoxdur. Vüqar Səfərlinin işi qəzet satmaq olub. Satış isə elə bir sahədir ki, qarpız satmaqla qəzet satmaq bir anlama gəlib. Yəni Vüqar Səfərli hansısa bir qarpızsatanla eyni düşüncədədir. KİV fonduna icraçı direktor təyin olunandan sonra da bu adam özünü mətbuata uyğunlaşdıra bilmədi. Əksinə, ona tapşırılan sahəyə alverçi təfəkkürü ilə yanaşdı. Diqqət yetirin, müsabiqənin qalibləri kimlərdir, bir qrup hakimiyyətyönlü mətbuat orqanlarının jurnalistləri, bir neçə müxalifət yazarı və Vüqar Səfərlinin «çoxtirajlı» qəzeti olan «Mövqe»nin əməkdaşları. Hansı ki, o qəzetin ictimai yükü divarlara yapışdırılan elan vərəqələri qədər deyil. Amma Vüqar Səfərli hər müsabiqədə bir nəfəri qalib etdirir. Ən acınacaqlısı odur ki, bu qədər imkanlara malik bir adam bütün normaları, hətta ictimai qınağı nəzərə almadan belə əli qələm tuta bilməyən oğluna da 1.000 manat mükafat verdirir. Özü də həmin yazının dərc olunduğu qəzetin çapında ciddi saxtakarlıq etməklə. Bu barədə «Xural» qəzetində də, hörmətli Vüqar müəllimin əleyhinə yaradılan saytda da məlumat verilib. Utanc gətirən bir faktı da deyim. Bu günlərdə Səbail rayon icra hakimiyyətinin başçısı hər il olduğu kimi, jurnalistəri toplayaraq təbrik elədi. Həmin tədbirdə mən də iştirak edirdim. Deməli, Vüqar Səfərli tədbirdə mükafatın olduğunu bildiyi üçün oğlu Seymuru da gətirmişdi ki, «Mövqe» qəzetinə verilən hədiyyə DVD-ni o alsın. Üstəlik, icra başçısı Vüqar Səfərlinin özünə də bir DVD hədiyyə elədi. Yəni bir evə iki DVD. Mən əminəm ki, «Mövqe» qəzetində elə adamlar var ki, o hədiyyəyə həqiqətən ehtiyacı var. Amma Vüqar Səfərliyinin tamahı öz sözünü deyir. Məncə, bu kimi hərəkətlərin görməmişlikdən başqa adı yoxdur».

Bu dəfəki müsabiqəyə yazı verdyini vurğulayan Z.Əhməd ona qarşı qərəz nümayiş olunduğunu qeyd edib: «Onu deyim ki, mən hazırda öz davamı eləmirəm. Söhbət əsl qələm sahiblərinin, yaza bilən jurnalistlərin kənarda qalmasıdır. Vüqar Səfərli hər dəfə özfəaliyyət edib sözün həqiqi mənasında jurnalistləri siyahıdan kənarda qoyur. 3 cümləni ard-arda düzüb-qoşub danışa bilməyən adam illərin jurnalistlərinə qiymət verir. Bundan böyük haqsızlıq, ədalətsilik ola bilməz. Şəxsən mən Vüqar Səfərli kimi qəzetsatanın mənim yazıma qiymət verdiyini və onun şərtlərinə guya cavab verə bilmədiyimi düşünəndə utanıram. Ancaq nə yazıq ki, hələ də KİV fondunun başında belə bir adam dayanır.»

Z.Əhməd onu da bildirib ki, V.Səfərli prezidentin ona veridiyi səlahiyyətlərdən sui-istifadə edir: «KİV fondunda çalışanların əksəriyyəti Vüqar Səfərlinin qohumları, yaxud da yerliləridir. Məgər bu ölkədə onun qohumlarından və yerlilərindən başqa bir adam yoxdurmu? Əslində, Vüqar Səfərlinin qohumlarından 10 dəfə qabiliyyətli adamlar var, hamısı da kənarda qalıb. Artıq bu, prezidentin mətbuatla bağlı siyasətinə, iradəsinə qarşı çıxmaqdır. Vüqar Səfərli pul ayrılan jurnalistlərə və qəzet baş redaktorlarına elə münasibət sərgiləyir ki, guya öz cibindən nəsə verir. Heç kim unutmasın ki, həmin pullar heç kimin dədəsindən qalmayıb. O pullar bizim, yəni xalqındır. Onu da haqqı olana vermək lazımdır. Düşünürəm ki, Vüqar Səfərli o vəzifənin öhdəsindən gələ bilmir. Ona görə də tutduğu vəzifədən istefa verməlidir».

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button