Vüqar Səfərli yeyintilərə görə Əli Həsənovu günahlandırdı

Bir-birini satma mərhələsi başladı...

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli ifadə verib. O, ittiham aktında göstərilən faktlar üzrə özünü təqsirli bilməyib:

“KİVDF-də qərarları mən vermirdim, Müşahidə Şurasının verdiyi qərarları icra edirdim. Amma Müşahidə Şurasından heç kim istintaqa cəlb olunmayıb.

Vəzifəyə təyin olunanda Ramiz Mehdiyev məni çağırıb dedi ki, Fonda Əli Həsənov kuratorluq edəcək və nə kömək lazımdırsa göstərəcək.

Əvvəlcə Əli Həsənov bizə sahib olduğu ofis binasında yer təklif elədi. Normalda kvadratı 22-23 manat olan yeri bizə 18 manatdan icarəyə verəcəyini dedi. Amma ittiham aktında göstərilib ki, kvadratına 47 qəpik ödəmişik”.

V.Səfərli qeyd edib ki, onlara ayrılan vəsait Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilirdi: “Biz ayrılan puldan artıq məbləğ qalanda dövlət büdcəsinə geri qaytarırdıq. 2019-cu ildə 31 466 manat pulu büdcəyə qaytarmışdıq”.

Sabiq direktor arvadının adına olan “Futbol+Qol” qəzetinə digər qəzetlərə ayrılan şərtlər əsasında maliyyə ayrıldığını bildirib: “Yardım ayrılacaq qəzetlərin siyahısını Prezident Administirasiyasın İctimai-Siyasi Məsələlər Şöbəsinin tövsiyəsi əsasında Müşahidə Şurası hazırlayırdı.

Bir dəfə Əli Həsənov məni yanına çağırıb dedi ki, qəzetlərin səviyyəsindən narazılıq var. Maliyyə yardımı ayrılan qəzetlərin sayını azaltmaq lazım idi. Qərar verildi ki, 20 min manat gündəlik, 10 min manat günaşırı, 5 min manat isə həftəlik çıxan qəzetlərə aylıq maliyyə yardım ayrılsın. Yəni bu məsələlərdə mənim heç bir səlahiyyətim olmayıb”.

Vüqar Səfərli jurnalistlər üçün tikilən binalarda materialların keyfiyyətsiz olmasından xəbərsiz olduğunu bildirib: “Qiymətqoyma komissiyası rəy vermişdi ki, jurnalistlər üçün tikilən birinci binaya görə 31 milyon, ikinci binaya görə 26 milyon manat lazımdır. Həmin vəsaiti də şirkətin hesabına köçürdük.

Tikintiyə Əli Həsənov şəxsən nəzarət edirdi, özüm də vaxtaşırı gedib baxırdım. Amma tikinti materiallarının keyfiyyətinə nəzarət edə bilmirdim”.

V.Səfərli üzərinə həbs qoyulan əmlaklarını vəzifəyə gəlməzdən əvvəl aldığını bildirib: “2006-cı ildən mənim öz biznesim olub. Adımda olan əmlakların hamısını Fonda icraçı direktor təyin olunmamışdan əvvəl əldə etmişəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button