Vüqar Səfərlidən böyük saxtakarlıq!!!

Vüqar Səfərlinin öz oğlunu qalib etməkliyi…

«Mövqe» qəzetinin çap tarixi niyə saxtalaşdırıldı?

KİVDF-nin biabırçı müsabiqəsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya faktları

Buna inanmaq çox çətindir və həqiqətən normal təfəkkürə sığışdırmaq olmur: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondunun (KİV DF) rəhbəri Vüqar Səfərli belə saxtakarlığa gedərmi? Onu bu boyda rüsvayçılığa nə məcbur edib: oğlunu qalib etmək, yoxsa cəmicümlətani min manata sahiblənmək ehtirası?

II yazı

Saxta «Mövqe»

Ötən yazımız onunla yekunlaşdı ki, KİVDF-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə Fondun sədri Vüqar Səfərlinin oğlu Seymur Səfərlinin də yazı verdiyini qeyd etdik. Və bildirdik ki, bu yazının dərc olunduğu «Mövqe» qəzetinin işıq üzü gördüyü tarix bəlli deyil.

İndi isə keçək faktlara:

Hazırda əlimizdə 26 may tarixində dərc olunmuş iki «Mövqe» qəzeti var: eyni tarixdə çap olunsa da, nömrələr fərqlidir; yəni «Mövqe»nin bu 26 may 2011-ci il tarixli sayında çap olunan yazılar «Mövqe»nin o biri 26 may 2011-ci il tarixli sayında çap olunan yazılarla üst-üstə düşmür.

Doğrudur, bu bir az yanıltmaca bənzədi – amma neyləyək ki, hörmətli və sayğıdəyər Vüqar Səfərli gül kimi «Mövqe»nin çiçək kimi nömrələrini yanıltmaca, Azərbaycan mətbuatını lağlağıya döndərib; o qədər ki, adam çaş-baş qalır. Vallahi ki, adam əsl danədir, danə!

Yeri gəlmişkən, bu «danə»nin korrektə xətası olduğunu zənn edib «dana» kimi oxumayın, xahiş edirik – «Mövqe» qəzeti deyilik ki, o boyda səhvlər edək. «Danə»ni klassiklərimiz müdrikliyin sinonimi olaraq vurğulasalar da, dərhal və zəruri qeydimizi edək ki, biz «danə»ni sırf «təkcə», «nadir nüsxə», «vahid» anlamında işlədirik. Yəni adam dünya miqyasında «bir dənədir, bir dənə». Ki, bu «bir dənə» də KİVDF-nin və Azərbaycan mətbuatının başına gəlib.

Eh, bizim başımıza nələr gəlmir ki?!

Nəsə, mətləbdən yayınmadan bir də cəhd edək: deməli, «Mövqe» qəzetinin 26 may 2011-ci il tarixli sayının 14-cü səhifəsində «Meşə fondunun mühafizəsinin təbliği və yeni yaşıllıqların salınmasında ictimaiyyətin rolu» başlığı ilə «ekoloji» müsabiqəyə yazı təqdim olunub. Müəllifi Seymur Həsənlidir.

Ancaq 26 may tarixli o biri «Mövqe» qəzetinin 14-cü səhifəsi reklam materialıdır. Əvəzində 8-ci səhifəsində hörmətli Vüqar Səfərlinin oğlu Seymur Səfərlinin sözügedən müsabiqəyə təqdim olunan «Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi» adlı məqaləsi dərc edilib.

Bu qəzetlərin hansındasa çap tarixinin yanlış getdiyinə heç bir şübhə ola bilməz – hansısa biri 26 may tarixində çıxmayıb, başqa gün işıq üzü görüb. Bəs, hansı?

Texniki xəta, yoxsa biabırçı saxtakarlıq?

Qəzetçilərə yaxşı məlumdur ki, çox nadir halda olsa da, bəzən tirajın çap tarixində yanlışlıq baş verir. Yəni qəzetin növbəti sayı hazırlanarkən səhifələrin üstündəki tarix və sayı bildirən rəqəmlər dəyişdirilmir, korrektor bu səhvi tutmur, redaktorun gözündən qaçır, baş redaktordan yayınır və… qəzetin növbəti sayı köhnə tarixlə çıxır.

Mümkündürmü ki, 26 may 2011-ci il tarixində işıq üzü görən iki «Mövqe»dən biri 27 may tarixli say olsun? Mümkündürmü ki, sadəcə texniki yanlışlıq baş versin?

Əlbəttə, mümkündür. Qəzadır da – iki eşşəyin arpasını çeşidləyə bilməyən birisi hörmətli bir şəxs kimi vəzifəyə irəli çəkilə bilir, amma qəzetdə tarix səhvi olmur? Bu dünyada hər şey ola bilər.

Amma və lakin: «Mövqe» qəzetinin 26 may tarixinə aid olan saylarının biri 093 (2163) rəqəmi ilə çıxıb, digəri 094 (2164) rəqəmi ilə.

Oxucularımıza məlumat üçün deyək ki, nəşr tarixi ilə eyni sırada, yanbayan, ardarda yazılan bu rəqəmlər qəzetin il ərzində və ümumilikdə saylarını göstərir. Yəni «093» «Mövqe» qəzetinin 2011-ci il ərzindəki, mötərizədə verilən «2163» isə təsis olunduğu gündən indiyə qədərki sayını göstərir.

İndi özünüz deyin: necə olur ki, tarixi düzəltməyi yaddan çıxaran işçilər həmin tarixin əvvəlində qeyd olunan hər iki – həm builki, həm də ümumilikdə doqquzillik («Mövqe» 2002-ci ildə təsis olunub) sayı bildirən rəqəmi – dəyişdirirlər? Qəzetin sayını bildirən rəqəmi dəyişib, bu rəqəmin düz yanındakı, böyründəki, az qala bitişdiyi tarixi «yaddan çıxarmaq» mümkün deyil və qəzetçilik tarixində heç vaxt belə zad olmayıb. Çünki qəzetin sayı ilə tarixi eyni anda dəyişdirilir. Atam balası, ya tarix ümumilikdə yaddan çıxmalıdır, ya da yaddan çıxmamalıdır. Adam nə təhər bir ayağını maşına qoyub, digər ayağını yerdə unuda və heç nə olmayıbmış kimi qapını örtüb gedə bilər? Axı, belə vəziyyətdə adam «haçapaça» olur ki, bu boyda zıppazıpı da hiss etməmək mümkün deyil – nə təhər hiss etməyəsən, ortadan bölünürsən, cırılırsan axı!

Bəlkə də!

Bəlkə də!!!

Bəlkə də tarixi unudub sayı dəyişiblər. Olar – qəzadır da: iki cümləni ardarda düzüb yaza bilməyən qəzet təsis edə bilər, sayı düzəldib, qabağındakı tarixə əhəmiyyət verməyən tapılmaz yəni bu ölkədə?

Amma…

«Mövqe»nin 094-cü sayı hanı?

Sayını bildirən rəqəmə əsasən ehtimal etmək olar ki, «093» 26 may, «094» 27 may tarixli nömrələrdir.

Çox pakizə! Bəs, «Mövqe» qəzetinin yanlış olaraq 26 may tarixi ilə işıq üzü görən 27 may tarixli sayı hanı?

Biz hər yeri ələk-vələk elədik. Çünki məlumatı və faktları bizə verən mənbə qəti olaraq bəyan etmişdi ki, düşünülmüş surətdə 27 may tarixini 26 mayla əvəzləyən qəzet rəhbərliyi saxtakarlığın üstünün açılmaması üçün «Mövqe»nin həmin sayının satışa çıxarılmasına və rəsmi orqanlara göndərilməsinə mane olub.

İnanmadıq və axtarmağa başladıq. Ən mötəbər yerə – Milli Kitabxanaya baş çəkdik. «Mövqe» qəzetinin 094 saylı çapını tapa bilmədik. Səliqə-səhmanla bütün nüsxələrin yığıldığı kitabxanada 093 (26 may) və 095 (28 may) sayları vardı, ancaq 094 yoxa çıxmışdı, qeyb olmuşdu, buxarlanmışdı, külə dönmüşdü.

Kitabxana rəhbərliyi bildirdi ki, «Mövqe» qəzetinin 27 may tarixli sayı onlara verilmədiyi üçün arxivləşdirilməyib.

Hörmətli Oxucu, əgər siz bunun da təsadüf olduğunu hesab edirsinizsə, bunu da andıra qalmış yaddaşın, sklerozluğun üstünə atırsınızsa, Sizin böyük humanizminizə qoşulmamağa ixtiyarımız yoxdur.

Lakin…

Niyə məhz 27 may tarixi unudulur?

Spenserçilər deyirdi ki, «həqiqətdən başqa həqiqət yoxdur, Spenser isə onun peyğəmbəridir». İndi biz neyləyək ki, «faktdan başqa fakt yoxdur və jurnalist də onun peyğəmbəridir».

Axı, niyə məhz Vüqar Səfərlinin oğlu, «Mövqe» qəzetinin baş redaktoru Seymur Səfərlinin müsabiqəyə təqdim olunan yazısının dərc olunduğu 27 may tarixli sayın nəşr tarixi unudulmalı, yaddan çıxmalıdır?

Çünki KİVDF ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi müsabiqəyə yazı və telesüjetlərin qəbulu 27 may tarixinə qədər idi. Hörmətli Vüqar Səfərli keçirdiyi mətbuat konfransında jurnalistlərə şəxsən müraciət etmişdi ki, mayın 26-da yazı qəbulu bitir, 27-də təqdim olunan yazılar müsabiqəyə buraxılmayacaq.

Belə çıxır ki, aprelin 18-dən mayın 26-dək arın-arxayın oturan Vüqar Səfərli son anda fürsətin əldən getdiyini görüb də fəaliyyətə keçib: oğlu Seymur Səfərli dərhal, anında yazı “yazıb”, mayın 27-də dərc olunan «Mövqe» qəzetinin 8-ci səhifəsinə yerləşdirib, ancaq elan edilən vaxta uyğun gəlmədiyini və bu faktın hallanacağını nəzərə alaraq qəzetin çap tarixini saxtalaşdırıb: yəni 27 may tarixində işıq üzü görən qəzet düşünülmüş surətdə 26 may tarixi ilə dərc olunub.

Adam bu faktın aşkarlanmasının qarşısını almaq üçün qəzetin kitabxanalara verilməli olan  məcburi nüsxələrini də göndərməyib. Və bu cür qırğınla, bu cür saxtakarlıqla, bu cür biabırçılıqla müsabiqəyə dürtüşdürülən yazını qalib eləyib.

Saxtakarlığın doğurduğu məsuliyyət

Vüqar Səfərli:

1)    Müsabiqəyə gecikmiş tarixlə öz doğmasının yazısını qəbul edib;

2)    Tarixi saxtalaşdırmaqla ictimaiyyəti aldadıb;

3)    Vəzifə səlahiyyətlərindən sui-istifadə edib və oğlunun saxtakarlıqla müsabiqəyə təqdim olunan yazısını qalib çıxarıb;

4)    Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ictimai nüfuzunu ciddi zərbə altında qoyub;

5)    Keçirilən müsabiqələrin ədalətliliyinə şübhə yaradıb;

6)    Nəhayət, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ayırdığı mükafat fondundan 1.000 manat pulu qeyri-qanuni olaraq mənimsəyib;

7)    Vüqar Səfərli qəzetin tarixini saxtalaşdırmaqla həm də cinayət əməli  törədib.

Aman, aman!!! Qəzet çeşidləyicisindən başlamış qəzetsatana və nəhayət, Prezident yanında KİVDF-nin icraçı direktorluğuna qədər çox, lap çox, hətta deyərdik ki, dəhşətli dərəcədə şərəfli karyera keçən hörmətli Vüqar Səfərli cəmi 1.000 manata görə bu boyda məsuliyyətin altına girib?

Heç inanmaq istəmirik. Axı, hansı «danə» bu boyda kobud, düşüncəsiz səhv edə bilər? Ağlı başında olan hansı insan bu cür şərti reflekslə hərəkət edib özünü biabır edər?

Min manata görə bu boyda məsuliyyətin altına girməyin dəhşətli dərəcədə biabırçılıq olmasıyla bərabər, həm də özündə cinayət daşıdığını bilmək üçün «danə»liyə ehtiyac yoxdur, yalnız divanə olmamaq, şərti reflekslə davranmamaq yetər.

Bəlkə söhbət heç min manatdan getmir, Vüqar Səfərli yalnız təsisçisi olduğu qəzetə baş redaktor təyin etdiyi oğlu Seymur Səfərlini həm də qalib kimi görmək, ona diplom vermək istəyib?

Gözəl istəkdir, ata arzusudur… Amma oğluna diplom verib onu qəhrəman, qalib etmək istəyən kəs övladına niyə vaxtında yazı yazdırmayıb? Niyə son ana qədər gözləyib, lap axırda böylə bir saxtakarlığa gedib?

Və yaxud: niyə bir anlıq da olsun düşünməyib ki, oğlu başqa təşkilatın keçirdiyi müsabiqədə qalib gəlsə, daha ləyaqətli, daha şərəfli, daha ədalətli olar? Niyə fikirləşməyib ki, cəmiyyətdə onun atdığı bu addım heç də birmənalı qarşılanmayacaq, mütləq araşdırma aparılacaq və faktlar üzə çıxacaq?

Bu faktlar üzə çıxandan sonra özünü ədalət təmsilçisi, ləyaqət mücəssiməsi, müsabiqə keçirməyə layiq olan şəxs kimi təsəvvür edəcəkmi? Ümumiyyətlə, bu biabırçı, rüsvayçı faktın qarşılığında necə davranmağı düşünür?

Vüqar Səfərli – abır və həya təcəssümü

Əlbəttə ki, bu rüsvayçılığın bəlli olacağı təqdirdə ictimaiyyətin önünə çıxmaq çox abırlı, çox həyalı, hətta deyərdik ki, dəhşətli dərəcədə abır-həyalı və ləqayətli insan olan Vüqar Səfərliyə asan başa gəlməyəcək. Hətta inanırıq ki, bu faktlar ictimaiyyətə bəlli olmasaydı belə, yenə də Vüqar müəllim üçün o qədər də ürəkaçıcı hadisə deyildi oğlu Seymur Səfərlini qalib etmək.

Ona görə ki, Vüqar Səfərli həm də son dərəcə vicdanlı, dəhşətli dərəcədə ismətli bir adamdır. O, yaxşı bilir ki, hansısa neqativlikdən kimlərsə xəbər tutmaya bilər, amma bəs, insanın öz vicdanı? İnsanın özü, öz şərəf, ləyaqət və vicdanı, öz Allahı qarşısında hesabatı var, axı?

Vicdan demişkən, Vüqar Səfərlinin qalib etdiyi oğlu Seymur Səfərlinin yazısı bilirsiniz nə gündədir? İnanın, bu yazıya yazı demək üçün doğrudan da jurnalist vicdanından məhrum olmaq lazımdır.

İnanmırsınız? Onda gələn həftə Seymur Səfərlinin «Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi» başlıqlı, Vüqar Səfərlinin qalib elan etdiyi yazısına birlikdə nəzər salarıq.

 

“X” Analitik Qrupu

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Salam! Mən jurnalistəm. Bu məlumatı qəzetiniz və saytınız vasitəsilə yaysanız çox sevinərdim! İyulun 20-də Səbael rayin ocra hakimiyyətində jurnalistlərlə görüş keçirilirdi. Əvvəlcədən bilnirdi ki görüşün sonunda jurnalistlərə hədiyyələr veriləcək. Tədbirə KİVDF-nin real rəhbəri (əslində icraçı direktoru) Vüqar Səfərli də dəvətliydi. Zalım öz oğlu Seymuru da götürüb gəlmişdi. Sonda ata-oğul (yəni dədə-bala) əllərində iki DVD getdilər.

    LÜTFƏN BU MƏLUMATI QƏZETİNİZDƏ VƏ SAYTINIZDA YAYIN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button