Vüsalə Ağabəyli: “Distant təhsilə keçsəydik…”

Vüsalə Ağabəyli

Azərbaycan Dillər Universiteti, Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Uzun müddət yazmaq istədiyim yazının tarixi bugün imiş. Koronavirusla (COVİD -19) mübarizə və qorunma tədbirlərinin təşkil olunduğu müddətdə, məncə, bu məsələyə toxunmağın əhəmiyyəti böyükdür.

Bir müddət öncə, “Ali təhsil müəssisələrində beynəlxalq rəqabətliliyin artırılması mövzusunda ictimai müzakirələrin təşkili” adlı layihənin eksperti, dosent Ilham Ahmedovun dəvəti ilə Azərbaycan Texniki Universitetində təşkil olunmuş dəyirmi masada iştirak etmişdim. Tədbirlə bağlı diqqət cəlb edən məqamları qeyd etmişdim, xüsusilə, distant təhsilin önəmi və mütləqliyini.

Bəzi məsələləri açıqlamaq istəyirəm. Bəli, Azərbaycan təhsil sistemində distant təhsilin bütün istiqamətləri artıq formalaşmış olsaydı, bu gun, bu ölkədə koronavirusdan qorunmağa çalışan tələbə-şagird kontingenti tədrisdən kənarda qalmazdı. Distant təhsil tarixən iki istiqamətdə həyata keçirilib – məsafədən idarə olunmaqla birtərəfli və ikitərəfli. Birtərəfli təhsil öyrənənə təhsil verən tərəfindən elektron vasitələrlə mövzu ilə bağlı materialların çatdırılması yolu ilə həyata keçirilib. İkitərəfli distant təhsil öyrədən və öyrənənin məsafəli şəkildə qarşılıqlı fikir mübadiləsi ilə həyata keçirilən təhsil forması kimi qəbul edilib. Birtərəfli istiqaməti, demək olar ki, əksər müəllimlər tələbələrə materialları elektron şəkildə göndərməklə tətbiq edirlər, bəziləri isə Skype, Whatsapp vasitəsilə, hətta ikitəfli əlaqə də qurmağa çalışırlar. Lakin bunlar sistemli deyil, universitetlər tərəfindən tənzimlənmədiyi üçün e-learningə xidmət etsə də, distant təhsilə çevrilmir. Məsələn, Finlandiyaya səfərimiz zamanı, Jyvaskula Universitetində seminarlarda iştirak etmişdik. Həmin universitetin sistemində MOODLE adlı elektron təhsili təşkil edən proqram var ki, universitet rəhbərliyi evdən, işdən müəllimin cədvəlinə nəzarət edə bilir, eləcə də, müəllimlər də öz evlərində əyləşərək interaktiv dərsi həmin proqram üzrə təşkil edir. E-Dərsdə iştirak etməyən tələbəyə həmin proqram vasitəsilə avtomatik “qaib” yazılır. Təsəvvür edin, müəllimin bütün vəsaitləri, materialları sistemli şəkildə həmin proqrama yerləşdirilir, tapşırıqlar yoxlanılır, seminarlar təşkil olunur, tələbələr evində oturaraq “kitabxanaya gedib” istənilən materialdan yararlana bilir. Azərbaycan Univetsitetlərində bu cür distant təhsil təşkil olunsa, görün, necə müsbət tərəfləri ola bilər. Məsələn, Sumqayıtdan, Qobudan, uzaq Bakı kəndlərindən tələbələr 3-4 marşurutla univetsitetə gəlmək üçün əziyyət çəkməzdi, əməliyyat olunan və ya ambulator müalicə alan müəllim-tələbə müvafiq halda və uyğun şəkildə evindən birbaşa dərsə qoşula bilərdi. Xüsusilə də, indiki kimi, virus tipli fövqəladə hallarda, kritik məqamlar yarananda tələbə-müəllim tədrisdən uzaq düşməzdi.

Həyəcan təbili çalan məqam isə başqadır. Təvəvvür edin, bir çox xarici ölkələrin universitetləri distant təhsil təklif edir, həm də ucuz qiymətə. Bu isə, təhsil üzərindən qurulmuş iqtisadi strategiyadır. Necə? Yəni hər hansı bir tələbənin 200-300 avroya distant təhsil almaq şansı yaranırsa, o daha yerli univetsitetlərə 2000-3000 manat ödəyib niyə təhsil alsın ki? Təsəvvür edə bilirsiz, bu nə deməkdir? Distant təhsil Azərbaycan təhsil sistemində yer almasa, bu strategiya Azərbaycan universitetlərinin boşalmasına – “ölümünə” səbəb ola bilər. Tələbə kontingenti azalmağa başladıqca univetsitetlər süquta uğrayacaq, daha sonra isə bağlanacaq. Bu zaman isə artıq kifayət qədər “kliyent” toplayan əcnəbi distant təhsil sahibləri təhsilini çox baha qiymətlərə “satacaq”, artıq bağlanmış univetsitetlərə sənəd verə bilməyən tələbələr məcbur ya həmin ödənişləri ödəyəcək, ya da təhsildən kənar qalacaqlar. Düzdür, bunlar qeyri-realdır, amma hələ ki. Bəs, reallaşmağa doğru gedirsə? Görün, neçə-neçə müəllim işsiz qala bilər, neçə universitet bağlana bilər. Zatən süni intellekt insani münasibətləri dəyişməyə xidmət edəcək. Onsuz da, artıq canlı tərcümə lüğətləri getdikcə təkmilləşir, smartfonlar həm yol yoldaşımız, həm kitabımız, həm xəritəmiz, həm arxivimiz, həm bank kartımız, həm də əcnəbilərlə ünsiyyətdə tərcüməçimiz ola biləcək üçüncü şəxsə çevrilib. Bildiyimiz kimi, artıq elə proqramlar mövcuddur ki, 2 əcnəbi şəxs bir-biri ilə avtomatik səsli tərcümə ilə ünsiyyət qura bilir, əlavə tərcüməçi şəxsə ehtiyac duyulmadan. Bu cür proqramların zaman-zaman təkmilləşməsi, mükəmməl həddə yaxınlaşması, yaxın gələcəkdə, xüsusilə, Azərbaycan Dillər Universitetinin ənənəvi şəkildə ölkəyə hazırladığı tərcümə, xarici dil müəllimi ixtisaslarının azalmasına səbəb ola bilər.

Bu problemləri düşünmək, həlli yollarını axtarmaq çox vacibdir. Təbii ki, bütün bunları nəzərə alaraq, təhsil sistemində köklü dəyişikliklər edilməlidir. Bunu yalnız ödənişli tələbələrin hesabına maliyyələşən universitet büdcəsi təmin edə bilməz. Maliyyə Nazirliyi tərəfindən təhsilə sərmayə qoyulmalıdır, çünki bir ölkənin güclü təhsili həm onun siyasətidir, həm iqtisadiyyatıdır, həm də əsaslı inkişafı.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button