Vüsalə Mahirqızı «Xalq Jurnalistikası»ndan imtina etdi

Vüsalə Mahirqızı

APA direktorunu əsəbiləşdirən hansı suallar oldu?

 Xalq Jurnalistikası

 Burada jurnalist xalqdır. Biz sadəcə poçtalyon kimi vasitəçilik edirik. Müsahibi elan edirik, sosial şəbəkələrdə gələn sualları toplayıb sahibinə ünvanlayırıq. Müsahibimiz ya yazılı, ya da ənənəvi qaydada – diktafon qarşısında sualları cavablandırır. Zövqlər müxtəlif olduğu üçün suallar da ayrı cür ola bilər. Yalnız “Xalq Jurnalistikası”nda siyasətdən tutmuş mədəniyyətə qədər istənilən sahədə müsahibə sual ünvanlamaq imkanı var…

 Təriflər və təhqirlər

 «Xalq Jurnalistikası» layihəsinin bu dəfəki qonağı APA-nın baş direktoru Vüsalə Mahirqızı olmalı idi. Müsavat partiyasının başqanı İsa Qəmbərdən sonra ən çox suallar ona ünvanlanmışdı. Sualların ardı-arası kəsilmirdi. Cəmi üç gün idi ki, biz sosial şəbəkələrdə elan paylaşmışdıq. Göndərilən mesajlar içində tərif lər də, təhqirlər də vardı.

Öncə tərifdən başlayaq. Biz niyə tərifləri önə çəkmirik? Əvvəla, ona görə ki, bu projedə məqsəd kiməsə xoş gəlmək deyil, qaranlıq məqamlara Oxucuların vasitəsilə işıq salmaqdır. Yəqin ki, çoxlarınız «jurnalist filan sualı versəydi, daha gözəl alınardı» deyə düşünmüsünüz. Həmin o «filan sualı» vermək üçün belə bir layihəyə start vermişik.

İkincisi, jurnalistika kimisə tərif etmək üçün deyil, axı!

Keçək təhqirə. Kimliyindən asılı olmayaraq, heç kəsi təhqir etmək olmaz. Müsahib kiminsə xoşuna gəlməsə belə, təhqiredici, alçaldıcı sual vermək etikaya uyğun deyil.

Məhz bu iki amilə görə, gələn tərifli və təhqirli sualları çıxardıq. Cəmi 12 sualı qonağımıza ünvanladıq.

 

«Bu suallara cavab vermirə

Bu layihə «Xural»da həftədə iki dəfə yayımlanır. Cümə günü, yəni oktyabrın 14-də Vüsalə Mahirqızı ilə əlaqə saxladıq. Məqsəd və niyyətimizi ona söylədik. Təəccübləndi. Həm layihənin müəllifindən, həm də qəzetdən: Nədən onu müsafir seçmişik?

Bunun bizdən asılı olmadığını söylədik. Axı, hər hansı münasibətin projeyə, ya da Oxucuya nə dəxli var? Odur ki, müsahibə almaq üçün nə vaxt görüşə biləcəyimizi sorduq. Saat 13-ə qədər imkanı olacağını dedi. Deyilən saatın tamamına az qalmış artıq «28 may» metrostansiyasının yaxınlığında idik. Təkrar əlaqə saxladıq. Qızının doğum günü olduğunu dilə gətirib, artıq gecikdiyimizi söylədi. Biz layihəni «Xural» qəzetinin həftə sonuna təsadüf edən sayında çap edəcəyimizi onun nəzərinə çatdırdıq. Mümkün bir vaxt təyin edib, görüşəcəyini bildirdi. Həftənin şənbə və bazar günləri işləmədiyini də vurğuladı. Bununla belə, söz verdi ki, bu günlər ərzində ondan müsahibə ala biləcəyik…

Problem olmasın deyə, növbəti dəfə əlaqə saxladıq. Sualları yazılı şəkildə elektron poçtuna göndərə biləcəyimizi Vüsalə Mahirqızına söylədik. Razılaşdı. Elə ən optimal variant da bu idi. Və sualları tez kompüterin yaddaşına əlavə edib, müsahibimizə göndərdik.

Sualları göndərərkən belə bir məktub da yazmağı unutmadıq: “Salam, Vüsalə xanım! Sualları «feyzbuk» sosial şəbəkəsinə və mənim elektoron poçtuma göndəriblər. Bizim işimiz sualları toplayıb müsahibə təqdim etməkdir. Elanları isə «feyzbuk»-da, «gmail»də, «Xural» qəzetində və Xalq Jurnalistikasının sosial şəbəkədəki qrupunda yaymışıq. İstənilən suala cavab verə, istənilən suala isə cavab verməyə bilərsiniz. Layihə bir səhifəlik nəzərdə tutulub. Maksimum 12 min işarə olmalıdır. Bazar günü saat 12-yə qədər mənə göndərməyinizi xahiş edirəm. Öncədən təşəkkürlər…”

Təxminən bir saat sonra Vüsalə Mahirqızıdan təkrar zəng gəlir. Məktubu aldığını deyir. Sonra isə əlavə edir: «Suallara baxdım. Bir cümlə ilə deyə bilərəm ki, bu suallara cavab vermirəm».

Bu söhbətdən sonra sağollaşdıq. Daha nə deyə bilərik ki?! Bir daha təkrar edirik ki, bizim işimiz sualları toplayıb müsahibə ünvanlamaqdır.

Vüsalə Mahirqızı bizdən niyə yan qaçdı? Hansı suallar onu mövqeyindən daşındırdı?

Bilmirik və hesab edirik ki, vətəndaş cəmiyyətinin və demokratik sistemin qurulmasını istəyən hər bir vətəndaş ən ağır sualları da təmkinlə cavablandırmağa borcludur. Xüsusilə, bu adam bir neçə media qurumuna başçılıq edirsə, onun suallara cavab verməməsi qəribədir. Ona ünvanlanan vətəndaş suallarını cavablandırmaqdan imtina edən jurnalist hansı mənəvi haqla KİV haqqında Qanunu əsas göstərib, başqalarına sual ünvanlayır və cavablandırmağı tələb edə bilər?

Hər bir vətəndaşın sualları cavablandırmaq haqqı kimi, imtina haqqı da var. Ancaq Vüsalə Mahirqızı sıravi vətəndaş deyil, ictimai gündəmdə olan şəxsdir və suallardan imtinası ən azı KİV haqqında Qanuna hörmətsizlikdir.

 

Vüsalə xanımı əsəbiləşdirən suallar

 

Sualların qoyuluşundan narahat olub əsəbiləşən və cavablandırmaqdan imtina edən Vüsalə Mahirqızına bir hadisəni də xatırlatmaq istəyərdik.

Bu hadisənin şahidi Şahvələd Çobanoğlu olub. 1992-ci ildə Şahvələd Çobanoğlu «Azərbaycan» qəzetinin şöbə müdiri işləyəndə Milli Məclisin sədri İsa Qəmbərə belə bir sual verir (nəzərə alın ki, o vaxt artıq «Azərbaycan» qəzeti Milli Məclisin orqanı və rəsmi dövlət qəzeti statusunu almışdı):

– İsa bəy, yeni yaranan Müsavat partiyasına «İsavat», sizə isə «Lisa» deyirlər. Buna münasibətiniz necədir?

İsa Qəmbərin cavabı:

– Şahvələd bəy, siz çox ciddi zarafat edirsiniz.

Əslində, bu sual tənqiddən daha çox, təhqir də sayıla bilərdi. Amma ölkənin ikinci şəxsi olan İsa Qəmbər böyük dözüm nümayiş etdirərək ləyaqətlə sualı cavablandırmışdı, Şahvələd bəy isə təqib olunmadı, cibinə narkotik atılıb türməyə salınmadı, gecə evinə getdiyi yerdə maskalılar tərəfindən ölümünə döyülmədi…

Şahvələd Çobanoğlu Milli Məclis sədrinə bu cür sual ünvanlamasına baxmayaraq, Milli Məclisin orqanında işləməkdə davam etdi – heç bir narahatlıq olmadan.

Biz məhz o cür demokratiyanı istəyirik – ən azı, azad sözün sərhədsiz olmasını arzulayırıq.

Bütün hallarda, Vüsalə xanım Mahirqızına ünvanlanan 12 sualı sizlərə təqdim edirik…

 

1. Aydın: Qan Turalıdan sonra növbə hansı yazarındır? Yəni hansı müxalifyönlü yazarı APA və yaxud lent.az-a dəvət etmək istəyirsiniz?

2. Anonim: «Feyzbuk» sosial şəbəkəsində Daxili İşlər naziri Ramil Usubovun Ermənistana səfəriylə bağlı status yazmısınız. Sonra onu sildiniz. Siz sosial şəbəkələrdə də statusu yazanda kiminsə göstərişi ilə silirsiniz?

3. Kamal Göyüşov: APA, lent.az və kulis.az-ın aylıq büdcəsi nə qədərdir?

4. Leyla Hüseynova: Məhəmməd Əmin Rəsulzadə, yoxsa Heydər Əliyev? Sizin üçün kim ümummilli liderdir?

5. Arzu Abdulla: Başçı olmaq, rəhbər işdə çalışmaq çox sevindiricidir. Bəs, bir qadın, özü də yaradıcı qadın üçün bu çətin deyil? Siz başçı olmaq üçün nələri qurban vermisiniz?

6. Oxucu: APA-nı hökumət «Turan» informasiya agentliyinə alternativ yaradıb. Yəni APA-nın əsas işi «Turan»ı sıradan çıxarmaqdır. Bu fikirlə razısınızmı?

7. Aygül: Qafqazinfo.az saytı APA və lent.az-ı sözün bütün mənalarında ötdü. Deyirlər, siz də keçmiş işçinizdən qisas almaq üçün həmin saytı bir neçə dəfə dağıtdırmaq üçün göstəriş vermisiniz. Buna münasibətiniz?

8. Vüsalə: APA-nın AzərTAc-dan heç bir fərqi yoxdur. Bu fikri qəbul edirsinizmi?

9. Hikmət Əliyev: Cəmiyyətdə belə fikir var ki, agentliyiniz Fövqalədə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən maliyyələşdirilir. Bu iddialara münasibətiniz? Agentliyi yaradarkən ilkin kapital haradan olub?

10. Anonim: Sizin bir yazınız var – «Boynumuzdakı kəndirlər». İndi əksər jurnalistlər sizi boyunlarında kəndir kimi təsvir edir. Yəni nə o kəndirlə intihar edirlər, nə də kəndiri kənara ata bilirlər. Siz özünüzü mediada bir kəndir rolunda hiss edirisiniz?

11. Fərid Quliyev: İlk10.az sizə məxsusudur. Yox, əgər inkar edirsinizsə, niyə APA və lent.az-ın domenləriylə İlk10.az-ın domenlərinin sahibi bir şəxsdir? Ən azı 4-5 ay bundan əvvələ qədər bir nəfər idi.

12. Sevinc Qocayeva: Vüsalə xanım, «Azadlıq» qəzetinə qarşı sizdə aqressiya haradan qaynaqlanır? «Feyzbuk»da statuslarımın birində bu barədə yazmışdım. Nəticədə məni dostluqdan sildiniz.

 

Layihənin rəhbəri Ramin Deko

 

Redaksiyadan:

Heç bir halda Vüsalə Mahırqızına qarşı qərəzli deyilik. Onun bu suallara niyə cavab vermədiyini də bilmirik. Biz Vüsalə xanımı iqtidaryönlü şəbəkənin içində normal və demokratik həmkarlarımızdan biri kimi bilirdik. Görünür, elə deyil. Qeyd edək ki, bu layihəyə qəzet redaksiyası qarışmır. Hətta suallara belə baxmır və özümüz sual vermirik. Hər şeyi buraxmışıq Ramin Dekonun üzərinə. Həm də bu günlərdə Vüsalə Mahirqızının rəhbərlik etdiyi saytlar bizi linc edərkən, biz ona bir səhifə cavab haqqı verdik. Yenə də istədiyi zaman Vüsalə xanım redaksiyamıza gələ və müsahibəsini verə bilər.

Gələcək qonaq:

“Xalq Jurnalistikası”nda növbəti qonaq “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. Ona suallarınızı ramin.deko@gmail.com elektron poçtuna göndərməklə və yaxud “Facebook” sosial şəbəkəsində yaradılan (https://www.facebook.com/groups/287423577949275) qrupda yazmaqla verə bilərsiniz…

 

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button