Xədicə İsmayıl: “Güman edirəm ki, hökm də ittiham aktının təkrarı olacaq”

ggg“Biz burada qatığın ağ olduğunu sübut etməyə çalışırıq”

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

Xədicə İsmayıl Tural Mustafayevla bağlı psixoloji ekspertiza rəyinin məhkəmədə elan olunmasını istəyib. Deyib ki, həbs olunduğu gün müstəntiq ona həmin sənədi göstərib. Sənəddə qeyd olunub ki, Tural Mustafayev 2 ildir  psixoloji problemdən əziyyət çəkir.

İstintaq materiallarının içərisindən həmin sənəd tapılmayıb. Hakim bildirib ki, həmin sənəd tapılıb, elan olunacaq.

Prosesdə Tural Mustafayevlə bağlı başqa bir ekspertiza rəyi elan olunub. Həmin rəydə göstərilib ki, Tural Mustafayevi iş tapa bilməməsi, nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərinin gərgin olması, barəsində gəzən söz-söhbətlərin onun şəxsiyyəti ilə bağlı mənfi rəy formalaşdırması, həmçinin Xədicənin ona münasibəti intihar həddinə çatdırıb. Rəyə görə, o, intihara cəhd edərkən heç bir psixoloji xəstəliyi olmayıb, öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olub.

Xədicə İsmayıl deyib: “Biz istintaq qarşısında vəsatət qaldırmışdıq ki, ekspertiza keçirən ekspertlər bizimlə razılaşdırılsın. Həmin ekspertlər qarşısında bizim də suallarımız qoyulsun. Vəsatətimiz qismən təmin olunmuşdu. Ekspert bizimlə razılaşdırıldı, amma suallarımız qoyulmadı. Nəticədə bəlli oldu ki, aldadılmışıq, 3 ekspert rəy verib, onlardan yalnız biri bizimlə razılaşdırılıb. Prosessual Məcəlləyə əsasən, 10 gün ərzində ekspertin rəyi təqsirləndirilən şəxsə təqdim edilməlidir. Dekabr verilmiş rəy isə mənə fevralda təqdim olunub. Bu, qanunun kobud şəkildə pozulmasıdır. Əgər həmin qanun pozuntusunu sübut kimi qəbul edirsizsə, buyurun, davam edin”.

İstintaq materiallarında Xədicə İsmayılın AzadlıqRadiosunun əməkdaşları İlqar Rəsulov, Rafiq Məmmədovla müqavilə bağladığı qeyd olunub. Xədicə İsmayıl məhkəmədən həmin sənədi istəyib. Məlum olub ki, işin içində həmin müqavilələr yoxdur. İstintaq materiallarında olan qəbzlərdə Xədicə İsmayılın adının olmadığı, yalnız Azərbaycan nümayəndəliyi yazıldığı da bəlli olub. Xədicə İsmayıl məhkəmədə bir daha qeyd edib ki, Bakı bürosu ilə Azərbaycan nümayəndəliyi fərqlidir, onları eyniləşdirmək olmaz.

Daha sonra müdafiə tərəfi vəsatət verib, Aralıq Aktını hazırlayan 4 nəfər ekspertin – Bakı Vergilər Departamentinin dövlət vergi müfəttişləri İmran Nurməmmədov, Elçin Əliyev və Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələri Emin Məmmədli və Zaur Məmmədovun məhkəmədə şahid qismində dindirilməsini istəyib.

Digər vəsatət təkrar kompleks mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olub. Daha bir vəsatət AzadlıqRadiosu rəhbərliyinin hakim Ramella Allahverdiyeva və baş prokuror Zakir Qaralova yazdığı məktubunun işə daxil edilməsi ilə bağlı olub.

Xədicə İsmayıl vəsatətə münasibət bildirərkən deyib ki, Aralıq Aktını hazırlayan ekspertlər göstərdikləri nəticəyə gəlmək üçün heç bir fakt ortaya qoymayıblar:

“Görünür ki, Xədicə İsmayıl haqqında nəsə yazılmalı idi və onlar da yazıblar. Heç bir fakta əsaslanmayıblar, orada yazılanlar tamamilə uydurmadır. Mən nəinki nümayəndəliyin rəhbəri olmuşam, heç onlarla əlaqəm olmayıb. Mən Bakı bürosunun rəhbəri olmuşam. Bakı bürosu isə Azərbaycan nümayəndəliyi deyil. Bu sadə faktı bilmək üçün heç universitet oxumaq lazım deyil, elə 3 sinif oxumaq kifayətdir. İnanmıram ki, Vergilər Nazirliyinin əməkdaşları elə savadsız olsunlar ki, bunu başa düşməsinlər. Bilirəm ki, siyasi sifariş verilib deyə belə yazmağa məcbur olublar. Biz burada qatığın ağ olduğunu sübut etməyə çalışırıq. Təəssüf ki, məhkəmə prokurorluğun fikirlərini təkrarlamaq vərdişindən əl çəkmək istəmir. Güman edirəm ki, hökm də ittiham aktının təkrarı olacaq. Biz əslində burada məhkəməyə nəsə sübut etmək istəmirik. Sadəcə özümüz üçün 2 məsələni aydınlaşdırmaq istəyirik: birinci, məhkəmənin araşdırmaya kifayət qədər imkan tanıyıb-tanımaması məsələsini, ikinci, Vergilər Nazirliyi və prokurorluq da daxil olmaqla bütövlükdə hökumətin bu qərəzdə iştirakını. O ki qaldı aktı tərtib edənlərlə bağlı vəsatətə, mən sadəcə o ekspertlərin üzünə baxmaq istəyirəm”.

Daha sonra prosesdə bir sıra sənədlər elan olunub. Həmin sənədlərin içərisində Azadlıq Radiosunun yayımı ilə bağlı müqavilənin Tele-radio İstehsalat Birliyi, Rabitə və Texnologiyalar Nazirliyi ilə ABŞ Yayım İdarəetmə Şurası arasında bağlanmasını göstərən sənəd də olub.

Prosesdə vəkil Fariz Namazlı vəsatət qaldırıb. O deyib ki, Azadlıq Radiosunda aparılan səyyar vergi yoxlamaları 14 avqustadək dayandırılmışdı. 15 avqustda isə qərar verərək, müddəti 30 sentyabra qədər uzatdılar. Vəkil həmin qərarın sübutlar siyahısına daxil edilməsini istəyib.

Xədicə İsmayıl bildirib ki, ona verilən 5 maddənin 4-ü Azadlıq Radiosu ilə bağlıdır, maliyyə məsələlərinə məsuliyyət daşımadığı halda ehtimal olunan pozuntularla bağlı ekspertlər tərəfindən rəylər verilib:

“Ehtimal var ki, prokurorluq mənim vəkillərimin qaldırdığı vəsatətlərə qarşı çıxsın. Ona görə də bəri başdan Azadlıq Radiosunun mərkəzi rəhbərliyinin məktubunun mətnini səsləndirmək istəyirəm:

“Artıq 8 aydır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Vergilər Nazirliyinin qanunsuz hesab etdiyimiz müdaxiləsi nəticəsində Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti iflic vəziyyətinə düşüb.

Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyində vergi yoxlaması başa çatmamış cinayət işindən sabiq həmkarımız Xədicə İsmayılova barəsində iş ayrılaraq məhkəməyə göndərilmişdir. Məlum olmuşdur ki, istintaq orqanı faktiki olaraq Xədicə İsmayılova barəsində onu həbs etmək üçün irəli sürdüyü başqasını özünü öldürməyə cəhd həddinə çatdırma ittihamını guya ki, möhkəmləndirmək üçün onun Azadlıq Radiosundakı fəaliyyəti ilə bağlı qulluq səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda özgə əmlakını talama, qanunsuz sahibkarlıq, vergidən yayınma ittihamları irəli sürülmüşdür.

Sonradan irəli sürülmüş ittihamlar bilavasitə Azadlıq Radiosu və onun fəaliyyəti ilə əlaqəli olduğundan onlara münasibət bildirməyi özümüzə borc bilirik.

Xədicə İsmayılovanın radiodakı fəaliyyəti ilə əlaqədar ona qarşı irəli sürülmüş bu ittihamları radiomuza qarşı ittiham hesab edir, onları qəbul etmirik.

RFERL İnc. Azərbaycan nümayəndəliyinin əsasnaməsi və Azadlıq Radiosu Bakı bürosunun müdirləri ilə bağlanmış müqavilələrdən göründüyü kimi nə Xədicə İsmayılova, nə də ki ondan öncəki və sonrakı müdirlərin maliyyə məsuliyyəti, o cümlədən vergi orqanlarına maliyyə və başqa hesabatların verilməsi sahəsində məsuliyyəti və səlahiyyəti olmayıb.

Xədicə İsmayılovaya qarşı irəli sürülmüş növbəti ittihamın məzmununa görə, o, radionun xidmət müqaviləsi əsasında əməkdaşlıq etdiyi bir sıra şəxslərin gəlir vergisi ödəyicisi kimi deyil, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata durmasını təşkil edib, bununla da gəlir vergisi ödəyicisi ilə sadələşdirilmiş vergi ödəyicisi arasındakı 10 faizlik fərqi – yəni, 17 992 60 manat məbləğini israf etməklə, talamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir.

Hətta istintaqın dedikləri həqiqət olsaydı belə, bu əmələ görə hər hansı şəxsi əmlakı talama cinayətində ittiham etmək məntiqsizdir, burada yalnız vergidən yayınmadan söhbət gedə bilərdi. Görünür, bu cür nəticə istintaq orqanlarının planlarına uyğun gəlmədiyindən Xədicə İsmyılovaya qarşı sanksiyası 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 179.3.2-ci maddə ilə ittiham irəli sürülüb…”.

Hakim Ramella Allahverdiyeva Xədicə İsmayıla məktubu başa çatdırmağa imkan verməyib: “Məktub mənə ünvanlanıb, nə vaxt gəlib çatsa, özüm oxuyacam”.

Xədicə İsmayıl məktubu ifadəsinə əlavə kimi işə daxil edilməsini istəyib. Hakim razılaşmayıb.

Prokuror bütün vəsatətlərin əleyhinə çıxış edib, yalnız Aralıq Aktı hazırlayan ekspertlərdən birinin dindirilməsinə etiraz etməyib.

Azadlıq Radiosunun mərkəzi büro rəhbərliyinin ünvanlandığı məktubun işə əlavə edilməsi istəyinə münasibət bildirən prokuror deyib ki, radionun nümayəndəsinin məhkəməyə dəvəti ilə bağlı müdafiə tərəfinin vəsatəti qəbul edilmədiyindən bu məktub ortaya çıxıb: “Məktubdakı tövsiyələrə cinayət işi materiallarının ehtiyacı yoxdur. Ona görə də qəbul edilməsin”.

Xədicə İsmayılın təkidinə baxmayaraq, məhkəmə məktubun işə əlavə olunması ilə bağlı vəsatəti qəbul etməyib. Hakim deyib ki, məktub poçt vasitəsilə məhkəməyə daxil olmalı, dəftərxanada qeydə alınmalı və sədrin dərkənarı ilə ona təqdim olunmalıdır.

ti vəsatətlərin müzakirəsi ilə bağlı müşavirəyə gedib. Yalnız aralıq aktını tərtib edən ekspertlərin dindirilməsi ilə bağlı vəsatət qismən təmin edilib. 4 ekspertdən ikisinin – Bakı Vergilər Departamentinin müfəttişlərinin prosesə çağırılması qərarı verilib.

Məhkəmə fasiləyə çıxıb.

Daha sonra məhkəmə heyə

Fasilədən sonra vergi müfəttişi İmran Nurməmmədov dindirilib. O, Bakı bürosu adlı hüquqi şəxsin qeydiyyata alınmadığını, Aralıq Aktının toplanmış vergi sənədləri əsasında hazırlandığını və heç bir qanun pozuntusuna yol verilmədiyini qeyd edib.

Proses avqustun 20-də saat 11:00-da davam etdiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button