Xədicə İsmayıl şüşə kameraya salındı -VİDEO

xedice21.04.2015

Aprelin 21-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın 2500 manat cərimə olunması ilə bağlı verdiyi şikayətə baxılıb. Məhkəmə zalında Xədicə İsmayıl şüşə kameraya salınıb. Vəkil Fariz Namazlı jurnalistin kameradan çıxarılması ilə bağlı vəsatət verib, məhkəmə heyəti vəsatəti təmin etməyib. Hakim Xədicə İsmayılın vəkillərin yanında əyləşməsinə etiraz etmədiyini desə də, konvoy rəisinin razılığından sonra vəsatəti təmin edəcəyini deyib. Konvoy rəisi məhkəməyə dəvət olunub. O, X.İsmayılı şüşə kameradan çıxarmağa ixtiyarının olmadığını bildirib.

Jurnalisti ittiham edən Elman Türkoğlu və onun nümayəndəsi məhkəmədə iştirak etməyiblər. Xədicə İsmayıl bildirib ki, Elman Türkoğlunun məhkəmədə iştirakını istəyir. O, əlavə edib ki, bu iş üzrə birinci instansiya məhkəməsi ona hökm oxuyanda o məhkəmə zalında olmayıb. Xanım jurnalist Ədliyyə Nazirliyinin ona qarşı sərgilədiyi münasibəti Elman Türkoğluna qarşı təkrarlamasını istəmədiyini bildirib. Məhkəmə heyəti vəkillərin vəsatətini təmin edib və prosesi 28 aprelə qədər təxirə salıb.

Elman Türkoğlu Xədicə İsmayılı ona böhtan atmaqda günahlandırır. O, jurnalistin Facebook sosial şəbəkəsində yaydığı məlumatı özünün şəxsi həyatına müdaxilə kimi qiymətləndirib. Bakı İstintaq Təcridxanasında keçirilən məhkəmədə hakim şikayəti təmin edərək jurnalisti 2500 manat cərimələyib. Xədicə İsmayıl ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirir.

http://www.meydan.tv/az/site/politics/5561/X%C9%99dic%C9%99-%C4%B0smay%C4%B1l–%C5%9F%C3%BC%C5%9F%C9%99-kameraya-sal%C4%B1nd%C4%B1-(V%C4%B0DEO).htm 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button