Xədicə İsmayılova təkrar həbs olunacağının mümkünlüyünü bildirib

Araşdırmaçı jurnalist Xədicə İsmayılova təkrar həbs olunacağının mümkünlüyünü bildirib. O, “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib ki, artıq iki həftədir ki, müxtəlif mənbələrdən ehtiyatlı olması ilə bağlı xəbərdarlıq alır.

“Deyirəm ki, ehtiyatlı olub nə edim? Mən nə edirəm ki, onu etməyim. Etdiyim iş araşdırmadır. Araşdrıma işində də qeyri-qanuni heç nə yoxdur. Hamı bilir ki, mən hər hansı qrant almıram və pul işi ilə məşğul olmuram. Bu, özüm üçün əvvəlcədən qoyduğum qaydadır. Bunu uydururlarsa, bu o deməkdir ki, yalançı bir əsasla yeni bir cinayət işi tikirlər. O cinayət işi çərçivəsində yəqin məni yenə həbs etmək istəyirlər. Görək, indi ortalığa nə çıxarırlar?”, – o sual edib.

Jurnalist cinayət işinin hansı orqan tərəfindən qaldırılması barədə məlumata malik deyil.

“Ancaq bank hesablarımın ard-arda bağlanması göstərir ki, burada müxtəlif qurumlar tərəfindən koordinasiya olunmuş bir iş var. Başqa məsələlər də var idi. Amma indi bunu əlaltı qəzetlərinə ötürürlər, deməli, ciddi şəkildə zəmin hazırlayırlar”, – X.İsmayılova qeyd edib.

Onun sözlərinə görə, vaxtaşırı izləndiyini hiss edir, ancaq çalışır ki, evdən tək çıxmasın.

“Ötən dəfə həbs olunanda həm də radioda aparıcı idim. İndi məlumat azlığı şəratində yalnız araşdırma işləri ilə məşğulam. Ümid edirəm ki, mən yenidən həbs olunsam dostlarım, həmkarlarım bu işi tam gücü ilə davam etdirəcəklər”, – o qeyd edib.

Onun sözlərinə görə, dekabrın 4-də Beynəlxalq Bankdakı hesabına həbs qoyulub.

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Azərbaycan hökumətinin Beynəlxalq Bankda cəriməni ödədiyi hesabıma dekabrın 4-də Vergilər Nazirliyinin tələbi əsasında Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən həbs qoyulub”, – X.İsmayılova bildirib. Onun sözlərinə görə, Vergilər Nazirliyi “Azadlıq” radiosunun boynuna qoyduğu vergiləri Xədicə İsmayılovadan da tələb edir.

O bildirib ki, Avropa məhkəməsinin qərarına əsasən ödənilən kompensasiya sanksiya, həbs, cərimə predmeti ola bilməz. “Mən bununla və bank hesabıma həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edəcəm. Beynəlxalq Bank (daha əvvəl Kapital Bank etdiyi kimi) bank sirrini pozaraq fərdi hesabım barədə məlumatı Vergilər Nazirliyinə ötürüb”, – o qeyd edib.

Onun sözlərinə görə, hesabına həbs qoyulmasının səbəbi kimi göstəririlər ki, Vergilər Nazirliyi guya Azadlıq radiosunun ödəməli olduğu vergiləri ondan tələb edir.

Analoji həbs “Azadlıq” radiosunun da hesabına qoyulub.

X.İsmayılova eyni tələbin həm ona, həm də “Azadlıq” radiosuna irəli sürülməsini absurd adlandırıb. O xatırladıb ki, “Azadlıq” radiosunda maliyyə vəzifəsi tutmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button